Sosial (Bu gün, 10:33)
"WhiteStone Tower" sakinlərə qarşı: `Belə qudurğanlıq olmaz!` - NARAZILIQ VAR...
"Ailə Park" QSC-yə məxsus "WhiteStone Tower" şirkətinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində fəaliyyəti ilə bağlı sakinlərin narazılığı davam edir.
Pravda.az-ın əməkdaşı həmin əraziyə baş çəkib.
Sakinlər bildiriblər ki, bir neçə gün öncə, Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi əraziyə baxış keçirib, şifahi olaraq şikayətlərin haqlı olduğunu təsdiqləyib:
“Nazirlik nümayəndəsini yanlış şöbədən yönəltmişdilər. Dedi ki, aidiyyəti üzrə yenə nümayəndə gələcək. Əməkdaş özü də dəhşətə gəldi ki, "WhiteStone Tower" şirkəti qırmızı xətti blokun qarşısından çəkməyi düşünür? Hamı bu özbaşınalığa məəttəl qalır. Biz lazım gəlsə, plakatlarla da çıxıb cənab Prezidentə müraciətimizi edəcəyik. Şirkət bizə cəmi iki metr torpaq sahəsi saxlayır. Oradan yalnız piyada keçə bilər. Heç bir yanğınsöndürən, təcili yardım maşını keçə bilmir. Gecə saat 23:00-dan sonra da rahatlığımız yoxdur. Səs-küy… Qırmızı xətt qoyurlar, amma daşınma işinə gələndə bütün tikinti materiallarını həyətimizdən daşıyırlar, səs-küyü bizə yaşadırlar. Qonşuların hamısının əsəblərini pozurlar. Ərazini hasarlamışdılar ki, qazanxana tərəfə keçə bilməyək. Gecə işlədiklərinə görə suyumuzu kəsmişdilər. Belə qudurğanlıq olmaz. Şirkətin hüquqşünası deyir ki, sizin kimilərə gündə yüz dəfə cavab verirəm. Dedik ki, sizə sübut edəcəyik, bizim kimisini hələ görməmisiniz. "REAL TV"yə müsahibəsində isə bildirir ki, guya biz təzə ev istəyirik. Biz ö meydançamızı, yolumuzu, rahatlığımızı, qazanxanaya keçidi, torpağımızı istəyirik. Bizə "WhiteStone Tower"in evi lazım deyil”, - sakinlər bildiriblər.
Əməkdaşımızın apardığı müşahidə nəticəsində də məlum olub ki, sözügedən şirkət sakinlərin qazanxanasını hasarlayıb. Eyni zamanda "WhiteStone Tower" sakinlərin qaz xəttini ərazidən ayırıb, əvəzində plastik turbalarla çəkib. Həmin xətlərdən isə hazırda sakinlərə qaz verilmir. Vətəndaşların sözlərinə görə, şirkət onlara bildirib ki, aidiyyəti qurumdan hələ indən sonra razılıq alacaqlar. Saytımıza göndərilən əvvəlki görüntülərdə plastik turbaların üstü açıq olsa da, müşahidələrimiz zamanı gördük ki, sakinlər narazılıq edəndən sonra qazılan çuxurların üstünü zibil və sementlə doldurublar. Ərazidə, doğrudan da, nə yanğınsöndürən maşın, nə də təcili yardımın rahat hərəkəti üçün yol var.
Məsələni şərh edən hüquqşünas Əkrəm Həsənov deyib ki, bu addımlar qanunaziddir:
“Vətəndaşlar məhkəməyə şikayət verə bilərlər. Böyük ehtimalla, yeni tikilmiş bina Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Ümumiyyətlə, ölkədə bu məsələ sistemli problemlərdən biridir. Normal ölkələrdə harada nə tikilirsə, layihə dərc olunur, hər bir vətəndaş girib baxa bilər ki, harada nə tikiləcək. Bizdə isə hər şey gizli edilir. Yeri gəlmişkən, növbəti il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Görək, heç olmasa 2026-cı il bu sarıdan necə olacaq”.
Fövqəladə Hallar Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışdıq. Nazirlikdən sorğumuza qısa müddətdə verilən cavab isə bizim gördüklərimizin tamamilə əksi olub:
“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən əraziyə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, Nərimanov rayonu, Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli sərəncamı ilə “Ailə Park” MMC-nin istifadəsinə verilib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Ailə Park” MTK-yə ərazidə yaşayış binalarının tikintisinə 21.04.2021-ci il tarixli icazə verilib. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən 07.05.2020-ci il tarixli yerqurluşu planında qeyd edilən ərazidə görülən işlər MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunan ünvanda tikinti işləri aparılarkən bu işlərin tikinti layihəsinə və qüvvədə olan normativlərin tələblərinə uyğun aparılmasına tərəfimizdən dövlət nəzarəti həyata keçirilir”.
Nərimanov Rayon İcra Hakimiyyəti isə, nəhayət ki, sakinlərin problemi barədə açıqlama vermək qərarına gələn bilib: "Bildiririk ki, sözügedən şirkətin apardığı tikinti işləri aidiyyəti qurumların icazəsi əsasən həmin şirkətə ayrılmış ərazinin hüdudları daxilində müvafiq razılaşmalar əsasında həyata keçirilir. Eyni zamanda tikinti işləri zamanı elektrik enerjisi və qazın verilməsində qısamüddətli məhdudiyyətlər yaransa da, sonradan elektirk enerjisi və qazın verilməsi bərpa edilib. Həmin ərazidə “İDEA” İctimai Birliyi tərəfindən salınmış meydança mövcud olmayıb”.
