Hadisə (5-02-2016, 14:15)
Çovdarovun “toy biznesi”
MTN generalı Rusiyadakı biznesmenləri necə tora salıb?
Mediatv.az xəbər verir ki, hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan informasiyada A.Çovdarovun Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmenləri necə tora salması, onların biznesinə necə şərik olması ilə bağlı ilginc məqamlar yer alıb.
Rusiyada işləməyin Akif Çovdarova verdiyi qazanc?
Mənbənin sözlərinə görə, bir müddət Rusiyada çalışan A.Çovdarov MTN-də işlədiyi dönəmdə Rusiyada əldə etdiyi bilgi və informasiyalardan şəxsi maraqları naminə maksimum faydalanıb ki, bu bilgilərdən ən önəmlisi orada biznes fəaliyyəi ilə məşğul oaln soydaşlarımızla bağlı olub. Belə ki, xaraktercə hər şeylə maraqlanan şəxs olan A.Çovdarov, hələ Rusiyada çalışdığı dönəmdə oradakı azərbaycanlı biznesmenlər haqqında geniş məlumat əldə etmiş, kimin hansı sahədə işlədiyi, bu biznesdən nə qədər gəlir əldə etdiyi ilə bağlı xeyli informasiyaya yiyələnmişdir. Eldar Mahmudovun xeyir-duası ilə MTN-də vəzifə pillələrində sürətlə yüksələn A.Çovdarov, Rusiyadakı əlaltıları vasitəsi ilə oradakı soydaşlarımızla bağlı informasiyalar əldə etməkdə davam edir. Nəhayətdə, idarə rəisi postuna təyinat alandan və E.Mahmudovun bir nömrəli yaxınları siyahısına daxil olandan sonra bu informasiyaları pula çevirməyə qərar verən A.Çovdarov bu istiqamətdə ciddi addımlar atmağa başlayır.
Diqqət: “Yem” yola çıxır”
Bilgili qaynağın sözlərinə görə, A.Çovdarov Rusiyadakı azərbaycanlı biznesmenləri “ilişdirib” onların pullarını əlindən almaq üçün bu şəxslərin Azərbaycana gəlişindən məharətlə istifadə edib. Belə ki, Rusiyadakı azərbaycanlılar arasında da geniş informasiya mənbələrinə malik olan A.Çovdarov, əksər hallarda hansısa azərbaycanlı iş adamının Azərbaycana gələcəyindən qabaqcadan xəbər tutmaq imkanına malik olub. İş adamlarının adətən toy, nişan, ad günü və ya yas mərasimləri ilə əlaqədar olaraq Azərbaycana gəlməsindən istifadə edən Çovdarov, biznesmenlərə təzyiq göstərərək onların pullarını ələ keçirmək üçün ya onların bilavasitə özündən, ya da buradakı ailə üzvləri və yaxın qohumlarından istifadə edib.
Çovdarovun “səxavəti”, yaxud “ittiham bolluğu”
Mənbənin sözlərinə görə, biznesmenlərin özünə və ya yaxınlarına qarşı ən ağır ittihamlar – dövlətə xəyanət, narkotik qaçaqmalçılığı, terrorizm və s. kimi ittihamlar irəli sürən Çovdarov, öz ittihamlarını əsaslandırmaq üçün ortaya ciddi “faktlar” da qoyub. Belə ki, məşhur sehrbazlar kimi bir dəqiqədə ən namuslu insanların eviindən, bağçasından, ticarət obyektindən kilolarla narkotik, modern hücum silahları çıxardan sabiq MTN generalı, bu “faktları” çəkiliş qrupunun, yalançı şahidlərin köməyi ilə ən mötəbər, topdağıtmaz faktlar kimi sənədləşdirib, məhz bundan sonra MTN zirzəmisinə “qonaq edilən” biznesmenlərlə alverə girib.
