Kriminal (1-12-2022, 16:36)
Polis Buzovnadakı qətldə şübhəli bilinən şəxsi tutdu
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin ailənin keçmiş kürəkəni olduğu məlum olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Nofəl adlı şəxs törətdiyi cinayəti etiraf edib.
***
Faktla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.