İdman (26-04-2014, 13:14)
Şumaxerin ayılması təkzib edildi
“Formula-1” yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin vəziyyətinin yaxşılaşmağa doğru getdiyi və onun ayıldığı ilə bağlı xəbər təkzib olunub
Apasport.az saytının məlumatına görə, bundan əvvəl pilotun meneceri Sabina Kemin Şumaxerin komadan ayıldığını, hətta, həyat yoldaşını tanıdığını bildirdiyi iddia olunurdu.
Xəbərdən az sonra "Bild" qəzetinin əməkdaşı Nikol Pol təkziblə çıxış edib: "Şumaxer ayılıb? Bağışlayın, amma bu xəbər doğru deyil. İndicə Sabina Kem mənə SMS göndərərək bildirib ki, Şumaxerin komadan çıxması ilə bağlı heç kimə bir söz deməyib!"
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü il dekabrın 29-də Fransanın Alp dağlarında xizək sürərkən yıxılıb və ağır beyin zədəsi alıb. Onun komaya düşməsindən 4 ay keçir. O, iki dəfə cərrahiyyə əməliyyatına məruz qalıb.