İqtisadiyyat (8-09-2014, 23:41)
Moldova Azərbaycana aqrar məhsullar təklif edir
Natalya German: «Moldova azərbaycanlı iş adamlarına yeni bazar təqdim etməyə hazırdır»
Ölkələr üçün vacib olan bir çox məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda moldovalı həmkarı Natalya Germanla danışıqların yekunlarına həsr edilən brifinqdə bildirib: "Biz iki ölkənin əməkdaşlığı üzrə intensiv fikir mübadiləsi apardıq. Mövqelərimiz bir çox məsələlərdə üst-üstə düşür. Hər iki tərəf ölkələrimiz üçün mühüm olan Dağlıq Qarabağ və Dnestryanı münaqişələri kimi məsələlərdə eyni mövqedən çıxış edir".
Moldova Azərbaycanı potensial səhmdar kimi görür. Bunu isə Moldova baş nazirinin müavini və xarici işlər naziri N.German deyib. Onun sözlərinə görə, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, lakin Kişinyov onun ölkədə iştirakının genişlənməsində maraqlıdır". N.German deyib ki, Moldova isə öz növbəsində Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü təklif edir: "Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və Azərbaycan istehlakçıları razı qalacaq". Onun sözlərinə görə, iki ölkənin siyasi sahədə ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrin ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivləri var: "Moldova Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır". N.German deyib ki, Moldova və Aİ-nin əməkdaşlığının yeni səviyyəyə çıxması ilə ölkə azərbaycanlı iş adamları üçün yeni bazar təqdim etməyə hazırdır: "İki ölkənin əməkdaşlığı üçün daha bir sahə təhsildir. Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır".
Suallara cavab verən E.Məmmədyarov prezidentlərin Uelsdə keçirilmiş son danışıqlarına da toxunub. Bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında bu yaxınlarda Uelsdə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb. Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib. E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi sadədir: "Bakı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir, çünki bu cür vəziyyət ölkə üçün qəbuledilməzdir".
Nazir bildirib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək: "Bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək".
Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə iştirak edir.