Kriminal / Slayd (5-06-2024, 14:09)
Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin
Mediatv.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1982-ci il təvəllüdlü R.Əlixanov Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Ramin Əlixanov ibtidai istintaqa ilkin ifadəsində gözətçi kimi işlədiyi evdən oğurluq etməyə çalışan şəxsə xəsarət yetirərək öldürdüyünü desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, Cəfər adlı 60-65 yaşlı kişi fəhlə işləmək üçün müraciət edib və həmin şəxsin sənədləri, daimi yaşayış yeri olmayıb. Bundan sonra Ramin həmin şəxsə evin həyətindəki gözətçi otağında yaşamağa icazə verib və öz yanında işlədib.
Hadisə günü isə Ramin işlədiyi yerə gələrkən Cəfərin qapını gec açması və nərdivanı pəncərəyə söykəməsini görərək onun oğurluq edə biləcəyindən şübhələnib. Daha sonra onlar birgə yeyib-içiblər. Lakin Ramin yenidən şübhələrinə əsaslanaraq Cəfərin oğurluq edə biləcəyini düşünüb və onu cəzalandırmaq istəyib. Külüngü götürərək yaşlı kişiyə xəsarətlər yetirməyə çalışarkən Cəfər qaçaraq uzaqlaşıb. Bu zaman Ramin bir neçə dəfə külüngü onun arxasına atsa da, ağır zərbə endirə bilməyib. Qapıya çatan Cəfər küçəyə çıxmaq istəyib, lakin qapının bağlı olması səbəbindən həyəti tərk edə bilməyib. Ona yaxınlaşan Ramin bu dəfə yaxından zərbələr endirərək yerə yıxıb və külünglə qətlə yetirib.
Öldürdüyü şəxsin meyitini həyətdə basdırıb. Lakin 1 gün sonra hadisənin üstü açılıb.
Hadisədən 3 il keçməsinə və qətlə yetirilən şəxsin fotosu yayılmaqla ölümü barədə elan verilsə də, hələ də Cəfər adlı şəxsin yaxınları tapılmayıb və onun kimliyini də dəqiqləşdirmək mümkün olmayıb. Qətlə yetirilən şəxs kimsəsizlər məzarlığında dəfn edilib.
Qətli törədən Ramin Əlixanlıya məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə 16 il həbs cəzası verilib.
Qeyd edək ki, qətl hadisəsinin törədildiyi evin sahibi Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisidir. O, 2018-ci ildə vəfat edib. F.Möhbalıyevin qardaşı Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.