Hadisə (25-08-2015, 11:17)
Bakıda dünyaya gələn üçəmlərdən ikisi öldü - VİDEO
İndi ailənin tək istəyi üçəmlərdən sonuncusu olan qız övladlarını həyatda saxlamaqdır.
Bakıda dünyaya göz açan üçəmlərdən ikisi 28 gündən sonra dünyasını dəyişib.
ANS TV-nin məlumatına görə, Əliyevlər ailəsinin 3 illik həsrətdən sonra övlad sahibi olma sevinci çox çəkməyib. Körpələr dünyaya gəlib, hətta bu xəbərə sevinən Nəriman baba dərhal Sumqayıt şəhərindən Bakıya üz tutub.
Ancaq bu sevinc vur-tut 28 gün davam edib. Ata Kamran Əliyev bildirir ki, üçəm doğulduqdan 28 gün sonra onlar Elmi Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. Nə baş veribsə də, bundan sonra olub. 22 avqust tarixində üçəmlərdən biri oğlan uşağı dünyasını dəyişib. Səbəbsə, infeksiya yoluxması göstərilib.
Bundan iki gün sonra, yəni ötən gün üçəmlərdən biri də ölüb. İndi isə ailənin tək istəyi üçəmlərdən sonuncusu olan qız övladlarını həyatda saxlamaqdır. Ata həkimləri səhlənkarlıqda ittiham edir.
Kamran Əliyev deyib ki, 7 aydan sonra üçəmlər dünyaya gəlib, həkimlər körpələrin vəziyyətinin normal olduğunu, Elmi Tədqiqat Pediatriya İnstitutuna, sadəcə olaraq, çəkilərinin artırılması üçün göndərdiklərin bildirmişdilər.
Məsələ ilə bağlı Elmi Tədqiqat Pediatriya İnstitutun direktoru Nəsib Quliyev bildirdi ki, üçəm 21avqust tarixində ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Onlarda tibbdə müalicəsi mümkün olmayan xəstəlik müşahidə edilib:
"Üçəmlərin ikisində qorxulu xəstəlik aşkar olunub. Bu səbəbdən də görülən bütün lazımi tədbirlərə baxmayaraq uşaqları xilas etmək mümkün olmayıb. Təəssüflər olsun ki, sonuncu uşaqda da bu xəstəliyin əlamətləri görünür. Buna baxmayaraq çalışırıq ki, uşağı xilas edək".
Səhiyyə ocağının rəhbəri bizi əmin etdi ki, sonuncu körpənin sağ qalması üçün əllərindən gələni əsirgəməyəcəklər. Bunun üçün körpənin bütün əlavə xərclərini xəstəxana rəhbərliyi öz üzərinə götürüb.
Bir sözlə, məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir.
Faktla bağlı nazirlikdə araşdırmalar da aparılır.
Ailəninsə tək ümidi sonuncu körpəyə qız övladlarınadır.