Hadisə (18-05-2015, 16:44)
Hökumət offşor zonalardan pulları qaytarır
Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır.Bu barədə məlumatı fineco.az agentliyi yayıb. Məlumatda deyilir ki, artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.Hələlik təfərrüatlar məlum olmasa da hakimiyyətin offşor zonalardan pulların geri qaytarılmasına imkan yaradan qanun layihəsi üzərində işləməsi ciddi iqtisadi hadisədir.
Belə ki, son illər dünyada müşahidə edilən offşorlaşma kampaniayasından Azərbaycan da kənarda qalmayıb. Dünyanın vergi cənnətləri kimi tanınan offşor zonalara Azərbaycanda da milyardlarla dollar kapital axıb. Oliqarxlar bizneslərini offşor zonalarda qeydiyyatdan keçiriblər və beləliklə vergidən azaddırlar.
Ancaq indi neft gəlirlərinin azaldığı, ölkədə müəyyən iqtisadi çətinliklərin müşahidə edildiyi indiki vaxtda offşor zonalardan kapitalın geri qaytarılmasına imkan yaradan, yəni maliyyə amnistiyasını nəzərdə tutan qanunun qəbulu rasional addım ola bilərdi.
“Deoffşorizasiya” termini ilk dəfə Rusiyada yayılıb. Rusiya prezidenti Vladimir Putin Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra offşor zonalarda cəmləşdirilmiş kapitala aministiya verilməsini nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. Rusiyada deoffşorizasiya haqda qanun 2015-ci il, yanvarın 1-dən qüvvədədir.
Lakin ekspertlərin qənaətinə görə, bu qanunun effekti gözlənildiyi kimi olmayacaq. Çünki offşor zonalarda qeydiyyatdan keçmiş şirkətləri Rusiyanın yurisdiksiyası altına keçməyə sövq etmək elə də asan deyil. Şərtlər nə qədər cəlbedici olsa da bunun üçün ciddi struktur islahatları, korrupsiya və mülkiyyət hüquqları məsələsinin həlli lazımdır.
Məhz MDB ölkələrinin əksəriyyətində mövcud olan bu vəziyyət kapitalın offşor zonalara axıdılmasının əsas səbəblərindən biridir.
Digər tərəfdən, offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər beynəlxalq maliyyə əməliyyatları aparmaq və müqavilələr bağlamaq üçün zəruridir.