Cəmiyyət (14-11-2015, 15:12)
MTN generalının balıq biznesi
Dünən MTN generalı Akif Çovdarovun Laçın rayonundan olan və Masazırda məskunlaşan məcburi köçkün Fehruz Məmişova məxsus 5 hektarlıq örüş sahəsini ələ keçirdiyindən bəhs etmişdik.
Mediatv.az xəbər verir ki, bu günlərdə A.Çovdarovla bağlı Moderator.az-a yeni bilgilər verən mənbə, MTN generalının Füzuli rayonundan olan bir şəxsin də Masazırda yerləşən bir hektarlıq sahəsinə əl qoyduğunu bildirib:
“F.Məmişova məxsus 5 hektarlıq ərazidə özünə çoxlu sayda müasir istixanalar inşa etdirən A.Çovdarov, Füzuli rayonundan olan bir şəxsin təxminən bir hektarlıq ərazisini qeyri-qanuni surətdə ələ keçirərək burada şəxsi balıq təsərrüfatı formalaşdırıb. Belə ki, Masazırda yerləşən bu təsərrüfatda balıqların süni üsullarla artırılması xidmət edən vətəgələr, eləcə də bu balıqların emalının həyata keçirən çoxsaylı sexlər mövcuddur. Həmin vətəgələrdə yetişdirilən balıqlar elə bu sexlərdə emal edilərək bazara çıxarılır ki, bu da A.Çovdarov hər ay xeyli miqdarda vəsait qazandırır”.
Mənbənin sözlərinə görə, Füzuli rayonundan olan torpaq sahibinin əlindəki bir hektarlıq torpaq sahəsinin alınmasının maraqlı tarixçəsi mövcuddur:
“A.Çovdarovun adamları Masazırda yalnız F.Məmişovdan deyil, digər şəxslərdən də torpağı “asan yolla” – sadəcə “profilaktiki söhbət” və hədə-qorxu yolu ilə alsalar da, əslən füzulili olan torpaq sahibindən bir hektarlıq ərazini almaq üçün bir xeyli “tər tökməli” olub. Belə ki, öz torpağından A.Çovdarovun xeyrinə imtina etməyən bu şəxsin yola gəlmədiyini görən generalın adamları, onu MTN zirzəmisinə apararaq düz iki ay zirzəmidə saxlayıb, həmin şəxsi fikrindən daşındırmaq üçün fiziki-mənəvi və psixoloji işgəncələrə məruz qoyub.
MTN zirzəmisində qaldığı müddətdə torpaq sahibinə başa salınıb ki, onun torpaq məsələsində ortaya qoduğu mövqe heç nəyi dəyişən deyil və o, bu torpaqdan “xoşluqla” əl çəkməsə, bir neçə maddə ilə həbs ediləcək. Torpaq sahibinə bildirilib ki, onu elə maddələrlə məsuliyyətə cəlb edəcəklər ki, bu maddələrlə hətta həbsxanada belə ona rahatlq verməyəcəklər.
Nəhayət, iki aylıq təzyiq kampaniyasının ardınca məcbur qalan torpaq sahibi bir hektarlıq ərazini A.Çovdarovun xeyrinə güzəştə getməyə məcbur olub. Məhz bundan sonra ərazidə MTN generalına məxsus böyük balıqçılıq təsərrüfatı inşa edilir ki, bu gün həmin təsərrüfatın aqibəti A.Çovdarovun özünün aqibəti kimi müəmmalıdır”.
PS.Redaksiyamızda A.Çovdarovun daha bir vətəndaşın 10 hektarlıq torpaq sahəsinə əl qoyduğu ilə bağlı məlumatlar var. Yaxın günlərdə bu şəxsin kimliyi və onun torpaqları üzərində generalın hansı təsərrüfat fəaliyyəti ilə məşğul olduğu haqqqında oxuculara məlumat verəcəyik.