Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-02-2015, 15:15)
“27 il həbsxanada yatmağımın nəticəsində ...“

“Asılmamış portret”də bu dəfə Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, Aparteid rejiminə qarşı savaşın öncüllərindən olan və ömrünün 32 ilini (1956-1961 və 1963-1990) məhbəsdə keçirən, opponentlərinin “dünyanın ən yaxşı insanı” kimi dəyər verdiyi Nelson Mandelanın rəsmi çizildi. Madiba (mənsub olduğu qəbilənin adıyla da ona müraciət edirdilər) haqda saatlarla danışmaq olar. Təkcə həbsinin 18 ilini ən çətin rejimdə - Robben adasında keçirməsi, ailəsiylə altı aydan bir ciddi nəzarət altında görüşməsi, silahdaşlarının, oğlunun öldürülməsi, ancaq buna baxmayaraq sona qədər savaş aparması, necə bir həyat yaşadığının görsənişidir.
Mandelanı bu günə gətirdik, onun portretini çəkməyi isə iki dəfə dustaq həyatı yaşayan Müsavat başqanı Arif Hacılıya həvalə etdik...
- Arif bəy, öncə Mandelanın portretini çəkin...
- Nelson Mandela azadlıq uğrunda mübarizə simvollarından biridir. O, eyni zamanda dözümlülük rəmzidir. Çünki həyatının hansısa bir hissəsini yox, bütün ömrünü Aparteid rejiminə qarşı mübarəzəyə həsr edib. Dəfələrlə həbs olunmasına baxmayaraq, həmişə qaradərililərin hüquqları uğrunda çarpışıb. Məhbəsdə olanda da öz ideallarından geri çəkilməyib. Bu gün də dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda azadlıq uğrunda mübarizə aparan fəallar üçün bir nümunədir. 
- Rəssam olsaydınız Mandelanın həyatına hansı cizgiləri əlavə edər, yaxud yaşadığı anlardan nəyi silərdiniz?
- O, nümunəvi şəxsiyyətdir. Həm də əslində xoşbəxt bir insandır. Dünya tarixi durduqca Nelson Mandelanın adı anılacaq. Həyatından nəyisə çıxartmaq istəməzdim, çünki ondan çox şey öyrənirəm. Onun həyatı azadlıq uğrunda mübarizə aparan hər bir insana ilham verir. Mən də onun yaşadıqlarından ruhlanıram. Əksər fikirləriylə razıyam, ancaq onun bir deyimi var: “Həyatını elə yaşa ki, sanki səni heç kəs görmür, danışanda elə danış ki, səni heç kəs eşitmir”. Şəxsən mənim həyatla bağlı devizim tamamilə bunun əksidir. Çalışıram elə yaşayam ki, sanki hər kəs məni görür, elə danışım hamı məni eşidir. 
- Aparteid rejimiylə mübarizə aparmaq asandır, yoxsa?
- Aparteidə qarşı mübarizəyə dünya güclərinin böyük dəstəyi vardı. İlk növbədə Afrika xalqları Nelson Mandelanı müdafiə edirdilər. Həmin dövrdə dünyanın əsas iki aparıcı güc mərkəzindən biri - SSRİ-nin, Dünya Sosialist düşərgəsinin yardımı olub. 1962-ci ildə ona Lenin sülh mükafatı da verildi. Çox ciddi qüvvələrin dəstəyinin olması baxımından təbii ki, Aparteid rejiminə qarşı mübarizə aparmaq daha asan idi. Həm də burada hədəf çox aydındır və mübahisəsizdir. Azərbaycan kimi bir dövlətdə demokratiyanın inkişafını, insan haqlarını xarici siyasətində prioritet elan edən güc mərkəzlərinin müxtəlif maraqlar naminə ölkə daxilində bu amallar uğrunda mübarizə aparan qüvvələrə birmənalı dəstək verməməsi, yaxud da bu köməyin kifayət qədər olmaması, opponentlərin hədəflərinin yayğınlaşdırılması mübarizəni çətinləşdirir. 
