Hadisə (1-01-2018, 21:00)
Bərdədə xəstəxanadan qaçmaq istəyən şəxs faciəvi şəkildə öldü
Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.
Mediatv.az Report-a istinadən bürosu xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.
Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.