Region (3-12-2015, 17:50)
Hafiz Hacıyev Nardaran hadisələrini Eldar Mahmudova bağladı
Mediatv.az xəbər verir ki, Ölkə.az-ın əməkdaşları fərqli fikirləri və emosianal çıxışları ilə həmişə diqqət çəkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qonağı olub. Ampluasına sadiq qalan Hafiz Hacıyev jurnalistlərə maraqlı söhbətlər edib, türkün sözü, çarpıcı açıqlamalar verib. Həmin müsahibəni kiçik ixtisarla təqdim edirik:
Partiyasının vəziyyəti ilə bağlı danışan H.Hacıyev deyib:
- Partiyamızı çox yüksək səviyyəyə gətirib çıxarmışıq. Yalandan başqaları çox şey deyə bilər. Ancaq inanmıram Azərbaycanda bizim qədər təşkilatlanmış partiya olsun. Həyatımızı bu partiyaya həsr etmişik. Səhər saat 10-dan axşam saat 6:30-a qədər işdə oluruq. Rayon təşkilatlarımız çox güclüdür. Biz elə bir siyasi xətt götürmüşük ki, bu xətt Azərbaycan ictimaiyyətini qane edir. Heç vaxt bu hökuməti tərifləməmişəm, razı olmamışam. Ancaq İlham Əliyevi müdafiə edirəm. 3 dəfə prezidentliyə namizəd olmuşam. Mənim bir üzüm var. Nə yaltaqlığı bacarmıram, nə də riyakarlığı bacarmıram. Yeganə partiyayıq ki, idarə heyətində 4 nəfər professor var. Bəziləri yalandan deyə bilər, ancaq reallıq başqa şeydir.
Bəzi partiyalar var qışda partiyanın idarə heyətinin iclasını keçirir, şəkillərə baxırsan hamısı qoluaçıq. Gülüncdür. Heç olmasa uzunqollu şəkillərini yayımlasınlar. Bizim mitinqləri də gördülər. Düzdü dedilər, bunu hakimiyyət təşkil edib, ancaq elə deyildi. Bu bizim real gücümüz idi.
Bəzən insanlar dövlətçiliklə hakimiyyəti qarışdırırlar. Maariflənmə işi düzgün aparılmır. TV-lər üzümüzə qapanıb. Yaxşı ki, internet mediası var. Mən niyə prezidenti müdafiə edirəm? Ona görə ki, prezident dövlətin atributudur. Heç gör, Abid Şərifovu müdafiə edərəm? Yox. Heç gör, Elman Rüstəmovu müdafiə edərəm? Yox. Elman Rüstəmovun qızı xaricdə milyonları göyə sovurur.
Əbülfəz Elçibəyin bizə tövsiyyəsi nə idi? Tövsiyyəsi o idi ki, kimliyindən aslı olmayaraq dövlətçiliyi qoruyaq. İndi dövlət başçısı İlham Əliyevdir, sabah Heydər Əliyev olacaq. Pis və yaxşı məmurlar var. Banklarda kreditlə bağlı problem olanda dedim, nazirlərin 2-3 villası satılsın, o pul ödənilsin. Nazir tanıyıram, villalalarının dəyəri 2-3 milyarddır. Biz dövlətimizi müdafiə edirik. Hakimiyyətin içərisində yaltaq, milliyəti bəlli olmayan adamlar çoxluq təşkil edir. Bunu deməkdən qorxmuram, çəkinmirəm. Mənə deyirlər, səsini kəs. Mən səsimi kəsim İlham Əliyevi təkləsinlər? Mümkün olan şey deyil. Sabah bax elə siz dövlətçiliyimizə təhlükə yaratsanız başınızın üstünü qaraquş kimi biz alacağıq.
- Partiyanızı nə ilə dolandırırsınız?
- Mən uzun müddət böyük vəzifələrdə işləmişəm, yaxşı dostlarım var. Partiyadan 6-7 nəfər maaş alır. Əgər bu qədər vəzifələrdə olmuş adam kimi onlara maaş verə bilməsəm yaşamağım mənasızdır. Əziyyət çəkməyi sevən bir insanam. Çalışıram gecə-gündüz ki, partiya üzvlərinə kömək edim. Oturduğumuz qərargah baha qiymətə başa gəlsə də saxlayırıq. Ancaq partiyalar var, heç qərargahı yoxdur. Bir özüdür, bir də papkası. Sonra da deyirlər, hökumətlə dialoqa gedək. Sən kimsən axı dövlətlə dialoqa girəsən?
