Region (11-03-2015, 13:59)
“Onu öldürmək mümkün deyildi“
Mirvari Qəhrəmanlı: “Marqaret Tetçer Azərbaycanda heç zaman “Dəmir Ledi” ola bilməzdi”
Hilda Roberts... Bu ad və soyad sizə heç nə demir. Çünki siyasətdə imzasını və möhürünü başqa cürə qoyub.
Marqaret Tetçer! Hə, yəqin ki, indi aydın oldu. Söhbət Böyük Britaniyanın ilk və yeganə qadın baş nazirindən gedir.
O, siyasətdəki sərt mövqeyinə görə “Dəmir Ledi” ləqəbi ilə tanınıb. Həyatına sui-qəsd olsa da, heç bir zərər görməyib.
Onun rəsmini çəkməyi Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya həvalə etdik.
O da hansısa bir mitinqdə polisin dəyənək və qalxanla kiçik bir kütləyə hücumunu əks etdirən fotonun altında oturaraq, portreti çəkməyə başladı. Dediyinə görə, rənglər qarışmadı, hətta gün işığı düşsə belə, boyalar pozulmayacaq...
- Mirvari xanım öncə M.Tetçerin portretini çəkin...
- M.Tetçerin portretini cızmaq üçün gərək onun qədər bilgiyə malik olasan. “Dəmir Ledi”ni həm əlçətan, həm də əlçatmaz hesab edirəm. Şimali İngiltərənin Qrantem şəhərində doğulub. Atası baqqal idi. Ailəsi varlı olmadığına görə M.Tetçer uşaq yaşlarında əməyə alışmışdı. Onun bir siyasətçi kimi yetişməsində atasının verdiyi məsləhətlərin böyük rolu olub. İnsanın sonradan nəyisə qavraması, əldə etməsi deyilən bir şey yoxdur. Atası lider olmasa da, ancaq qızına bu keyfiyyətləri aşılaya bilmişdi. Siyasətə 14 yaşında qoşulub. 1959-cu ildə - 34 yaşında parlamentə üzv seçilib, 50 yaşında partiyaya, 54 yaşında isə Britaniya hökümətinə rəhbərlik edib.
- Əgər, rəssam olsaydınız, M.Tetçerin həyatından nələri silərdiniz?
- Qadının adına kölgə salan şəxsi həyatında buraxdığı səhvlər ola bilər. M.Tetçer də isə bu, yoxdur. Onun həyatından hansısa anı - istər “Demir Ledi”liyini, istərsə də deyingənliyini çıxartmaq olmaz. Hətta gözügörünməz incə məqamları belə, kəsib tullamaq mümkün deyil. Çünki M.Tetçer bütöv halda “Dəmir Ledi” idi.
- Fransa prezidenti Jiskar d’Esten M.Tetçerlə görüşdən sonra onu belə təsvir edir: “Mən onu maraqlı həmsöhbət kimi görmürəm. M.Tetçer nə kişiyə, nə də qadına oxşayır”.
- Əksini deyənlər daha çoxdur. Onun cazibədar bir xanım olduğunu söyləyənlər də var.
- Bəlkə də M.Tetçer məhz buna görə “qadın öz xarakterini göstərəndə “ləçər”, kişi nümayiş etdirəndə “yaxşı oğlan” adlandırırlar” deyib.
- Kişilər adətən, ağıllı qadınları sevmirlər. Fransa prezidenti də M.Tetçerin xarakterindən irəli gələn hansısa bir şeyi xoşlamadığı üçün belə deyib.
- “Mən əgər 48 nəfərə qarşı gedəcəmsə, vay o 48 nəfərin halına...” - deyən M.Tetçerdə bu, özünəinamın göstəricisidir, yoxsa özündən razılıq əlamətidir?
- Bu, özünəinamdır. O, əmin idi ki, 48 nəfəri susdura, onlara cavab verə biləcək qədər iradəli və ağıllıdır.
- Deyəsən, M.Tetçer “Həyasızlığın qiyməti yoxdur” aforizmini məqamında işlədib...
