Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (17-12-2015, 12:14)
Vahid Əhmədov 2-ci sərt devalvasiya ehtimalından danışdı

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov “Qafqazinfo”ya müsahibə verib.

Mediatv.az toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

- Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə açıqlama verib. Neftin qiyməti sürətlə düşməkdə davam edir. Bütün bunlar ikinci devalvasiyanın baş verməsini şərtləndirirmi?

- Manatın vəziyyəti birbaşa neftin qiymətindən asılıdır. Biz 2016- cı ilin dövlət büdcəsini müzakirə edəndə neftin qiymətini 50 dollar müəyyənləşdirmişik.  2015- ci ilin dövlət büdcəsində isə bu rəqəm 90 dollar idi.  İndi isə neftin qiyməti təxminən 40 dollardan da aşağıdır. “AzerLight” markalı neftin qiyməti təxminən 38 dollardır.  Düzdür, dövlət başçısının göstərişinə uyğun olaraq əhalinin sosial vəziyyətini nəzərə alaraq Mərkəzi Bank  manatın məzənnəsini qoruyub saxlamağa çalışır.  

21 fevralda devalvasiya oldu, manat 35 faiz dəyər itirdi. O zaman da bunu qəbul etmirdik. Çünki bu cür devalvasiyanın tərəfdarı deyildik.  Daha çox yumşaq, üzən məzənnə siyasətinin tərəfdarı idik. İndi də manatın  qiymətinin qorunub saxlanılması neftin qiymətindən birbaşa asılıdır.  Mən bir neçə dəfə təklif etmişəm ki, manatı üzən  məzənnə siyasəti ilə tənzimləmək lazımdır. Gec-tez manat bazarda öz dəyərini almalıdır.  Neftin qiyməti ola bilsin ki 38 dollardan da aşağı düşsün, ya da qalxsın. Amma biz öz milli valyutamızı qoruyub saxlamaq üçün manat bazar dəyərini tapmalıdır. İkincisi isə, manatın məzənnəsinin düşməsi Azərbaycana ixrac yönümlü məhsulları  artırır. Dövlət başçısının hökumətə göstərişləri var. O da çıxışlarında neftin hasilatının aşağı düşdüyünü, qiymətində problemlər yarandığını qeyd edir. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır ki,  gələcəkdə də manatı qoruyub saxlaya bilək. Sənaye, turizm, kənd təsərrüfatı, insan kapitalı sahələrinə diqqət artırmaq lazımdır .

Belə hesab edirəm ki, indiki vəziyyətdə manatı qoruyub saxlamaq çox çətindir. Təsəvvür edin ki,  devalvasiyadan qabaq Mərkəzi Bankın ehtiyatı 15 milyard manat idi. İndi isə valyuta ehtiyatlarımız 6 milyard manata düşüb.  Uzun müddət də azalma prosesi gedə bilməz. Çünki Mərkəzi Bank valyuta ehtiyatlarını qoruyub saxlamalıdır ki, digər banklara yardım edə bilsin. Neftin qiyməti çox aşağı düşsə, birdən-birə  şok terapiyası yaranmasın deyə üzən məzənnə siyasətinə keçmək lazımdır.

 - İlk devalvasiya insanlarda şok vəziyyəti yaratdı. Çünki heç kim gözləmirdi. Amma indi hər kəs devalvasiyanın olacağını hiss edir. Sadəcə tarix dəqiqləşməyib... 

- Mən həmişə deyirəm ki, devalvasiyasız mümkün deyil. Çünki manat öz qiymətini bazarda almalıdır.  Devalvasiya prosesi tək Azərbaycanda getmir. MDB ölkələrinin əksəriyyətində bu proses baş verdi. Ancaq biz devalvasiyaya iki il bundan əvvəl başlasaydıq, insanlar bunu o qədər də hiss etməyəcəkdilər. Devalvasiyadan sonra  banklarda da vəziyyət gərginləşib. Bu prosesdən uduzan banklar var. Onların taleyi necə olacaq?  Bankların özlərinin bu gün köməyə ehtiyacı var. Biz həmişə deyirik ki, bank faizləri yüksəkdir, insanları kreditləri qaytara bilmirlər. Amma araşdırmaq lazımdır ki, bankların özünün vəziyyəti necədir? Niyə faizləri yüksək verirlər? Likvidlik niyə aşağıdır?  

