Karusel / Slayd (1-08-2017, 21:12)
İcra başçısı bunu da etdi - İDDİA
Zərdab rayon Lələağacı kənd sakini Aytən Şirin qızı Şirinova bu ilki qəbul imtahanında heç bir hazırlığa getmədən 662 bal toplayıb. O, BDU-nin hüquq fakultəsində təhsil almaq istəyir, amma ailəsinin bunun üçün lazım olan xərcləri qarşılamağa gücü çatmır. Bəs bu istedadlı qızın taleyi necə olacaq?
Yenicag.az A. Şirinovanın ailəsi ilə əlaqə saxlayıb. Anası Kəmalə Şirinova qızı ilə qürur duyduğunu deyib:
“Qızım müəllim yanına getməyib, öz biliyi sayəsində bu balı toplayıb. Biz ailəlikcə ona inanırdıq, bilirdik ki, savadlı qızdır. Hələ ki, seçim edir, ayın 10-dan sonra hansı ali məktəbə qəbul olunacağı bilinəcək. Özü isə hüquqşünas olmaq arzusundadır. Amma nə gizlədək, onun Bakıda oxuması üçün maddi imkan lazımdır, o da bizdə yoxdur. Çünki atası xəstədir, müalicə olunur, təqaüd alır. Heç birimiz ali təhsilli deyilik, sadə kənd adamlarıyıq. Heç yerdə işləmirik. Mən əkin-biçinlə məşğulam”.
K. Şirinovanın sözlərinə görə, qızı ilə bağlı xəbər internetdə yayılandan sonra bir çox insanlar yardım əlini uzadıb:
“İnternetdə xəbər yayılandan sonra bizimlə maraqlananlar çox oldu. Bir çox adamlar qızımın Bakıda təhsil alacağı müddətdə maddi xərclərini ödəyəcəklərini deyir, kömək etmək istəyirlər. Amma biz bunu qəbul edə bilmərik. Çünki qız uşağıdır, indiki vaxtda heç kimə inanmaq olmur. Çox istərdik ki, bu xərclər dövlət tərəfindən ödənilsin. Qızım buna görə çox utanır. O hətta fotosunun bu məsələ ilə bağlı yayılmasına görə də narahatdır”.
Onu da öyrəndik ki, ailənin iki övladı var, böyük bacı Gəncədə təhsil alır.
DİA.AZ bildirir ki, bu gün ümumiyyətlə, Aytən Şirinova ilə bağlı yerli KİV-də bir-birini təkzib edən müxtəlif xəbərlər yayılıb. Zərdabdakı mənbələr bunun səbəbsiz olmadığını bildirirlər.
Bu barədə DİA.AZ-a açıqlama verən raypndakı qaynaq iddia edir ki, raypn icra hakimiyyətinin başçısı Lütfəli Babayevin adından yüksək bal toplayan Zərdab sakininin ailəsinə müxtəlif təsirlər göstərilir: "Ailə də qızlarının imtahanda yüksək nəticə göstərməsinə az qala peşman olub. Nə olardı ki, başçı mətbuata çıxıb "bu qızın xərclərini biz ödəyəcəyik" deyə açıqlama verəydi. Bunu etməməsi bir yana. Gah ailəsinə, gah da azyaşlı qızınn özünə təsir edirlər, mətbuata açıqlama verməməsi üşün inad edirlər. Sanki, nəsə yaxşı olmayan bir hadisə baş verib.
Hər halda başçının belə bir mövqe tutması heç də anlaşılan deyil. İstənilən halda bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...