Biznesmenlərə seçim imkanı, yaxud Çovdarovsayağı humanizm: “ Ya ortaqlıq, ya həbs”
Məlumatlı mənbə A.Çovdarovun Rusiyada iri sənaye və ya ticarət obyektlərinə malik biznesmenlərin sadəcə pullarını almadığını, həm də bu şəxslər qarşısında ortaqlıqla bağlı tələblər qoyduğunu bildirib: “Çovdarovun ortaya qoyduğu “faktlar” qarşısında təslim olan əksər biznesmenlər qarşısında konkret tələb qoyulurdu ki, bu tələb də “ya ortaqlıq, ya həbs” seçimindən ibarət idi. Təbii ki, Çovdarovun həqiqət donuna bürüdüyü saxta faktlar nəticəsində uzunmüddətli həbs cəzasına məhkum olunmaq istəməyən biznesmenlər adətən bu təklifləri qəbul edir, bununla da sahib olduqları müəssisələrin 50%-i və ya daha çoxundan məhrum olurdular. A.Çovdarov-E.Mahmudov cütlüyü isə heç nədən – “nə yoğurdum nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə Rusiyada dəyəri yüzminlərlə, milyonlarla hesablanan obyektlərə sahib olurdu”.
Toya gələnlərə tutulan “toy”
A.Çovdarovun ortabab biznesmenləri də nəzərdən qaçırmadığını bildirən mənbə, MTN generalının Azərbaycana toya gələn bu şəxslərə sözün həqiqi mənasında “toy tutduğunu” da qeyd edib: “A.Çovdarov Azərbaycana toya və ya yasa gələn ortabab biznesmenləri də eyni “faktlarla” tələyə salır, daha sonra həmin şəxslərdən bir neçə yüz min manat və ya yarım milyon dollar alaraq “bağışlayırdı”. Çovdarovun Rusiyadakı azərbaycanlı biznesmenlərə tutduğu belə “toylar” qürbətdəki soydaşlarımız arasında əsl təlaşa səbəb olduğu üçün onların bir çoxu öz doğma vətəninə qorxa-qorxa, oğru kimi səssiz-səmirsiz şəkildə gəlir, toy, yaxud yas mərasimində iştirak edən kimi Azərbaycanı tərk etməyə çalışırdı. Çovdarovun caynağına keçən iş adamları isə 3 və ya 5 min manat yazılmaq üçün gəldikləri toydan 400-500 min manat itirərək çıxırdı. Bu taleyi yaşayan biznesmenlər haqqında Rusiyadakı azərbaycanlı iş adamları arasında məzəli bir deyim də formalaşmışdı. Bu qəbildən olan adamlar haqqında deyilirdi ki, filankəs 4 min yazılmalı olduğu toya 400 min yazılıb. Bu ifadə artıq həmin adamın Çovdarovun toruna düşdüyü anlamını verirdi”.
Partizansayağı qaçış
Mənbənin sözlərinə görə, əksər hallarda öz niyyətinə çatmasına baxmayaraq, bəzən Çovdarov üçün sürpriz sayılan hadisələr də baş verirdi. Belə ki, bəzən Azərbaycanda izləndiyini başa düşən və ya MTN daxilindəki hansısa kanal vasitəsi ilə tora salınacağını bilən iş adamları elə gecəyarı ucqardakı sərhəd-keçid məntəqələri vasitəsi ilə ölkəni tərk edir, bununla da öz can və mal təhlükəsizliyini təmin edə bilirdi: “Azərbaycanı bu şərtlər altında, çətin marşurutlarla tərk edən şəxslərin bu gedişi iş adamları tərəfindən partizansayağı qaçış adlandırılır, böyük fərasət və sayıqlıq nümunəsi kimi təqdir edilirdi. Azərbaycanlı biznesmenlər öz aralarında yarızarafat-yarıgerçək deyirdi ki, A.Çovdarov bu gedişlə bütün sahibkarları partizan edəcək. Lakin A.Çovdarovun həbsi onun digər layihələrini yarımçıq qoymaqla yanaşı, “partizanlıq məktəbinin” də bağlanmasına səbəb oldu ki, bu da biznesmenlərin Azərbaycana asudə gəlib-getməsinə şərait yaratdı. Əks təqdirdə, Çovdarova məxsus partizanlıq məktəbinin hələ çox məzun yola salacağı şübhəsiz idi ”. (Moderator.az)