Gündəm (27-04-2014, 14:55)
“Bu adamlar öpüşmək üçün əldən-ayaqdan gedirlər”
“Deyirəm ki, tərbiyəniz olsun, bütün əsərlərdə seks var”
Elçin Əfəndiyevin müəllifi olduğu və rejissor Mehriban Ələkbərzadənin səhnələşdirdiyi "Qatil" tamaşası ətrafında baş verən qalmaqal hələ də davam edir. Buna səbəb xalq artisti Alim Qasımovun tamaşadakı erotik səhnələrlə barışmayıb, Akademik Milli Dram teatrını tərk etməsidir. Bəs, teatrın əməkdaşları açıq-saçıq səhnələrə necə baxırlar? Xalq artisti, Akademik Milli Dram teatrının aktyoru İlham Əsgərov "Reytinq"ə müsahibəsində bu məsələyə də toxunub:
- Çox şeylər var. Amma demək olmur. Xaricdə nə istəsələr, edə bilərlər. Azərbaycanda isə bu, mümkün deyil. Çünki bizim tamaşaçı auditoriyamız fərqlidir. Əsər hazırlayarkən tamaşaçıların arasında uşaqların, yaşlı insanların ola biləcəyini də nəzərə almaq lazımdır.
- Niyə aktyorlar bir araya gəlib, belə məsələlərə öz münasibətlərini bildirmirlər?
- Çünki bizdə birlik yoxdur. Bunun üçün ən azı 10 aktyor bir araya gəlməlidir. Hardan tapaq 10 aktyoru? Bu gün heç iki aktyoru da bir yerə yığmaq olmur.
Həyatda elə şeylər var ki, adam hətta bu barədə düşünmək belə istəmir. İnsanların arasında bir-birindən iyrənc hadisələr olur. Bu, o demək deyil ki, həmin iyrənclikləri səhnəyə, kinoya gətirməlisən. Teatrın, səhnənin öz dili var. Tamaşaçı ilə onun öz dilində danışmaq lazımdır. Bəlkə də böyüklər həmin səhnələri normal qarşılayırlar. Bəs, uşaqlar? Onları teatrla, kino ilə gələcəyə aparmaq lazımdır. Amma tetarda elə səhnələr var ki, həddindən artıq şit alınır. Bəzən görürük ki, əsərdə belə səhnələr yoxdur. Amma rejissor düzəlişlər edir, özündən səhnələr artırır. Müəllif isə buna etiraz etmir. Hamı istəyir ki, əsəri səhnələşdirilsin.
- Son vaxtlar bu fikir xeyli populyarlıq qazanıb. Deyirlər ki, Akademik Milli Dram teatrında rejissorlar quruluş verdiyi əsərdə bəzən öz həyatlarını da səhnəyə gətirirlər...
- Hə, belə deyirlər. Bəzən rejissorlar öz həyatlarını səhnəyə gətirməyə can atırlar. Amma onlar başa düşmürlər ki, şəxsi həyat səhnə üçün deyil. Yataq söhbətlərini səhnəyə gətirmək olmaz!
Bəzən az qalır ki, dəli olasan. Bunun üçün müəyyən elementlər var ki, onlardan istifadə etmək olar.
Sonra da deyirik ki, uşaqlar pozulub. Uşaq necə pozulmasın? Axı, onlar da belə səhnələrə baxırlar. Həm də teatrda. Bəlkə də təcrübəsizlik üzündən kimlərsə buna icazə verir. Amma bunun qarşısını almaq lazımdır. Bunun qarşısını almadığımız üçün əxlaqsızlıq baş alıb gedir. Heç kim böyük sözü eşitmir.
Mən demirəm ki, hamı əməlisaleh olmalıdır. Həyat davam etdikcə bu çirkinliklər də olacaq. Amma bu o demək deyil ki, sən bu çirkinliyi səhnəyə gətirməlisən. Sən tozu-torpağı deyil, təbiətin gözəlliyini səhnəyə gətir.
Elə tamaşaçılar var ki, özünü əsərdəki qəhrəmanlara oxşadır. Hətta tamaşaya axıra kimi də baxmır. Bax, cəmiyyət də belə dəyişir. Vallah, belə olmaz!