Bu yaxınlarda dövlət başçısı 2016- cı ilin dövlət büdcəsini təsdiq etdi. Sərəncamda bir sıra nazirlərə çox ciddi tapşırıqlar verib və orada tapşırıqların hansı vaxtda yerinə yetirilməsi məsələsi də öz əksini tapıb.  Məsələn,  dövlət şirkətləri arasında olan kredit borclarının həll edilməsi məsələsi, banklarda islahatlar, əmanətlərin faiz məsələsinə baxılması, o cümlədən kənd təsərrüfatına subsidiyaların təyinatı üzrə verilməsi  və. s kimi ciddi məsələlər hökumət qarşısında qoyulub. Bunlar yerinə yetirilsə, 2016- cı ildə Azərbaycanda ciddi problem olmamalıdır. 

- Sizin proqnozun nədir? Manat dollar qarşısında nə qədər dəyər itirə bilər?

- Bunları hesablamaq lazımdır. Çünki bu proses neftin qiymətindən asılıdır. Deyirlər ki, 1 manat  2 dollar olmalıdır. Bilirsiniz, bunu demək çətindir. Ola bilsin ki, bir-iki aydan sonra neftin qiyməti qalxsın. Çünki proqnozlar nikbindir. İran nefti yanvar ayından başlayaraq bazara çıxacaq. 

Rusiya dövləti həmişə büdcə qəbul olunanda üç illik proqnozlar verirdi.  Artıq bir illlik proqnoz verirlər.  Dünyada gedən siyasi, iqtisadi və müharibə prosesləri, bəzi dövlətlərə tətbiq olunan sanskiyalar neftin qiymətinə təsir edir.

 - Yeri gəlmişkən, Rusiya rəsmiləri neftin qiymətinin 30 dollar olacağı halda planların necə olacağını açıqlayırlar. Azərbaycanın 2016- ci ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Büdcəyə yenidən baxıla bilərmi?

- Biz ilk dəfə olaraq Dövlət Neft Fondundan  büdcəyə transferti 5 milyard azaltmışıq. Bunu müsbət qiymətləndirirəm. Sadəcə 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11 milyard manat transfert edilmişdi.  Dövlət Neft Fondunda ehtiyatı gələcək nəsillər üçün saxlamaq məqsədilə dövlət başçısı belə bir qərar qəbul edib. Əgər neft kəskin aşağı düşərsə, iki variant olacaq. Ya büdcəyə may-iyun ayında yenidən baxılmalı,  ya Dövlət Neft Fondunun ehtiyatından dövlət büdcəsinə transfert edilməli, ya da ki bir sıra layihələr dayandırılmalıdır. 2016- ci ilin dövlət büdcəsində iki böyük qlobal  layihənin icrası  məsələsi var.  Bunlardan biri Bakı-Qars dəmiryolunun çəkilməsidir ki, bu da 2016- cı ildə yekunlaşmalıdır. Digəri isə TANAP layihəsidir. Bu layihə bizim çox önəmlidir.  İqtisadi layihədən çox siyasi layihədir.  Hətta bu layihənin başa çatmasını tezləşdirmək istəyirlər.  Bilirsiniz ki, bununla bağlı Türkiyə rəsmiləri Azərbaycana səfərlər etdilər. Amma 2016- cı ilin büdcəsində sosial  tərəfə ümumiyyətlə toxunulmayıb.  Hətta artımlar da var. Əməkhaqqı, pensiyalar, sosial müavinətlər, məktəb və xəstəxana tikintisi bunlar hamısı həyata keçiriləcək. 

- Qeyd etdiyiniz  kimi, qonşu ölkələrdə də devalvasiya prosesi baş verir. Amma onlarda bir o qədər panikaya səbəb olmur. Bizdə isə devalvasiya prosesi avtomatik olaraq inflyasiya prosesi ilə paralel gedir ki, bu da əhalinin narazılığına səbəb olur...

- Tamamilə düzdür. Bizdə 21 fevral devalvasiyasından sonra insanlarda bir balaca narahatlıq yarandı.  Bu narahatlıq bu gün də var. İnsanlar müəyyən qədər banklara etibar etmədilər. Dövlətin əsas atributlarından biri də onun milli valyutasıdır. Milli valyutaya etibarlılığı qoruyub saxlamaq lazımdır.  Devalvasiyaya qədər banklarda olan əmanətlərin 80 faizi manatla, 20 faizi isə dollarla idi. İndi isə əksinədir.  Bu çox ciddi problemdir. Ona görə də burada qiymət siyasətini tənzimləmək bir qədər çətindir.  Manat azaldığı üçün çox vaxt qiymətlərə dəyə bilmirlər. Mənə sual verirlər ki, neftin qiyməti aşağı düşür, amma benzinin qiymətini aşağı salmırlar.  Digər dövlətlərdə  neftin qiyməti aşağı düşəndə başqa qiymətlər də aşağı düşür, amma Azərbaycanda düşmür. Yəni bu proseslər bir-biri  ilə bağlıdır. Ona görə də birini qaldırıb, digərinin qiymətini aşağı salmaq bir qədər çətindir. Manatın dövriyyədə çox olması üçün buna getmirlər.