Sakinlər FHN-nin və Nərimanov Rayon İcra Hakimiyyətinin açıqlamasına etiraz ediblər. Onlar bildiriblər ki, 23 dekabrda ərazidə baxış keçirən FHN əməkdaşı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı heç bir protokol tərtib etməyib: “Qazanxananın həm təxliyə, həm də giriş qapısı olmalıdır. Bu, binanın layihəsində də əksini tapıb. Şirkət isə təxliyə çıxışını hörüb. Hər hansı qəza olsa, qazanxana işçisi digər çıxışdan çıxa bilməyəcək. FHN-nin açıqlamasından tamamilə narazıyıq. Elektrik, qaz xəttinə baxıblar, deyiblər ki, biz qaz işinə baxmırıq. Tikintidə yol verilən xətaya baxmırlarsa, FHN onda nəyə gərəkdir? Gülməli haldır, FHN işçisi deyir ki, yanğınsöndürən maşın əraziyə keçə bilməsə, bizim 200 metrdən uzun şlanqlarımız var. Deməli, yanğınsöndürən maşınlar dar küçənin başında duracaq, yanğını şlanqı uzadıb söndürəcəklər. Bəs evdə hadisə olsa? Pilləkənsiz necə qalxacaqlar? Xəstəni çiynimizə alıb, təcili yardım maşınına daşıyacağıq? Absurd sözlər danışırlar. Şirkətin hüquqşünası FHN nümayəndələrinə vəd verdi ki, guya bizim üçün şərait yaradacaqlar. Zibilxanaların qapısını açıblar ki, qazanxanaya keməyə yol olsun. İndiyə qədər öz zibilimizi udurduq, indi "WhiteStone Tower"in zibillərini udacağıq. Guya həyəti abadlaşdıracaqlar. Hansı həyəti? FHN hələ bizə heç bir rəsmi cavab verməyib. "Ailə Park"ın dedikləri sənəd daxilində düzgün ola bilər, bəs sənəddən kənarda qalan bədbəxt sakinlər haqqında kim düşünəcək? Bakı Şəhər İcra Hakimiyyəti bizə bildirdi ki, biz torpağı veririk. Layihə, dönmə məsafəsi koordinatları və s. hər birini Dövlət Şəhərsalma və Arxitektura Komistəsi verir. Bu məsələdə ən böyük günahkar Komitədir. Amma FHN bu məsələdən sinəsini geri çəkməməli, protokol tərtib etməlidir. Biz sizə müraciət etdik ki, gəlib təhlükəsizliyimizi təmin edin. FHN isə müdaxilə etmək istəmir. Məcburuq ki, məhkəməyə müraciət edək. Ərazi üzrə dairənin deputatı Hikmət Babaoğlu ötən gün bizi qəbul etdi. Deputat bizə dedi ki, aidiyyəti üzrə qurumlara ərazinin görüntüləri və layihənin əsl variantı göndəriləcək, məsələ araşdırılacaq. Həqiqətən, Hikmət Babaoğlu məsələyə diqqət göstərdi və biganə qalmayacağını dedi”.
Pravda.az sakinlərin problemi ilə bağlı Anar Quliyevin rəhbərlik etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir neçə gündür sorğu ünvanlayıb. Komitədən hələ də heç bir mövqe bildirilməyib.
Redaksiyadan zəruri qeyd: “Ailə Park” QSC-yə ünvanladığımız sorğu isə hələ də cavabsız qalır. Redaksiya ilə əlaqə saxlayan, özünü şirkətin əməkdaşı kimi təqdim edən şəxsin istəyi odur ki, sakinlərin etirazı ilə bağlı dərc edilən ilk yazıdakı video silinsin, sonra mövqelərini açıqlasınlar, guya həqiqətəuyğun deyilmiş. Video necə həqiqətəuyğun olmaya bilər? Axı görüntü var. O ərazidə çəkilməyib? Mozambikdə çəkilib? Nə absurd yanaşmadır?! “Pravda.az” xəbər portal ilə hüquqi müstəvidə danışacaqlarmış. Biz media olaraq həmişə tərəflərə bərabər haqq tanıyırıq, prinsiplərə sadiq qalırıq, qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq… Tərəflərdən hansısa mövqe bildirməkdən yayınırsa, bu, o demək deyil ki, yazının dərcinin qarşısını alacaq, mümkün də deyil. Şirkət əməkdaşının “İxtiyarınız var biz mövqe bildirmiriksə, yazını dərc etməyə?” sualı isə absurddan da absurddur. Bundan sonra da belə davam edəcəyik, media subyekti olaraq hüquqi müstəvidə də danışmağa hazırıq. Hazırda isə şirkətin məhkəmə çəkişmələrini araşdırırıq. Yeri gəlmişkən, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevə səslənirik: Prezident İlham Əliyev vəzifəyə təyin edərkən tapşırıq verir ki, xalqın xidmətçisi olun, vətəndaşları dinləyin, səlahiyyətiniz çərçivəsində problemlərini həll edin. Siz bu sakinləri nə vaxt dinlədiniz ki, onlar əlacsız halda media qurumlarına müraciət etdilər? Rayon icra hakimiyyətlərinin başçıları vəzifələrinin məsuliyyətini dərk edərlərsə, vətəndaş narazılığı da olmaz. Hər sosial problemdən ötrü Prezidentə niyə müraciət edilməlidir? Aidiyyatı orqanlar nə işlə məşğuldurlar? Təsəvvür edin, şirkət əməkdaşları media subyekti ilə diktə tonunda danışırlarsa, görün sakinlərlə necə danışarlar? MTK rəhbərləri ilə niyə profilaktik söhbətlər aparılmır?
Mövzunu davam etdirəcəyik…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025
29 12 2025






















