Karusel / Slayd (18-02-2017, 21:48)
Saxta diplomlarda deputatın da imzası var - “Mən sadəcə icraçıyam”
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının 600-dən çox tələbə və məzununun taleyi hələ də qaranlıq qalır. Onların özü və valideynləri Təhsil Nazirliyindən tutmuş, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinədək çox yerə şikayət etsələr də, hələ ki, problemləri çözülməyib
Azadlıq radiosunun verdiyi məlumata görə, filialda araşdırmalar zamanı bu təhsil ocağına qanunsuz yolla qəbul və saxta diplomların verilmə halları aşkarlanıb. Hətta təhsil naziri Mikayıl Cabbarov da açıq şəkildə demişdi ki, "Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə saxta diplom verilib”.
Gəncə filialı bağlanarkən, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı idi. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri olan deputat sözügedən filialdakı qanunsuzluqlardan xəbərsiz olduğunu desə də, məzunlara verilən, amma saxta olduğu iddia edilən diplomlarda onun imzası var.
Filialın direktoru Ramiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Ramiz Məmmədov həbs edilməsə də, onun haqqında istintaq və məhkəmə dövründə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Övladını ali məktəbə yerləşdirmək üçün onlardan pul alındığını iddia edən valideynlər ya pullarının qaytarılmasını, ya da onun həbsini istəyirlər. Onlar məhkəmədə də bu tələbi səsləndiriblər.
"Mənə möhtərəm bir adam zəng elədi…”
Zərərçəkən İdris Əliyev deyib ki, övladının ali məktəbə yerləşdirilməsindən ötrü Ramiz Məmmədova 16 min manat verib və bu pul indiyədək qaytarılmayıb: "Mənə 16 min manat ziyan dəyib. Uzun müddətdir pulumu tələb edirəm. Xoşluqla qaytarmırsa, istəyirəm həbs olunsun. Çünki bu adam heç nəyə məhəl qoymur”.
Ramiz Məmmədov bu şəxsdən pul almadığını söyləyir: "Özü yaxşı bilir ki, pulu kimə verib. O, birinci dəfə mənim yanıma səhvən gəlmişdi. Mən ona başa saldım ki, instituta bu şəkildə adam düzəltmirlər. Mənə möhtərəm bir adam zəng elədi.
Mən də nazirə müraciət etdim. Sonra baş verənlərlə əlaqəm yoxdur. Mən kimdən pul almışamsa, qaytarmışam. Bu adam mənə şər atır”.
Zərərçəkənlərdən Mahir Həsənov deyir ki, ona 11 min 250 manat ziyan dəyib, istintaq dövründə Ramiz Məmmədov 4 min manat qaytarıb, 7 min 250 manat hələ də qalıb.
Ramiz Məmmədov bu zərərçəkənin də yalan danışdığını söyləyib: "Seyid adamsan, düz danış. Bilirəm də sən kimsən, onu-bunu şərləməklə məşğulsan”.
"Kişi kimi düzünü desələr, məni yandırmaz”
Bu işə Zabil Qasımovun sədrlik elədiyi hakimlər kollegiyası baxır. Məhkəmə yarım ilə yaxındır ki, davam edir.
Hakim Ramiz Məmmədova xatırladıb ki, istintaq zərərçəkənlərə dəymiş toplam ziyanı 922 min 660 manat müəyyənləşdirib və Gəncə filialının bağlanmasından sonra 600-dən çox tələbənin taleyinin suallı qaldığını da bildirib.
"Sizə 6 ayadək vaxt vermişik ki, bu ziyanı ödəyəsiniz. Zərərçəkmişlər hamısı Təhsil Nazirliyinə gediblər, sizdən şikayətçidirlər. Ümumilikdə 650 nəfər şikayətçi var”, – hakim belə deyib.
Cavabında Ramiz Məmmədov bildirib ki, heç bir günahı yoxdur və o, sadəcə, icraçı olub: "Kişi kimi sözün düzünü desələr, məni yandırmaz. Yalan danışırlar, böhtan atırlar”.
Ramiz Məmmədovun həbsi üçün zərərçəkənlərin verdiyi vəsatətə məhkəmənin fevralın 17-də keçiriləcək növbəti iclasında baxılacaq.
"Siz də o vaxta qədər düşünün, zərəri ödəyin, çünki biz vəsatəti müzakirə edib, qərar verməliyik”, – hakimin Ramiz Məmmədova tövsiyəsi belə olub.
Politika.Az