Son vaxtlar dövlət başçısı tərəfindən dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı sərəncam verildi.  4000 adda dərmanın qiymətində azalma baş verdi. Düzdür, bəzi möhtəkirlər buna əməl etmirlər. Amma  məsələ öz həllini tapacaq, çünki orqanlar tərəfindən yoxlamalar aparılır.

- Mərkəzi Bankın devalvasiya qərarına yəqin ki, Federal Rezerv Sisteminin uçot dərəcəsini qaldırmaqla bağlı qərarı da təsir göstərəcək...

- Bu qərar da mütləq manatın məzənnəsinə və bütün dünyaya öz  təsirini göstərəcək. 

- Birinci devalvasiya baş verəndə ilk açıqlamanızda Mərkəzi Bankın sədri Elman Rüstəmovun istefa verməsi çağırışı ilə çıxış etmişdiniz. Maraqlıdır ki, ikinci sərt devalvasiya baş versə,  bu dəfə reaksiyanız  necə olacaq?

-Bilirsiniz, mən birinci devalvasiyanın da tərəfdarı olmamışam. İndi də devalvasiyanın sərt şəkildə aparılmasının tərəfdarı deyiləm. Mən üzən məzənnə siyasətinin, yumşaq devalvasiyanın tərəfdarıyam. Çünki cəmiyyət bunu az-çox qəbul edir. Siz fikir verirsiniz ki, iki-üç qəpik artım olanda insanlar təlaşlanır. Mən Mərkəzi Bankın rəhbəri ilə əlaqadar öz fikrimi demişəm. O, çox savadlı bankirdir. 1992- ci ildən onu tanıyıram. Bir yerdə işləmişik. Azərbaycanda makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün əlindən gələni edib.  Amma onun sərt devalvasiyasını seçməsini mən başa düşə bilmədim.  Bu gün də bunu başa düşmürəm. Amma inanmıram ki, yenidən ikinci sərt devalvasiya prosesi Azərbaycanda baş versin. Ola bilər ki, sərt devalvasiya yox, yumşaq devalvasiya olsun.

- SOCAR prezidenti də şirkətin xərclərinin sıfıra endirilməsi qərarını verdi. Dövlətin əsas qurumlarından olan SOCAR-da vəziyyət bu qədər gərgindirsə, başqa qurumlardakı vəziyyəti  necə təsəvvür edirsiniz?

-Bütün dövlət və qeyri-dövlət qurumları, o cümlədən Azərbaycan vətəndaşları bilməlidir ki, dünyada çox ciddi iqtisadi problemlər var. Bu problemlər 2015- ci ildə o qədər də hiss olunmurdu. Amma 2016- ci ildə neftin qiymətində ciddi azalmalar getsə, müharibələr davam etsə, əlbəttə, iqtisadi vəziyyət yaxşı olmayacaq. Ona görə də hər kəs öz yorğanına görə ayağını uzatmalıdır.  Ailə büdcəsinə də diqqət yetirmək lazımdır.

SOCAR Azərbaycanın dövlət büdcəsinin əsas təminatçılarından biridir.  SOCAR da, digər qurumlar da xərclər məsələsinə baxmalıdır. Ola bilər ki, hardasa müəyyən ixtisarlar gedəcək. Bu adi haldır. Amma dövlət başçısı son zamanlar əsas diqqəti sahibkarlığın inkişafına yönəldir.  Biz istəyirik ki, kiçik və orta sahibkarlıq ölkədə inlkişaf etsin. Əhali daha çox bu sahəyə yönəlsin.  Dövlət büdcəsinin neftdən asılılığını azaltmaq lazımdır.  Bunu etməsək, istənilən vaxt neftin qiymətində sıçrayışlar olanda problem yarana bilər. Özü də  təkcə neftin  qiyməti düşmür ki, eyni zamanda hasilat da azalır.  2011- ci ildə Azərbaycan 46 milyon ton neft çıxardırdı.  Hazırda isə 41 milyon ton neft hasil edir. Düzdür, indi biz onun müəyyən hissəsini qazla əvəzləyəcəyik.  Amma bu  o qədər də problemi örtə bilməyəcək. 

- Burdan belə düşmək lazımdır ki, ixtisara düşən insanlar işsiz qalmamaq üçün sahibkarlıq sahəsinəmi yönəlməlidir? 

