Kriminal (8-02-2024, 11:41)
Barışmaq istəməyən arvadını marketdə öldürübmüş...
Ötən ilin martında Gəncə şəhərinin Məhsəti qəsəbəsində arvadını qətlə yetirən 1983-cü il təvəllüdlü Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Mediatv.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların 2 övladı dünyaya gəlib. 2020-ci ildən isə etibarən cütlüyün münasibətləri tədricən pozulub.Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. Bir müddət sonra keçmiş xanımının Gəncədə marketlərdən birində çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib.
O, marketə daxil olaraq heç bir söhbət etmədən hücum edərək insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məhkəmənin hökmü ilə Ruslan Şirinova 16 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir.