Hadisə (28-12-2015, 15:16)
"Cəbhədə vəziyyət daha da gərginləşəcək" - Politoloq
“2016-cı il üçün Azərbaycanın daxili siyasətində dəyişiklik gözləmir”.
Mediatv.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində də ciddi yenilik gözləmir: “Hesab edirəm ki, getdicə cəbhə bölgəsində vəziyyət daha da gərginləşəcək. Gələn il üçün atəşkəsin intensiv pozulması halları artacaq. Buna baxmayaraq, lokal toqquşmaların genişmiqyaslı müharibəyə çevriləcəyini də zənn etmirəm. Cənubi Qafqazda yeni müharibənin başlamaması üçün böyük dövlətlər bütün imkanlarını səfərbər edəcəklər”.
Azərbaycanın xarici siyasətinə gəlincə, politoloq qeyd edib ki, ABŞ-la yaranan müəyyən suallara baxmayaraq, Azərbaycan-ABŞ əməkdaşlığı inkişaf edəcək.
“ABŞ Azərbaycanın böyük enerji layihələrini dəsətkləyir. Ona görə də TAP və TANAP-a lobbiçilik edir. Bu baxımdan gələn il Azərbaycanın ABŞ-la təhlükəsizlik və enerji sahələrində əməkdaşlığını genişləndirmək ehtiyacı yaranacaq. İranla münasibətlərdə isə sanksiyalar bu ölkənin üzərindən götürüldükdən sonra Azərbaycan-İran arasında nəqliyyat layihələrinin həlli gündəmə gəlib. Eyni zamanda gələn il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşməsi ilə də yadda qalcaq”, -deyə E. Şahinoğlu qeyd edib.