- Nelson Mandela həbsxanada keçirdiyi 27 ilə minnətdardır. Dediyinə görə, bu ona fikirlərini cəmləşdirməyə imkan verib. Siz də iki dəfə həbs olunmusuz. Buna görə kiməsə minnətdarsız?
- Həbsxana həyatının mənim dünyagörüşümün formalaşmasında, hədəflərimin, ideallarımın daha da dəqiqləşməsində, sərtləşməsində rolu oldu. Ancaq bütövlükdə götürəndə isə düşünürəm ki, uşaqlıqdan məni əhatə edən mühit, universitet həyatı, 1988-ci ildə başlayan xalq hərəkatı və orada iştirakım, Azərbaycanın aparıcı siyasi liderləri və ən önəmli aydınlarıyla təmaslarım, onlarla birgə fəaliyyətim fikirlərimin formalaşmasında, hədəflərimin müəyyənləşməsində daha mühüm rol oynayıb.
- Mandelanın belə bir fikri də var: “Əgər sizin hər hansı bir arzunuz varsa, onu həyata keçirməyə heç kim maneçilik edə bilməz”. Razısız?
- Qismən razıyam. Əgər hər bir insan öz həyatının əsas hədəflərini dəqiq müəyyənləşdirə bilirsə, buna doğru irəliləməkdə ona heç kəs mane ola bilməz.
 
- Onda belə demək olarmı ki, başqan olmaq da sizin arzunuz, öncədən müəyyənləşdirdiyiniz hədəf idi?
- Müsavat Partiyasının başqanı olmaq həyatımın əsas hədəfi deyil. Arzum Azərbaycanın ərazi bütövlüyü, demokratikləşməsi, bütün dünya azərbaycanlılarının ümumi idealına - vahid Azərbaycana nail olunmasıdır. Həyatımın əsas mənası insanların hüquq və azadlıqları uğrunda mübarizəyə töhfələr vermək, dünyada, həm də Azərbaycanda insanların müstəqil, azad və firavan yaşaması üçün faydalı işlər görməkdir. Bu hədəflər naminə çarpışıram və hesab edirəm ki, Müsavat başqanlığı bu istiqamətdə apardığım mübarizədə təsir imkanlarımı artıran növbəti bir mərhələdir.
Arif Hacılı: “Mandela qədər əziyyət çəkən siyasi lider yoxdur... və o xoşbəxt bir insandır”
- Hər hansı bir güc mərkəzi zəmanət versə ki, Nelson Mandela kimi 27 il həbsxana həyatı yaşasanız azadlığa çıxandan sonra prezident də olacaqsınız, üstəlik, Nobel mükafatı da alacaqsız. Razılaşarsız?
- Məncə, bununla idealist dünyagörüşlü hər bir siyasətçi razılaşar. Xüsusilə də 50 yaşından sonra. Ancaq onu da deyim ki, mənim hədəfim Nobel mükafatı almaq, prezident olmaq deyil. İstəyim bəşəriyyətin yaxşılaşması, vətəndaşların azad yaşaması, Azərbaycanda insanların hüquqlarının bərabərliyi, normal, sivil cəmiyyətin qurulmasıdır. Ümummilli lider, yaxud prezident kürsüsündə oturmaq kimi istəyim yoxdur. Sadaladığım hədəflər uğrunda mübarizənin lideri olmaq iddiam var.
- Deməli, istəklərinizi gerçəkləşdirmək naminə Mandelanın yaşadıqlarına razısız...
- Ümumi mənada bunun nə olduğunu anlayıram. Ancaq onun 27 il ərzində həbsxanada hansı şəraitdə saxlanıldığını, əhvalının necə olduğunu bilmirəm. Bunun da əhəmiyyəti böyükdür.
- Nelson Mandelanın həbsdə olduğu müddətdə ailəsiylə ildə iki dəfə görüşə və məktublaşmağa icazəsi vardı. Oğlu, yaxın silahdaşları öldürüldü. Siyahını uzatmaq da olar...