- O, sadəcə, qarşısındakı insana görə bu cür qiymətləndirmə edib. 48 nəfərə cavab verən qadın bütün həyasızların da öhdəsindən gələ bilər.
- O, SSRİ-ni tənqid edirdi, ancaq Mixail Qorbaçova münasibəti yaxşı idi. Hətta onun barəsində “birgə işləyə biləcəyimiz yeganə adam” ifadəsini də işlətmişdi.
- Zamanında dünyanın başqa güc ölkələri SSRİ-ni zəiflətmək, onun dünyaya hegemonluq iddiasına son qoymaq üçün rəhbərlərini ələ almağa çalışıblar. Ancaq heç bir plan baş tutmayıb. Düşünürəm ki, burada M.Tetçer Mixail Qorbaçovdan daha çox onun xanımı Raisa Maksimovnayla münasibətlərini istiləşdirib. Çünki o da güclü qadın idi, həyat yoldaşına təsir etmək imkanları vardı. Mərkəzi Komitənin o biri baş katiblərinin xanımları nə siyasətə, nə də ərlərinə təsir etmək gücündəydilər. Marqaretin nifrət etdiyi kommunizmin dağılmasında bu, ən yaxşı vasitə idi. Ona görə də, Qərb liderləri arasında M.Qorbaçovla ilk görüşən liderlərdən biri M.Tetçer oldu.
- Demək istəyirsiz ki, SSRİ-ni iki qadın - Marqaret Tetçer və Raisa Maksimovna yıxdı?
- M.Tetçerin yaxşı bir sözü var. Məsləhətləşmək istəyirsənsə kişilərlə, bir işi reallaşdırmaq üçün isə qadınlarla çalış.
- Azərbaycanda yaşasaydı, M.Tetçer “Dəmir Ledi” ola bilərdi?
- İnanmıram. Burada mühit də rol oynayır. Azərbaycanla İngiltərəni müqayisə etmək olmaz. Azərbaycanda hansısa ailədə M.Tetçer doğula, siyasətdə müəyyən qədər irəli gedə bilər, ancaq onun önə çıxması mümkün deyil. İstər indiki dövrü, istərsə də sovet vaxtını nəzərə alsaq, M.Tetçer Azərbaycanda heç zaman “Dəmir Ledi” ola bilməzdi.
- Marqaret Tetçer və Bənazir Bhutto... Şərqlə Qərb arasında oxşarlıqlar var?
- Yox... Məncə, müqayisə etmək olmaz. M.Tetçeri B.Bhutto kimi öldürmək mümkün deyildi. 1984-cü ildə onun da həyatına qəsd etmək cəhdi reallaşdırıldı. “İrlandiya Respublika Ordusu” adlanan terror təşkilatının üzvləri Mühafizəkarlar Partiyasının konfransının düzənləndiyi Brayton otelinə bomba qoydular. Baş vermiş partayış nəticəsində beş nəfər həyatını itirsə də, “Dəmir Ledi” zərər çəkmədi. Marqaret cəsarətli və riskə gedən bir xanım idi. Bu iki qadını müqayisə edəcək ortaq nöqtə yoxdur.
- Cizdiyiniz portretdə rənglər qarışmadı, boyalar yerindədi?
- M.Tetçerin xarakterizə olunan cizgilərini çalışdım ki, çox ustalıqla, yaxşı rəng və fırça seçməklə, elə çəkim ki, üzərinə nə gün işığı düşəndə, nə də su töküləndə boyalar bir-birinə qarışmasın.
- Bəs, o karikaturası çəkilməyə layiq insandı?
- Mən onu hətta dostluq şarjına da layiq görməzdim. Çünki dünyada ikinci “Dəmir Ledi” yoxdur və olmayacaq! 34 yaşında parlamentə üzv seçilən, Böyük Britaniyanın ilk qadın baş naziri və üstəlik istefa vermək mədəniyyətinə malik olan bir şəxsin karikaturası çəkilməməlidir.
- Kimsə çəkdiyiniz bu portreti sizə hədiyyə etsə, başınızın üstündən asarsınız?
- Böyük məmuniyyətlə asardım. Hətta balaca şəkil olsa, stolumun üstünə qoyaram
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024