Hadisə (11-06-2017, 21:53)
Qazaxda iki qardaş suda boğulub
Qazaxda iki azyaşlı qardaşın faciəvi şəkildə gölməçədə boğulması ilə bağlı təfərrüatlar məlum olub.
Mediatv.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində şirkətlərdən birinə məxsus çınqıl karxanası ərazisindəki gölməçədə baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu qardaşı, 2007-ci il təvəllüdlü Nihadla ərazidə mal-qara otaran zaman gölməçədə çimmək istəyib. Suya girdikdən bir müddət sonra Lətif boğulmağa başlayıb. Bunu görən Nihad onu xilas etmək üçün suya girib. Lakin o da boğulub.
Kənd sakinlərinin dediyinə görə, uşaqların bazardan evə qayıdan anaları onları mal-qara otardıqları ərazidə görmədiyi üçün axtarmağa başlayıb. Ana çay kənarında ekskavatorların qazdığı çalada yaranmış gölməçənin yanından keçən zaman övladlarından birinin paltarlarını görüb. Əraziyə yaxınlaşan zaman gölməçədə oğlunun əlini görən ana ətrafdakıları köməyə çağırıb. Uşaqların hər ikisi sudan çıxarılıb.
Qeyd edək ki, ailənin iki ovladı var imiş.