- Çox böyük əzablara qatlaşıb. Bir daha deyirəm, 27 il həbsxanada yatmağımın nəticəsində qeyd etdiyim hədəflərə nail olacağıqsa, mən buna hazıram. 
- İkinci dəfə 1 il 2 ay həbsdə oldunuz “Darıxıram” şeiri yazdınız, 27 il yatsanız bunu roman halına salacaqsız?
- Darıxmaq üçün 27 il lazım deyil, 27 gün də kifayət edir. Bunu həbsxanada olmayanlar anlamaz. Çox sevinirəm ki, opponentlərimin mənə tutduğu əsas irad şeir yazmağımdır. Bu, əgər bir hadisədirsə siyasi deyil, ədəbi hadisədir. “Darıxıram” azadlığın dəyəri haqda yazılmış şeirlərdən biridir. Hər hansı bir insanın şeir yazmasına, musiqiylə və başqa sənət növlərinə maraq göstərməsinə irad tutmaq gülüncdür. 
- “Bu cür şeirlər insanlarda, xüsusən mübarizə aparan şəxslərdə ruh düşkünlüyü yaradır, həbsxananın qorxulu yer olduğunu aşılayır”, - deyə tənqidlər gəldi ünvanınıza. Ancaq sizin də Nelson Mandela kimi hədəfləriniz, amallarınız var.
- Haqlı deyilsiniz. Mandelanın opponentləri ona qarşı daha ciddi ittihamlar irəli sürüb. Onun çoxlu sayda şeirləri var və...
- Ancaq o “Darıxıram” şeiri yazmayıb...
- Opponentlərinin ona irad tutduqları məsələlərlə müqayisədə bu çox xırda, cılız məsələdir. İndi Mandelaya qarşı deyilən ləyaqətsiz ittihamlar barədə danışmaq istəmirəm.
- Niyə danışmaq istəmirsiz? Buyurun söyləyin. Axı, siz həm də onun portretini çəkirsiz...
- Diqqət mərkəzində olan, kimlərinsə maraqlarına toxunan hər hansı bir adam haqda mütləq müxtəlif şayiələr, uydurma iradlar səsləndirilir. Bir daha təkrar edirəm “Darıxıram” ruh düşkünlüyü yaradacaq bir şeir deyil. Azadlığın nə qədər ümdə dəyər olması haqqındadır.
- Hər ikiniz iki dəfə həbsdə olmusuz. O 32 il, siz isə 3 il. Rəqəmlərdən başqa aranızda daha nə kimi fərq var?
- Sizə təşəkkür edirəm ki, Nelson Mandela ilə məni müqayisə edirsiz...
- Hər ikinizin həbsxanada neçə il yatdığınızı rəqəmlərlə səsləndirdik. Müqayisəni siz edəcəksiz...
- Nelson Mandela bütün dünyada fədakar, əzabkeş mübarizənin simvollarından biridir. Onun qədər əziyyət çəkən siyasi lider yoxdur. Mandelaya pərəstiş edirəm. Doğrudan xoşbəxt bir adamdır. O həbsxanadan çıxdıqdan sonra Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçildi. Cəmi beş il ölkəyə rəhbərlik etdi, sonra ikinci dəfə namizədliyini vermədi, geri çəkilərək öz adi həyatını yaşadı. Bu da onun böyüklüyündən, şəxsiyyətinin aliliyindən xəbər verir. Bizim portretimizi isə yəqin ki, sonra gələnlər çəkəcək. Ən düzgün müqayisələri onlar aparacaq.
- Mandelanın sözlə çəkdiyiniz rəsmini kimsə sizə portret şəklində versə başınızın üstündən asarsız?
- Bəli. Nelson Mandelanın portreti azadlıq, insan haqları uğrunda mübarizə aparan hər kəsin başının üzərində asılmağa layiqdir. 
- Rənglər qarışmadı?
- Bunu oxucular müəyyən edəcək.(musavat.com)

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024