- İndi dövlət başçısı Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı qərar verdi. İki operativ xidmət yaradıldı. Dünya təcrübəsi də göstərir ki, daxili və xarici təhlükəsizlik məsələləri ayrı sahələrdir. Orada da müəyyən yığcam ştatlar olmalıdır. Dövlət Təhlükəsilik Xidməti bəyan edir ki, rayonlarda artıq regional idarələr yaradılmalıdır. Hər rayonda idarənin olmasına ehtiyac yoxdur. Tamamilə doğru qərardır. Azərbaycan balaca bir dövlətdir. 9 milyon yarım əhalisi var. Nə olub elə biz şişirdə-şişirdə gedirik? Nazirliklərə gəlincə, Azərbaycanda bu qədər nazirlik saxlamağa gərək yoxdur. Onların ixtisarına, birləşməsinə çox böyük ehtiyac var. Müasir şəraitə uyğun strukturlar qurulmalıdır. Düzdür, dövlət başçısı mütəmadi olaraq  bu işə baxır. Artıq çevik hökumətə çox böyük ehtiyac var. 

-  Neftin qiymətinin azaldığı, manatın vəziyyətinin yaxşı olmadığı bir vəziyyətdə Azərbaycanda İnzibati Xətalar Məcəlləsində bir sıra cərimələrin miqdarı artırılır. Belə hesab edilir ki, bu vətəndaşa ziyan hesabına başa gəlsə də, büdcəni doldurmağa xidmət edirsə, bunu hardasa başa düşmək olar. Amma əminikmi ki, bu məbləğlər ayrı-ayrı cibləri doldurmayacaq? 

- Ümumiyyətlə, son 10 ildə neftin qiymətinin yüksək olması Azərbaycan dövlətində, istər məmurlarla, istərsə də vətəndaşlarda bir rahatlıq yaratmışdı. Çox vəsait olduğu üçün insanlar özlərini rahat hiss edirdilər.  Amma fikirləşmək lazım  idi ki, belə bir gün də gəlib çıxa bilər. Biz əsasən İnzibati  Xətalar Məcəlləsinə dəyişiklik edirik, müəyyən cərimələri artırırıq. Dövlətin qayda-qanunları var. Onlara riayət etmək lazımdır. Bizim qəbul etdiyimiz qanunlarda cərimələrin artırılması daha çox hüquqi şəxslərə şamil edilir. Bəziləri elə başa düşür ki, bu dövlət büdcəsini doldurmağa yönəlib. Xeyr. Oradan elə də böyük vəsait büdcəyə daxil olan deyil. Amma qayda-qanuna əməl etmək lazımdır. 

- Qayda-qanun olmalıdır. Amma zamanlama məsələsində məntiqsizlik var. Məsələn, ictimai yerlərdə siqaret çəkilməsinə görə cərimələrin miqdarının artırılması nəzərdə tutulub. Bu elə bir məsələdir ki,  onun cəriməsini beş il bundan əvvəl də artırmaq olardı. Niyə məhz indi? 

-Bilirsiniz , mən başa düşürəm sizi, deyəcəksiniz ki, bu iqtisadi vəziyyətlə bağlıdır.  Azərbaycan Avropaya inteqrasiya edən dövlətdir.  Görürsünüz ki, Avropa ölkələrində bir sıra məqamlarla bağlı qanunlar qəbul edilir. Məsələn, spirtli içkilərlə bağlı . Bütün bunlar hamısı öyrənilir, baxılır.  Hansı Azərbaycanın mentalitetinə uyğundursa, İslam dininin qaydalarına zidd olan hadisələrdirsə müəyyən qanunlar qəbul edilir. Məsələn, Dini birliklər və ictimai qurumlar komitəsinin sədri Siyavuş Novruzov müsahibəsində dini mərasimlərlə bağlı fikirlərini söylədi. Komitənin sədri Mübariz Qurbanlı da fikirlərini səsləndirdi. 

Bilirsiniz, biz mərasimlərə həddən artıq xərc çəkirik. İndi Siyavuş müəllim deyir ki, bununla bağlı qanun hazırlamalıyıq. Görünür, insanlar başa düşmürlər də. Mən başa düşürəm ki, rəhmətə gedənin süfrəsində nəsə olmalıdır. Halva, çay, limon və.s Amma daha süfrədə portağaldan tutmuş banana qədər hər şey qoymaq düzgün deyil. Ona görə də belə bir qanunun qəbul edilməsini müsbət qarşılayıram.

