Karusel (9-04-2014, 11:02)
Ərdoğanın prezidentə təqdim etdiyi dosyenin detalları
“Ərdoğan dosyesi” Abbas Abbasovun sonunu gətirdi
“Milyarderlər İttifaqı”nın Türkiyə təmasları hakimiyyətin əlində!; Sabiq vitse-primyerin Türkiyədə müxtəlif adamlarla görüşü, Məsud Yılmazla özəl söhbətinin səs yazısı iqtidarın əlindədir; MİT tərəfindən nəzarətə alınanlar “Mardan Palace”də və “Hilton” hotelində nələri müzakirə ediblər?..
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 4-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevə “Hizmət” hərəkatının (nurçular) ölkəmizdəki fəaliyyəti, onlara maddi dəstək verən iş adamlarının siyahısı ilə yanaşı, hakimiyyət üçün böyük önəm kəsb edən digər məlumatlar verdiyi təsdiqlənir.
“Yeni Müsavat”ın verdiyi manşet yazısında bildirilirdi ki, rəsmi Bakıya verilən dosyedə Moskvadan Türkiyə kurortlarına dincəlməyə gələn, burada əylənən, bəzi hallarda gizli görüşlər keçirən Rusiyanın bir sıra biznesmenləri, siyasət və dövlət adamları, kriminal avtoritetləri barədə MİT-in illərdir topladığı məlumatlar da var. Hakimiyyət üçün qiymətli hesab olunan məlumatlar sırasında 2011-ci ilin dekabrında Moskvada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) fəaliyyəti ilə bağlı xəbərlər də var. Bu istiqamətdə yeni sensasion məlumatlar almışıq.
Türkiyədəki etibarlı mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, dosyelərdən biri Rusiyadakı “Milyarderlər İttifaqı” üzvlərinin Türkiyəyə səfərləri, orada siyasi və biznes dairələri ilə keçirdikləri görüşlər haqda qiymətli informasiyaları əhatə edir. Mənbə bildirib ki, dosye audio, video və fotomateriallardan, MİT-in operativ məlumatlarından və təhlillərindən ibarətdir.
İddiaya görə, materiallarda 2013-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın hakimiyyət dəyişikliyi ilə bağlı planları, bu məqsədlə nəzərdə tutulan layihələr, Türkiyənin siyasi və biznes dairələri, eləcə də bu qurumun Azərbaycan müxalifəti ilə birgə koordinasiyası öz əksini tapır.
Dosyenin böyük bir hissəsi “Milyarderlər İttifaqı” üzvlərinin Türkiyəyə səfərləri və keçirdiyi görüşlər, aparılan danışıqlar barədə məlumatlardan ibarətdir. Ehtimal olunur ki, burada söhbət AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılova (“AST Telman”) məxsus “Mardan Palace”də və “Milyarderlər İttifaqı”nın digər üzvü İsgəndər Xəlilova məxsus “Hilton” hotelində keçirilmiş görüşlərin təfərrüatlarından gedir.
Türkiyədəki qaynaq bildirib ki, dosyedə ən çox adı hallanan şəxslərdən biri Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur. Onun iddiasına görə, dosyedə 2013-cü ilin aprelində Dağıstan rəhbəri, “Milyarderlər ittifaqı”nın üzvü Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətinin İstanbula səfəri və keçirdiyi özəl görüşlər barədə məlumatlar var. “Milyarderlər ittifaqı”nın sədri Abbas Abbasovun da nümayəndə heyətinə daxil olduğu və bir sıra özəl görüşlərin məhz onun tərəfindən təşkil olunduğu da israrlı iddialar sırasındadır.
Məlumata görə, A.Abbasovun müntəzəm şəkildə Türkiyəyə səfər etdiyi, müxtəlif adamlarla görüşdüyü, hətta 2013-cü ilin noyabrında Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlunun toyunda iştirakı və onunla özəl söhbətinin səs yazısı da təqdim olunmuş informasiyalar sırasındadır.
Həmçinin Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Türkiyədə biznesə girişməsi, onun İstanbulda Abbas Abbasovla görüşü və müzakirə olunan ortaq layihələr və gələcək planlar barədə də məlumatlar var.
Abbas Abbasovun “Ramsey” şirkətinin rəhbəri Rəmzi bəylə (mənbəmiz soyadını dəqiqləşdirə bilməyib) təmaslarının, onların Türkiyədə və Moskvada görüşdüklərinin təfərrüatları barədə məlumat verilir.