- Prezident seçkilərində iştirak etdiniz. Çoxları gözləyirdi ki, parlament seçkilərinə qatılacaqsınız, hətta deputat seçiləcəyiniz də deyilirdi. Niyə namizədliyinizi vermədiniz?
- Partiyamız bundan əvvəlki seçkilərdə iştirak etdi. Bizə qarşı ədalətsizlik oldu. Açığını deyim ki, müəyyən dairələrdə Hafiz Hacıyevə qısqanclıq var. Mənim dövlət başçısını hərtərəfli müdafiə etməyim hakimiyyətin daxilindəki bəzi qüvvələrin xoşuna gəlmir. Mənim çəkdiyim cəzalar, ağrılar İlham Əliyevin ağrılarıdır. İlham Əliyevin ətrafında olan adamlar deyir, niyə prezidenti bu qədər müdafiə edirsən? Hamısı çalışır ki, məni İlham Əliyevlə üz-üzə qoysun. Bu isə mümkün olan məsələ deyil. Bu seçkilərdə istədilər namizədliyimi verim, sonra seçilməyim. Prezident seçkilərində axırdan ikinci yeri tutmuşamsa, elə o say hesabı gəlib 4 deputat yeri edirdi. Bunlar istəyirdi ki, məni İlham Əliyevdən küsdürsünlər. Ona desinlər ki, "Hafizi deputat etmədik deyə, görün, hansı yollara əl atdı". Bu məsələ idarə heyətində, siyasi şurada müzakirə edildi. Qərar verdik ki, parlement seçkilərinə getməyək. Prezident seçkilərinə hazırlaşaq. Mənim bir amalım var, ölkədə sabitlik olsun, sabitliyə qarşı çıxan alaq otlarının isə kökünü kəsmək lazımdır.
Hafiz Hacıyev 1 mandata görə İlham Əliyevdən inciyən deyil. Əksinə, onun apardığı xəttə daim dəstək verəcəyik. Hakimiyyətin daxilində bəzi qüvvələr İlham Əliyevlə mənim aramı vurmaq istəyir. Nə qədər həyatım var, İlham Əliyevlə bir yerdə olacam. Cəmil Həsənliyə o faktların hamısını prezidentin ətrafındakı insanlar vermişdi.
Bu gün biz müxalifətdəyik. Hökumətdəkiləri qəbul etmirəm. Hakimiyyətdə olan bəzi qüvvələr xəyanətlə məşğuldur. Onların bariz nümunəsi Eldar Mahmudov, Əli Abbasovdur. Niyə mən hər gün deyirəm ki, Eldar Mahmudovun siyahısı üzə çıxsın. Biz görək ki, o siyahıda dövlətə, millətə xəyanət edən kimlərdir. Eldar Mahmudov dövlət çevrilişi edib tək oturası deyildi. Eldar Mahmudov bir kresloda oturacaqdı. Bəs dövlət başçısı, baş nazir və digər nazirlər kim olacaqdı? Eldar Mahmudovun siyahısı üzə çıxmasa ölkədə sabitlik olmayacaq. Nardaran hadisələrini 10 gün öncədən görürdüm. Mətbuatda açıqladım ki, Eldar Mahmudovun komandası bu hadisələri unutdurmaq üçün müəyyən təxribatlara əl atacaqlar və baş verənləri hər kəs gördü.
- Deyirsiniz ki, Nardaran hadisələrində Eldar Mahmudovun əli var?
- Eldar Mahmudov özü, onun ətrafı və onun siyahısında olan adamlar böyük siyasi fəaliyyətdədirlər. Nə qədər ki, Eldar Mahmudov və onun siyahısındakı adamlar çöldədir, Azərbaycanda sabitlik olmayacaq. Nardaran hadisələri Eldar Mahmudovun adamlarının birbaşa iştirakı ilə təşkil olunmuş məsələdir. Əgər orada bir təhlükə var idisə, oraya din xadimlərimiz gedərdi. Şeyx gedib onlarla söhbət edərdi. Demək ki, təhlükə yox idi. Bu bir oyun idi. Nardaran hadisələri Eldar Mahmudovun adamlarının gördüyü işin birinci mərhələsidir. Qarşıdan ikinci mərhələ gəlir. Hüquq mühafizə orqanları buna hazır olmalıdır. Biz bunları İlham Əliyevə çatdırmışıq. 150 nəfərdən ibarət ideoloji qrup yaratmışıq. Onlar metroda, marşrutda, xeyir-şər evlərində, bulvarda ideoloji iş aparırlar.
