Kriminal / Slayd (26-12-2016, 15:17)
ELDAR MAHMUDOV QOHUMUNU HƏBSDƏN ÇIXARIR - Beytulla Hüseynovun 50 əmlakının üzərindən həbs götürülüb
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov, “Aztelekom”un keçmiş rəhbəri Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov və daha 8 nəfərin məhkəməsi davam edir. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.
Mediatv.az: Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, iş üzrə əsas təqsirləndrilən şəxslərdən biri olan “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun əmlakları üzərinə qoyulmuş həbs bir neçə gün əvvəl götürülüb.
B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra saxlanılan rabitəçilərdəndir. Həbsindən sonra yayılan məlumatlara görə, Beytulla Hüseynovun “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru təyinatı da Eldar Mahmudovun şəxsi maraqları çərçivəsində gerçəkləşib. B.Hüseynov sabiq nazirin bibisi qızının həyat yoldaşıdır. Beytulla Hüseynovun bir qardaşı Ramiz Hüseynov MTN-in Bilgəhdəki sanatoriyasının direktoru, digər qardaşı Xeyrulla Hüseynli Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Hər 3 qardaş Eldar Mahmudovun himayəsi altında vəzifələrə təyin olunublar.
2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən qovulması ilə MTN-də başlanan həbslər qısa müddət sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçradı. O zaman ilk həbs olunanlardan biri də Beytulla Hüseynov oldu. Onun həbsinin əsas səbəbi kimi “MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Bildirilirdi ki, RYTN rəsmiləri “MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşrıdılmasına yardımçı olub, lazımi texniki dəstək veriblər.
İndi isə dövlətə 10 milyon manat ziyan vuran Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürülüb. “Rabitəçilərin işi”ndə gözlənilməz dönüşün Eldar Mahmudovun səyləri və əlaqələrini işə salmasından qaynaqlandığı haqda ehtimallar var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rolunun olduğu deyilir. “Rabitəçilərin işi” üzrə çıxarılacaq hökmlə B.Hüseynovun şərti cəzaya məhkum ediləcəyi haqda da məlumat var.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Beytulla Hüseynovun da eyni üsulla azad ediləcəyi gözlənilir.
Musavat.com