Sosial (27-01-2015, 22:12)
Qadın-kişi bərabərliyində dünyaya nümunə
Ekspertlərin fikrincə, Azərbaycanda gender məsələləri ilə bağlı nümunəvi siyasət davam etdirilməlidir
Cinslər arasında bərabərsizliyin davam etməsi, bir cins tərəfindən digər cinsin hüquqlarının pozulması məsələləri beynəlxalq müstəvidə tez-tez gündəmə gəlir. Dünya İqtisadi Forumunun sonuncu hesabatında da göstərilib ki, qlobal səviyyədə qadınlar və kişilər arasında bərabərliyin təmin olunması üçün uzun illər lazım ola bilər.
“Həftə içi”nin məlumatına görə, həmin hesabatda dünyanın 142 ölkəsində qadınlar və kişilər arasında dörd sahədə bərabərliyin təmin edilib-edilmədiyi müəyyənləşdirilib. Buraya maaşlar da daxil olmaqla iqtisadi iştirak və imkanlar, təhsil, siyasi hüquq və imkanlar, sağlamlıq və sağ qalma göstəriciləri daxildir. Hesabata əsasən, dünyanın heç bir ölkəsində bütün sahələrdə gender bərabərliyi tam təmin edilməyib. Lakin son illər bir sıra ölkələrdə daha çox qadının işləməyə başlaması və siyasi proseslərə cəlb olunması nəticəsində qadınlar və kişilər arasında gender bərabərsizliyinin azaldığı müşahidə edilir. Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarka tutur.
Dünya İqtisadi Forumunun hesabatında gender bərabərliyi indeksinə görə Azərbaycan 142 ölkə arasında 94-cü yerdədir. Hesabatda deyilir ki, səhiyyə və sağ qalma kateqoriyasında Azərbaycan, Albaniya və Ermənistan Avropa və Mərkəzi Asiya regionunda ən aşağı göstəricilərə malik üç ölkədir. Azərbaycan həm də səhiyyə və sağ qalma kateqoriyasında orta səviyyədən aşağı səviyyədə olan doqquz ölkədən biridir. Keçmiş Sovet İttifaqı respublikaları arasında gender bərabərliyi indeksinin ən yüksək olduğu ölkə 15-ci yerdə gələn Latviyadır. Gender bərabərliyi indeksinə görə Nikaraqua dünyanın 6-cı ən yaxşı ölkəsi kimi göstərilir. Hesabatda dünyanın ən yaxşı 10 ölkəsi arasında Ruandanın 7-ci yerə çıxması mütəxəssislər tərəfindən iş yerlərində demək olar bərabər sayda qadın və kişinin çalışması ilə izah edirlər. Filippin Asiya qitəsində gender bərabərliyinin ən yaxşı təmin edildiyi ölkə kimi 9-cu yerdədir.10 ən yaxşı ölkə arasında 8-ci yerdə İrlandiya, 10-cu yerdə isə Belçika gəlir.
Hətta Amerika Birləşmiş Ştatları da dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında deyil. ABŞ qadın və kişilərin maaşları arasında fərqin azalması və qadınların siyasi iştirakı və yüksək vəzifələrə təyin edilməsi göstəricilərinin yaxşılaşmasına görə keçən il 23-cü yerdən üç pillə yuxarı qalxaraq, bu il 20-ci yerə çıxıb. Gender bərabərliyi göstəricisinə görə dünyanın ən pis ölkəsi Yəməndir. Mütəxəssislər bunun səbəbini qadınlar arasında ölüm halları və 6-14 yaşlarında qızların böyük hissəsinin məktəbə getməməsi ilə izah edirlər.
Gender bərabərliyi indeksinə dair hesabatda deyilir ki, dünyanın bir sıra ölkələrində son illər daha çox qadının iş yerlərinə cəlb olunması, siyasi hüquqlar və imkanlar əldə etməsinə baxmayaraq, tədqiqat aparılan ölkələrin 30 faizindən çoxunda təhsil sahəsində qadınlar və kişilər arasında bərabərsizlik hələ də güclü olaraq qalır.