 - Cahangir Hacıyev həbsdən vəkili vasitəsilə Beynəlxalq bankda baş verən hadisələrə görə Maliyyə Nazirliyini ittiham etdi. Bildirdi ki, nazirlik  bankın Müşahidə Şurasında təmsil olunurdu. Niyə indiyə kimi  kreditlər məsələsinə nəzarət etmirdi? Siz necə düşünürsünüz?

 - Hazırda istintaq gedir. Bunun yekunlarını gözləmək lazımdır. Amma verilən kreditlərlə əlaqədar bank özü birbaşa məsuliyyət daşıyır. O kreditlər necə verilib, kimin göstərişi ilə verilib, kreditlər vaxtında geri qaytarılmayıbsa,  niyə tədbir görülməyib  və s kimi məsələlər araşdırılmalıdır.

Ümumiyyətlə, banklarla bağlı bu yaxınlarda mən təklif  vermişəm. İki məsələ məni narahat edir. Biri banklardakı islahatlar, biri də sənayenin inkişaf etdirilməsi ilə bağlı. Xahiş etdim ki, Milli Məclisdə bununla əlaqədar xüsusi iclaslar keçirilsin.

 - ABŞ-ın “Global Financial İntegrity” təşkilatı 2004-2013- cü illər arasında xaricə kapital axını həyata keçirən ölkələrin siyahısını açıqladı. Azərbaycan siyahıda 17-ci yerdədir. Məlum olub ki, ümumilikdə hər ilə 9 milyarda pul olmaqla, cəmi 95 milyard manat ölkədən çıxarılıb. Bu çox ciddi rezonans doğura biləcək bir hesabat idi. Amma məsul qurumlar bununla bağlı açıqlama vermədilər...

- Baxmaq lazımdır ki, bu kapital axınının strukturu nədən ibarətdir.  Hər kapital axınının Azərbaycandan düzgün çıxarılmadığını demək olmaz.  Bəlkə müəyyən əməliyyatlar, alqı-satqı işləri, ticarət əlaqələri qurulur.  Bir də var ki, bu kapital axını ofşor zonalara gedir. Hansısa məmurun, sahibkarın hesabına yatırılır.  Azərbaycanın inkişafı üçün istifadə edilmir. Ümumiyyətlə, Azərbaycanda məmur- biznes məsələsinə baxılmalıdır.  Məmur bizneslə məşğul ola bilməz.  Bizneslə məşğul olarsa, əlbəttə özü üçün şərait yaradacaq.  Bizneslə məşğul olan məmur ya məmurluğu atmalıdır, ya da biznesi.  Məmur Azərbaycan hökuməti, xalqı qarşısında cavab verməlidir.

- Belə iddia edilir ki, sizin  də vurğuladınız ikinci variant daha realdır.  Yəni çıxarılan pulların ofşor zonalara axması məsələsi. Çünki Azərbaycanda qeyri-neft sənayesi, o cümlədən sahikarlıq mühiti o qədər inkişaf etməyib, böyük iş adamları yoxdur.  95 milyard pul o qədər böyük məbləğdir ki, bunun yarısı belə ölkənin inkişafına nə qədər xidmət edə bilərdi...

- Biz bir neçə il bundan əvvəl Mərkəzi Bankın tərkibində monitorinq qrupu yaratmışıq.  Qrupun əsas məqsədi Azərbaycandan xaricə gedən kapitalların xüsusi monitorinqini  aparmaqdır.  Mən inanmıram ki, Azərbaycandan çıxan vəsaitlərdən Mərkəzi Bankın xəbəri olmasın. Azərbaycandan xəbərsiz heç nə çıxartmaq mümkün deyil.  Araşdırmaq lazımdır ki, hər il 9 milyard pul Azərbaycandan necə çıxarılıb,  hansı istiqamətə xərclənib, onun nə qədəri ofşor zonalarda yerləşdirilib.  Bunlar çox ciddi məsələlərdir. Bu məsələlər bütün dünyada var. Rusiyadan 100 milyardlarla pul çıxarılıb.  Burada maraqlı qüvvələr ar. Bunun qarşısını da birdən-birə almaq çox çətindir.  Mən neçə ildir ki Azərbaycanda maliyyə ambisiyasının qəbul edilməsi barədə məsələ qaldırıram.  Bun  insanlar vəsait qazanıblar və onları aparıb xaricdə saxlayıblar. Həmin vəsaitləri Azərbaycana gətirmək lazımdır.  Qanunda elə şərt qoyulmalıdır ki,  daha o pulu məmur özü üçün yox, Azərbaycan dövləti üçün istifadə etsin. Biz də həqiqətən bilək ki, bu insanlar həqiqətən də milyarderdirlər. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024