Eldar Mahmudov və onun ətrafındakılar həbs olunmalıdır. Delta Telekomun prezidentinin çıxışına baxanda gördük nələr baş verib. Akif Çovdarov deyir ki, Eldar Mahmudov baş nazir olacaqdı. Sual olunur, bəs prezident kim olacaqdı? Onu ortaya çıxarmaq lazımdır. Biz bir gündə yüzlərlə insanlarla görüşürük. Bizim partiyada istefada olan polis polkovnikləri, MTN-nin keçmiş əməkdaşları var. Bizə hər yerdən məlumat gəlir.
- Parlamentin yeni tərkibi ilə tanışsınız. Cəmil Həsənli seçkilərdən əvvəl parlamentin siyahısını açıqladı. Cəmil Həsənlinin siyahısında cəmi bir neçə ad səhv çıxdı.
- Cəmil Həsənli bunu haradan bilirdi? O siyahını yazan adam Cəmil Həsənliyə o siyahını ötürdü. Bu çox ciddi məsələdir. Azərbaycan balaca bir yerdir. Hamı bilir kim nə ilə məşğul olur. Həmin o siyahını tutan və İlham Əliyevə xəyanət edən adamlar o siyahını Cəmil Həsənliyə ötürdü. Niyə bu gün Cəmil Həsənli mitinqlər etmir? Bu gün Azərbaycanda hər şey əladırmı? Yox. Cəmil Həsənlinin qoyduğu tələblərin hamısı düzəldimi? Yox. Mitinqləri edən kim idi? Eldar Mahmudov, onunla bir olan adamlar. Fəvvarələr meydanında "Əsgər ölümünə son" aksiyalarını kim təşkil etmişdi? Dəfələrlə o zaman dedim ki, bu aksiyalar dövlətin içərisindən idarə olunur. Sözümü eşidən olmadı.
- Ən yaxşı və ən pis deputatlar hansıdır?
- Orada 1-2 nəfərdən başqa adam tanımıram. Tanıdığım, fəaliyyəti olan Əli Hüseynov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Siyavuş Novruzovdur. Spikeri, Ziyafət Əsgərovu və Bahar Muradovanı tanıyıram, orada başqa adlar desək gərək oturub günlərlə araşdırma aparam, sonra biləm onlar kimdir.
- Eldar Mahmudov həbs olundu, ardından da Əli Abbasov işdən azad edildi. Bunların arasında bağlılıq var?
- Mən də nazir olmuşam. Əli Abbasovun xətrini çox istəyirəm bir ziyalı kimi. Görünür Əli Abbasov o qədər zəif nazir olub ki, Eldar Mahmudovun toruna düşüb. Yəqin ki, hardasa Əli Abbasovun səhvləri olub. Eldar Mahmudov Əli Abbasovdan haqq istəyirdisə gərək Əli Abbasov bunu prezidentə məruzə edəydi. Əli Abbasov bunu etməyib, demək Əli Abbasovun haradasa bir cinayəti var, Eldar Mahmudovun da bundan xəbəri olub. O cinayət ortaya çıxmalıdır. Gör bunlar nə qədər qudurublar ki, prezidenti dinləyiblər. Baş prokrorluqda MTN-nə, məhkəmələrə nəzarət idarəsi var. O qurum hara baxırdı? Prezident aparatının hüquq şöbəsi hara baxırdı? Nazirlər kabineti nə işlə məşğul idi? Demək bu qrumlar da prezidentə xəyanət ediblər. Hafiz Hacıyev bunları deyir, Hafiz Hacıyev vəzifə istəmir. Vəzifə verməyin, vəzifəniz başınıza dəysin. Sovetlər dövründə aldığım bir evim var elə orada da yaşayıram. Uşağımı da evləndirmişəm, ona da kirayə ev tutmuşam orada yaşayır. Hafiz Hacıyev balıqçılıq naziri olanda 55 ton qara kürü verdi dövlətə. Azərbaycan balıqçılıq tarixində bu bir ilk idi. Mənim alnım açıqdır.
- Çoxları sizi Jirnoviskiyə bənzədir...
