Hadisə (6-01-2016, 09:56)
“İntihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir” – Psixi Sağlamlıq Mərkəzi
“Aparılan müşahidələrə görə, Azərbaycanda intihara cəhd edən insanlar müalicə olunmağa maraqlıdırlar. Lakin çox adam onları müalicə olunmağa düzgün yönləndirə bilmir”.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, statistikaya əsasən, intihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir.
F.İsmayılov qeyd edib ki, intihara cəhd edənlərin müalicəyə düzgün yönləndirilməməsinin əsas səbəbi insanların məlumatsızlığıdır: “İntihar etmək istəyənlər ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə hansısa bir tanışına deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir və bu fikirlərə ötəri yanaşır. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu düşünərlər. Onun problemləri ilə maraqlanmaq, fikirlərini bölüşmək lazımdır. Ancaq çox zaman belə hallar olmur. Əgər müəllim uşağın dərsdə daim narahat olduğunu, darıxdığını görürsə, bu barədə valideynlərə məlumat verməlidir. Onlar da psixoqlara, psixiatrlara müraciət etməlidirlər”.
F.İsmayılov deyib ki, Azərbaycan cəmiyyətində psixi pozuntularla bağlı güclü stiqma olduğundan insanlar psixiatr və psixoloqlara da vaxtında müraciət etmirlər.
Mərkəz direktoru hazırda bütün tibb müəssisələrində psixiatr və psixoloqun fəaliyyət göstərmədiyini də açıqlayıb.
F.İsmayılov hesab edir ki, intiharın qarşısını almaq üçün ilk növbədə depressiyanın qarşısını almaq lazımdır. Çünki depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillilik var.