Hadisə (23-05-2015, 13:43)
"Mən sammiti yarımçıq tərk etməmişəm, bu, Ermənistanın uydurmasıdır"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı «Şərq Tərəfdaşlığı» ölkələrinin Riqa sammitində Azərbaycanla bağlı baş verənlərə aydınlıq gətirib.
Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, Avropa İttifaqının tərəfdaş ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb: «Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq».
E.Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: «Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi».
* * * 12:34
Postsovet ölkələri Avropa İttifaqı (Aİ) ilə müxtəlif əməkdaşlıq formatlarını seçiblər. Moldova, Gürcüstan və Ukrayna özləri üçün müəyyənləşdiriblər ki, Aİ ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etmək istəyirlər, Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçiblər, Azərbaycan isə Aİ ilə qarşılıqlı münasibətlərini ikirtərəfli formatda qurur.
"Trend"-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib.
Onun sözlərinə görə, bu, qarşılıqlı münasibətlərin ən rahat formatıdır: "Azərbaycan Aİ ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır".
E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın Aİ-nin demək olar bütün üzv ölkələri ilə sıx münasibətləri var: "Bu günlərdə Riqada Aİ ilə tərəfdaşlıq haqqında yeni saziş layihəsini təşkilatın rəhbərliyinə təqdim etdim. Söhbət bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir"
Nazir əlavə edib ki, Azərbaycan üçün enerji əməkdaşlığı, xüsusilə Azərbaycan qazının Avropaya tədarükləri çox böyük maraq doğurur.