Mənbə bildirib ki, dosyedə Azərbaycan hakimiyyətində təmsil olunan nurçuların “Milyarderlər İttifaqı”nın üzvləri ilə bağlı təmasları barədə də danışılır. Bu xüsusda parlamentin komitə sədri olan xanımın Rusiya prezidentinin yaxın dostu olan şəxslə izdivac qurması, partiya alması və onun Azərbaycandakı hakim partiyaya alternativ kimi siyasi səhnəyə çıxarılmasının nəzərdə tutulduğu vurgulanır.
Qeyd edilir ki, partiyanın prezidentliyə namizədi kimi hakimiyyətdə təmsil olunmuş şəxslərdən biri nəzərdə tutulur.
Qaynağımız bu məlumatların Türkiyə hakimiyyətini də narahat etdiyini iddia edir. Çünki müəyyən olunub ki, Rusiyada yaşayan imkanlı azərbaycanlıların təmsil olunduğu “Milyarderlər İttifaqı”nın məqsədi Türkiyədə öz dayaq nöqtəsini müəyyənləşdirmək, həm Ankaraya, həm də Bakıya siyasi təsir rıçaqları əldə etməkdir. Ankara ehtiyat edib ki, bu rıçaqlar gələcəkdə Moskvanın Türkiyə və Azərbaycanın siyasi həyatında önəmli rol oynaması ilə nəticələnə bilər. İlk növbədə isə Rusiyanın Azərbaycanın siyasi həyatında həlledici faktora çevrilməsinə və öz maraqlarına uyğun hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmasına əlverişli yol aça bilər.
Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun hakimiyyətlə münasibətlərinin son dərəcə pis olmasını sabiq vitse-primyer özü də təsdiq edib. Haqqın.az saytına son müsahibəsində A.Abbasov etiraf edib ki, sonuncu dəfə Bakıya gəlib prezidentlə görüşmək istəsə də, buna nail ola bilməyib. Doğrudur, A.Abbasov bunu Azərbaycandakı bədxahlarının prezidentə yanlış informasiyalar verməsi ilə əlaqələndirib. Amma aydındır ki, sabiq vitse-primyerin “Milyarderlər İttifaqı”nın sədri kimi fəaliyyətinin, seçki öncəsi sərt bəyanatlarının haradan qaynaqlandığını hakimiyyət bu dosyelərdən də öncə bilirdi. Hətta güman etmən olar ki, iqtidar özü tez-tez Türkiyəyə toplaşan “milyarder müxalifətçilərin” nəzarətə alınmasını rəsmi Ankaradan xahiş edib. A.Abbasov sözügedən son müsahibəsində Türkiyədə biznesinin olduğunu və bu ölkəyə tez-tez səfərlər etdiyini etiraf edərək maraqlı bir fikir işlətmişdi.
A.Abbasov “əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram”, deyərək, meydan da oxumuşdu. “Milyarderlər İttifaqı” ilə bağlı iddia edilən dosyelər Bakıya ötürülməmişdən öncə A.Abbasovun belə bir fikir işlətməsi maraq doğurur. Güman ki, sabiq vitse-primyer Türkiyədəki təmaslarının MİT tərəfindən nəzarətə alındığını gec də olsa öyrənib və bu sübutların tezliklə hakimiyyətin əlinə keçəcəyini bilib. Ərdoğanın Bakı səfərində Azərbaycan hakimiyyətinə qarşı qardaş ölkədə hər hansı cəbhə yaradanların “əl-qolunun” bağlanması barədə də müzakirələr və razılaşmalar olduğu da mümkündür.
Onun biznes şəriki (Abbas Abbasov AST Şirkətlər Qrupunun vitse-prezidentidir) Telman İsmayılovun da Azərbaycan hakimiyyəti ilə heç vaxt səmimi münasibətləri olmayıb. Rusiya prezidenti ilə münasibətləri korladıqdan sonra Türkiyəyə sığınan T.İsmayılovun Bakıya gəlişinə qeyr-rəsmi qadağa qoyulması barədə xəbərlər də yeni deyil.
İndi daha çox maraq doğuran həm Ankaranın, həm də Bakının bundan sonra atacaqları addımlarla bağlıdır. Çünki Türkiyə baş naziri T. Ərdoğanın müxalifət hesab etdikləri Bakıda şəbəkələnib, Azərbaycan hakimiyyətin “qara siyahısı”nda olanların bir qismi isə Türkiyədə təşkilatlanıb. Bakıda nurçulara qarşı təmizlənmə əməliyyatı başlandığı barədə xəbərlər var. Türkiyəyə diqqət edək...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024