Hadisə (23-05-2015, 11:46)
Ötən il büdcədən investisiyalara 6 milyard xəclənib
Onların əhəmiyyətli hissəsi bu gün sökülən penaplast üzlüklü binalara xərclənib
2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18384,0 mln. manat proqnoza qarşı 18,4 milyard manat və yaxud nəzərdə tutulduğundan 16,6 mln. manat çox icra edilib. Bu, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatda göstərilir. Ötən ilin büdcə daxilolmalarına gəlincə, qeyri-neft sektoru üzrə 6,2 milyard manat təşkil edib. Bu, 2013-cü illə müqayisədə 19,3 faiz (1010,3 mln. manat) faiz çoxdur. Gəlirlərin strukturunda 50,7 faizi və 9,3 milyard manatı Dövlət Neft Fondundan transfert təşkil edib. Ikinci mənbə isə 38,7 faizlə Vergilər Nazirliyi tutur. (Bizim Yol)
Neft sektorunda azalma
Belə ki, bu istiqamətdə daxilolmalar 7,102 milyard manat proqnoza qarşı 7,113 milyard manat icra olunub. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 4,3 milyard manatı və yaxud 60,5 faizi qeyri-neft sektorunun, 2,8 milyard manatı və yaxud 39,5 faizi neft sektorunun payına düşür. 2013-ci illə müqayisədə (2,9 milyard manat ) neft-sektorundan daxil olmalarda azalma müşahidə edilir.
Ötən ilin dövlət büdcəsinin xərclərinin icra vəziyyətinə gəlincə, hesabatdan da aydın olur ki, 2014-cü il olduqca gərgin il olub. Belə ki, dövlət büdcəsinin xərcləri 20 milyard 063 milyon manat proqnozlaşdırımasına rəğmən, 18 milyard 709 milyon manat və yaxud 93,3 faiz icra edilib. Hətta bu istiqamətdə 2013-ci illə müqayisədə isə təqribən 1 milyard manat ətrafında azalma müşahidə olunur. ÿ
Hesabat ilində iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 29,3 faizi və yaxud 5,4 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Onun 3,1 milyardı əməyin ödənişinə, 1,8 milyardı isə təqaüd və sosial müavinət üzrə xərclərə istifadə olunub.
Sosial xərclərə cəmi 2 milyard manat
Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 4,9 milyard manat proqnoza qarşı 4,6 milyard manat yönəldilib.ÿ
2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri (cari) üzrə də azalma müşahidə edilir. Hesabat dövründə 2, 072 milyard manat proqnoza qarşı icra 1,971 milyard manat və yaxud 95,2 faiz olub.
İnvestisiya xərcləri 6.2 milyard
2014-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Fonda 1,1 milyard manat məbləğində vəsait transfert (maliyyə yardımı) edilib. Belə aydın olur ki, fondun sosial ödənişlərdən daxil olan gəlirləri cəmi 800 milyon manat təşkil edib.
Hökumət sosial xərclərdə xeyli ixtisarlar aparsa da, investisiya xərclərinə toxunmayıb. 2014-cü il dövlət büdcəsindən proqnozlaşdırılan vəsaitin hamısı 6,2 milyard manatı da istifadə olunub. Hesabat dövründə dövlət büdcəsində 308,4 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub.
İnvestisiya xərclərinə ayrılan vəsait 20 milyard manatlıq büdcənin üçdə birini təşkil edir.
Belə bir xərcləməyə getmək nə dərəcədə düzgün yanaşmadır?
Bu xərclərin böyük hissəsi isə yanğına dözümsüz olduğu üçün sökülən üzlüklərə xərclənib. Çox geniş miqyaslı layihə olan binaların üzlənməsi külli miqdarda dövlət vəsaiti hesabına başa gəlib. Hazırda da sünü örtüklə üzlənən binalar dövlət hesabına sökülür və yenidən üzlənəcək.
Xarici investisiya cəlb olunmalıdır
İqtisadçı-ekspert Samir Əliyev azadlıq.info-ya bildirib ki, son illər büdcədə investisiya xərcləri çox böyük çəkiyə malikdir. Ölkə iqtisadiyyatında investisiya xərclərinin əhəmiyyətli rol oynadığını deyən S.Əliyev bildirdi ki, kapital qoyuluşunun böyük hissəsi daxili investisiya hesabına həyata keçirilir: “Daxili investisiya dedikdə burada əsas yük düşür məhz bu dövlət büdcəsi hesabına ayrılan vəsaitlərin üzərinə. Əslində daha normal olardı ki, ölkəyə daxili deyil, əsasən xarici investisiyalar cəlb olunsun. Amma daxili proyektlər yerli, büdcə məşəli investisiya hesabına reallaşır ki, bu da uğurlu nəticə deyil. Ölkə iqtisadiyyatında başlayan canlanmanın, aktivliyin artmasının, tikinti sektorunun inkişafının kökündə məhz dövlət büdcəsindən ayrılan investisiya xərcləri əhəmiyyətli rol oynayırdı”.
Hazırda neftin ucuzlaşmasının fonunda dövlət investisiya xərclərinin reallaşmasında böyük çətinliklərin yaşandığını deyən S.Əliyev bildirdi ki, bu layihələr ya tamam dayandırılıb, ya da bəzi sahələrə bu pullar yalnız məhdud sayda buraxılır. Regionlarda tikinti dayanıb, iş yerləri ixtisar olunub. Bir növ ölkədə biznes mühütü donub, iqtisadi aktivlik dayanıb: “Ölkə iqtisadiyyatı üçün investisiya lazımdır. Xüsusilə də bu investisiyanın strateji istiqamətlərə yönəldilməsi vacib xarakter daşıyır. Amma elə bir vəziyyət yaranıb ki, ölkəyə xaricdən investisiya axını olmasa səhərsi gün daxili investisiya axını zəifləyən zaman, ölkə iqtisadiyyatında artım kəskin dayana bilər”.