- Jirnoviskini vətənini sevən biri kimi tanıyıram, ancaq axmağın biridir. Ona həmişə təlxək demişəm. O anormal bir adamdır. Ancaq Hafiz Hacıyev həqiqəti deyir. Mən çox sevinirəm ki, məni Jirnovski adlandırırlar. Mən onun kimi xalqımın, millətimin tərəfindəyəm. Vaxtında desəm Eldar Mahmudov dövlət çevrilişi etmək istəyir, hamı deyərdi Hafizin başı xarab olub.
- Bəziləri sizi hakimiyyətin adamı adlandırır. Hakimiyyətin demək istədiyi sözləri sizin dilinizlə dediyi iddia olunur. Siz hakimiyyətin nəyinə lazımsınız?
- Çaqqal-maqqal meşədə ulaşır.
- Hansı müxalifətçilərlə görüşürsünüz?
- Əksəriyyəti ilə görüşürəm. Onlara deyirəm, gəlin yığışaq, prezidentə arxa duraq, artıq islahatlar başlayıb. Azərbaycanda müxalifət yoxdur.
- İqbal Ağazadə deputat seçilmədi, sizcə niyə?
- Eldar Mahmudov məsələsinə görə. Sual vermək istəyirəm, əvvəllər bol-bol danışan Cəmil Həsənli indi niyə danışmır? O birbaşa Eldar Mahmudovun adamı idi. Hakimiyyəti məndən çox tənqid edən var? Niyə özünü milli lider adlandıranlar Türkiyə məsələsində qaçıb gizləndilər? Müxalifət bir dəfə də olsun hansısa məmuru tənqid etmir, ancaq mən hər gün onları tənqid edirəm. Mənə də pul təklif edirlər, getmirəm. Acından öləcəm, Ancaq İlham Əliyevin namını yerə verməyəcəm. Dediyim kimi də yazın, İlham Əliyevin əksinə gedənin anasını ağladacam. Onları Eldar Mahmudovun gününə salacam. Heydər Əliyevin, İlham Əliyevin hesabına çörək tapıb, milyonçu olanlar bu gün onların əleyhinə gedir. Buna imkan vermərəm. Qoy desinlər Hafiz Hacıyevin başı xarabdır. Bildiyim bütün məlumatları İlham Əliyevə çatdıracam. Onlar bütün kanalları bağlasa da bütün məlumatları çatdıracam, heç narahat olmasınlar. Yığışdırsınlar özlərini. Məhv eliyəcəm onları. Eldar Mahmudovun şinelində böyüyənlər, hökumətdən pul dilənənlər müxalifət deyil. Müxalifət bu gün Hafiz Hacıyev və onun partiyasıdır. İlham Əliyevə MTN-nin məlumat çatdırması lazım deyil, biz onlardan güclü işləyirik. Camaatın içərisindəyik, bütün məlumatları İlham Əliyevə çatdırırıq. MTN narahat olmasın.
- Sizə "Balıq Hafiz" deyirlər...
- Çox gözəl. Balıqçılıq üzrə elmlər namizədiyəm. Bəziləri kimi pul verib professor olmamışam. Sank-Peterburqda sovetlər dönəmində müdafiə etişəm. Biologiya üzrə elmlər namizədiyəm. Mövzum isə şoran sularda balıqçılığın yetişdirilməsi olub. Elmi təcrübəmdən istifadə edərək Salyanda, Nefçalada yüz minlərlə ton balıq yetişdirib Azərbaycan xalqına çatdırmışıq. Mənə "Balıq Hafiz" deyənlər bilməlidir ki, SSRİ-də 5 balıqçılıq sənayesi var idi, onların hamısını birləşdirdim. Azərbaycanda 55 ton qara kürü istehsal olundu. Bunu Heydər Əliyev də Milli Məclisdə dedi. Xəzər həmin Xəzərdir, balıqlar da həmin balıqlardır. Bəs indi niyə istehsal etmirlər? Balıqçılıq naziri işləmişəm. "Balıq Hafiz" deməkləri normaldır. "Satqın Hafiz" demirlər ki, "Balıq Hafiz" deyirlər.
Bəzi nazirliklər var ki, heç bir işlə məşğul deyil. Traktorun nömrəsini aparıb hansısa sahibkara vermək nazir olmaq demək deyil. Azərbaycanda kənd təsərüffatı və ərzaq komitəsi yaradılsın. Komitə sədri də olsun baş nazirin birinci müavini. Hafiz Hacıyev də olsun o komitənin başında, ölkənin ərzaq problemini tamamilə həll etsin.