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə açıqlayan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, indiyədək Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çox böyük işlər görülüb. Onun sözlərinə görə, hazırda inkişaf etmiş ölıkələrin əksəriyyətində cinslər arasında bərabərliyə dair hüquqi baza formalaşdırılıb: “Amma yalnız qanunvericiliyin olması kifayət deyil. Azərbaycan müstəqil dövlət kimi Avropaya inteqrasiya edir, bir sıra beynəlxalq sənədlərə qoşulub və Avropa dəyərləri cəmiyyətimizdə öz əksini tapıb. Bu da bəzi qanunların qəbulunu zəruri edir. Amma qanunlarla yanaşı, cəmiyyətin də bu prosesə hazırlanmasına böyük ehtiyac var. Azərbaycanda “Gender bərabərliyi haqqında” qanun 2006-cı ildə qəbul olunub. Bu qanuna görə, Azərbaycanın, demək olar, bütün qanunvericiliyi gender ekspertizasından keçirildi. Bu gün Azərbaycanın dövlət büdcəsində gender məsələlərinə görə xüsusi büdcə ayrılır. Biz bir çox beynəlxalq tədbirlərdə iştirak edirik, başqa dövlətlərin təcrübəsini öyrənirik. O dövlətlərin hətta çox inkişaf etmişlərindən Azərbaycan bu sahədə çox fərqlənir. Qanunu qəbul etmək olar. Amma onun işləməsi, yerinə yetirilməsi ən önəmli məsələdir. Bəzən qanun qəbul olunur, amma o illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır”.
Bu məsələ Azərbaycan üçün yeni deyil
Komitə sədrinin müavini hesab edir ki, mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil. “Hender bərabərliyi” termininin də yeni olduğunu söyləyən Sədaqət Qəhrəmanova bildirir ki, Azərbaycan tarixinə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram bizim ailələrdə formalaşan milli dəyərlərdir: “Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirirlər və bəzən bununla gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açırlar. Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox, insanları buna hazırlamağa, yəni maarifləndirməyə çox böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidirlər”.
Sədaqət Qəhrəmanova həmçinin etiraf edib ki, qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq düzgün deyil. Onun sözlərinə görə, bəzən məhz qadın olduğu üçün zərif cinsin nümayəndələri irəli çəkilir və ona hansısa məsul vəzifə həvalə olunur: “Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar. Bunun baş verməməsi üçün biz Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar keçiririk. Sovet dönəmində də belə kurslar var idi. Hesab edirəm ki, bu doğrudan da kadrların hazırlığına çox böyük töhfə verəcək. İdarəetmə asan məsələ deyil, bunu öyrənmək lazımdır. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldırlar, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallıqlarını göstərirlər. Amma zaman gələcək ki, qadınlar lazımi pillədə qərar tutacaqlar”.
Maarifləndirmə işlərinə bölgələrdən başlamaq lazımdır
Mövzu ilə bağlı fikirlərini «Həftə içi»nə açıqlayan gender məsələləri üzrə ekspert Ülviyyə Məmmədova isə hesab edir ki, cəmiyyətdə gender bərabərliyinə nail olmaq üçün bölgələrdə iş aparmaq daha zəruridir. Onun sözlərinə görə, nə qədər ki, bölgələrdə gender bərabərliyinin təmin olunması üzrə vəzifələr bu işə məsul olanlar üçün formal xarakter daşıyır, gender bərabərliyinin mexanizmləri də lazımi səviyyədə fəaliyyət göstərə bilməyəcək.
Ekspert bildirib ki, onlar milli gender mexanizminin monitorinqini aparıblar və nəticədə məlum olub ki, bərabərliyinin təmini üçün görülən işlərdən, xüsusilə də regionlarda qadınlar o qədər də məlumatlı deyillər: “Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Sadəcə ailədə məsuliyyət bölüşdürülməlidir. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
