Qarabağ işğaldan azad edildikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və şəffaf şəkildə qaytarılmasıdır. Lakin bu həssas proses ətrafında ortaya çıxan maliyyə rəqəmləri ciddi suallar doğurur.
Məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) köçürülmə prosesində ard-arda eyni şirkətə – “166 Global Logistics” MMC-yə milyonlarla manatlıq tenderlər verib.
Maraqlıdır ki, alternativ daşıyıcı və logistika şirkətlərinin mövcud olduğu bir şəraitdə, dövlət sifarişlərinin əsasən bir ünvan üzrə cəmlənməsi hansı meyarlarla izah olunur?
Rəqəmlər isə xüsusilə diqqət çəkir: Məcburi köçkünlərin daşınması ilə bağlı tender üzrə 1 milyon 348 min 704 manat ödəniş edilib,digər müqavilənin dəyəri 638 min 875 manat təşkil edib,ötən ilin yayında keçirilən daha bir tenderdə isə tərəflər 1 milyon 630 min 223 manat məbləğində razılaşıb.
Mediatv.az xəbər verir ki, ümumilikdə söhbət təxminən 3,6 milyon manata yaxın dövlət vəsaitindən gedir.Bu xidmətlərin bazar qiyməti hansı əsaslarla hesablanıb? Daşınma məsafəsi, istifadə olunan nəqliyyat vasitələri, sərnişin sayı və müddət nəzərə alındıqda bu məbləğlər real xərclərlə uzlaşırmı, yoxsa qiymətlər süni şəkildə şişirdilib?
Ən vacib sual isə budur,şişirdilmiş qiymətlərlə keçirilən bu tenderlərin arxasında Qaçqınkomda hansı məmur və ya məmur qrupu dayanır?
Tender komissiyasında qərarları kim verib və niyə bütün yollar eyni şirkətə çıxır?
Bu məsələnin yalnız maliyyə tərəfi deyil, ictimai-etik tərəfi də var. Çünki söhbət müharibədən çıxmış, illərlə çətin şəraitdə yaşamış insanların taleyi üzərindən qazanılan milyonlardan gedir.
Cəmiyyət bilməlidir ki, Qarabağa qayıdış prosesi doğrudanmı sosial ədalət üzərində qurulub, yoxsa bu da bir qrup məmur üçün yeni gəlir mənbəyinə çevrilib?
Redaksiya olaraq mövzunu diqqətdə saxlayırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mediatv.az


