- Elə bir vəzifə təklif olunsa, gedərsiniz?
- Millətim naminə gedərəm. Rüşvət alma, get işlə. İndikilər elə deyil axı. Axşam gedəndə gərək arvadlarına çamadanla pul aparsınlar. Arvadları onları evə qoymaz. (gülürük) Azərbaycanda ərzaq və kənd təsərrüfatı komitəsi yaradılsın, Hafiz Hacıyevi də 6 ay orada sınasınlar. 14-15 ildir siyasətdə sınayırlar. Nə olar ki? Əgər Azərbaycan xalqı yağın, balın içərisində üzməsə, gəlib mənim qulağımı Andranikin qulağı kimi kəssinlər.
- Prezident seçkiləri ərəfəsində Cəmil Həsənli ilə məşhur debatlarınız oldu. Ondan sonra Cəmil Həsənli ilə görüşmüsünüz?
- Yox. Cəmil Həsənli ilə görüşmək fikrim də yoxdur. Cəmil Həsənlinin İlham Əliyevin ünvanına işlətdiyi ifadələri ona bağışlaya bilmərəm.
- Hansısa hadisə baş verməzdən əvvəl ya sonra dəqiq faktlar ortaya qoyursunuz. Çoxları deyir bu materialı MTN-dən ötürürlər sizə.
- Bunu mənə də deyirlər. Özüm ölüm hələ bir dəfə də oradan mənə məlumat verməyiblər. Məndə elə məlumatlar var ki, elə adamlar var ki, onda məlumat var, deyə bilmir, qorxur. Ancaq onu mən deyirəm. Vətən naminə hər şeyə gedirik.
- Parlament seçkilərində ən çox müzakirə olunan dairələrdən biri Araz Əlizadə və İqbal Ağazadənin namizəd olduğu dairə idi. Hər ikisi prezident seçkilərində rəqibiniz olub. Araz Əlizadə qalib çıxdı. Bununla bağlı fikriniz maraqlı olardı.
- Bir misal var, ilanın ağına da lənət, qarasına da. Onun ikisi də bu vətən üçün bir yaralı barmağa... nəysə. Allah rəhmət eləsin, Mahal İsmayılov mənə danışıb. Dedi, İqbal Ağazadəni çağırdılar prezident aparatına, bəzi vədlər verdi. Dedilər, get işlə. İsa Qəmbər, Lalə Şövkət harada ölüblər? Bu ölkənin bundan pis günü olacaq? Araz Əlizadə Ayaz Mütəllibovu satan adamdır. Ondan deputat olar? Heç qardaşı Zərdüşt Əlizadə onu təbrik etmədi. Yaxın günlərdə prezidentlə görüşmək istəyirəm. İlham Əliyevə deyəcəm ki, sizin məmurlar elə siz otağınızdan çıxan kimi, xəyanət edirlər. Mən ideya adamıyam. Kabinetimdəki şəkillərə baxın. Əbülfəz Elçibəyin, Heydər Əliyevin, İlham Əliyevin şəkilləri var. Biz hələ çox papaqları boş qoyacağıq.
- Müxalifət niyə mitinqlər etmir indi?
- Etsinlər dəə. Hacıbala Abutalıbov durub yerində. İcazə alıb mitinq etsinlər. Heç Hacıbala Abutalıbov da ağıllı adam deyil. (gülürük) Çıxsınlar mitinq eləsinlər Hacıbalanı da özlərinə qoşsunlar, onun vəhabi oğlunu da. Onlar düz danışa bilməzlər. Qoy hamı mənə söysün ki, prezidenti müdafiə edirəm. Mən bir nəfəri müdafiə edirəm, ancaq onun ətrafını yox. Prezidentin ətrafında bir neçə nəfərdən başqa hamısı yaltaqdır. Onların bütün zir-zibilini açıb tökəcəm. Mənə yaltaq deyənləri evimə dəvət edirəm. Onlar villada yaşayır, mən "Xruşovka"da yaşayıram. O məmurların hamısını alt-üst etmişəm, edəcəm də. Pis günə qoyacam onları.
- Vaxt ayırdığınıza görə təşəkkür edirik.
- Təşəkkürlər. Ancaq yaman uzun danışdırdın ha məni.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024