Vaxtilə teatrın repertuarında tamaşalar vardı. Tamaşaçılar həvəslə gəlib baxırdı, hamı razı gedirdi. Belə tamaşaların hamısını repertuardan yığışdırdılar. İndi biz neyləyək? Bu qədər böyük bir tarixə malik olan teatr keçib uşaqların əlinə.
- Kimdən narazı olduğunuzu konkret deyə bilərsiniz?
- Nicat Kazımov gəlib Akademik Milli Dram teatrının səhnəsində tamaşa səhnələşdirir. O, bizim teatrda bir tamaşa qurdu, amma alınmadı.
Sonra daha bir tamaşanı öhdəsinə götürdü. İkinci tamaşa da alınmadı. Ancaq yenə də deyir ki, birini də verin.
Ona demək lazımdır ki, birini verdik alınmadı. Özünə niyə əziyyət verirsən?
Nicat quruluş vermək üçün üçüncü tamaşanı da təhvil aldı. Baxırsan ki, bu tamaşada da başqa-başqa oyunlar gedir.
Deyirəm ki, tərbiyəniz olsun, bütün əsərlərdə seks var. Amma bu, səhnə üçün deyil. Sevgi səhnələrini mədəni şəkildə təqdim etmək lazımdır. Bu adamlar öpüşmək üçün əldən-ayaqdan gedirlər. Amma hər şeyin bir həddi olmalıdır. Bu qədər tərbiyəsizlik eləmək olmaz! İnanın səmimiyyətimə, mən hələ bir dəfə də ailəmlə, uşaqlarımla teatra getməmişəm.
- Niyə?
- Utanıram. Uşaqlardan ayıbdır. Ailə ilə ora necə gedəsən? Düzdür, inkişaf var, amma bu eybəcərliklər onların hamısını arxa planda qoyur.
Biz bu xalqa xidmət edirik. Bizim tamaşaçılar xaricdə olarkən, qarşısında çıxış etdiyiniz adamlardan çox fərqlənirlər. Həmin ölkələrdəki iyrənc şeyləri bura gətirmək lazım deyil. Vaxtilə bizim mədəniyyəti o ölkələrə aparırdılar, indi oradakıları Azərbaycana gətirirlər.
Mən öz millətimə xidmət edirəm. Millətin tələbi nədirsə, biz də ona can atmalıyıq. Mən həyatımda eşitmədiyim söyüşləri səhnədən, efirdən eşidirəm. Bütün telekanallarda söyüş baş alıb gedir. Bilmirəm, hansı telekanala baxım. Vay o günə ki, evdə qonaq ola.
Bir müddət əvvəl evdə qonaq vardı. İctimai Televiziyanı abırlı kanal hesab edib, ora baxmaq istədik. İTV-də yeni bir tamaşa gedirdi. Həmin tamaşaya baxıb, necə əsəbləşdimsə, ağır xəstələndim.
Deməli, belə bir səhnə oldu. Qız gəlir direktorun otağına. Direktor ona elə söz deyir ki, mən bunu dilimə gətirməyə xəcalət çəkirəm. Necə hirsləndimsə, əlimdəki pultu televizorun ekranına çırpdım, pult çilik-çilik oldu. Hirs vurdu başıma, İsmayıl Ömərovun telefon nömrəsini axtardım, tapa bilmədim. Axırda Cəsarətə zəng vurub dedim ki, bu nədir, utanmırsınız?
Dedi, həmin hissəni kəsmişik axı.
Dedim, rəhmətliyin oğlu, nə kəsmək, bu ifadə artıq evlərdədir.
Müəllifi soruşdum, dedi ki, Yusif Əkbərdir. Ona zəng vurdum ki, belə biabırçılıq olar?
Sevincək dedi ki, o tamaşanı mən çəkmişəm.
Dedim ki, sən bunu çəkəndə ailəni düşünmədin?
Qayıtdı ki, əsəri Rafiq Səməndər yazıb.
Hətta müəllif yazsa da, onu efirə çıxartmaq olmaz. Bu çirkinliklər gəlib sonda harasa dirənir. Bax, Rafiq Səməndər bunu etməməliydi.
AzTV-də olanda mən ona çoxlu mövzular verdim. Heç birini efirə vermədi. İndi sevinirəm ki, nə yaxşı, həmin mövzuları işləməyib. Nə uşağı düşünən var, nə də böyüyü.
ANS telekanalı "Seçilmişlər" adlı bir film çəkib. Tərifləyirlər, ayaqlar altına xalça-palaz sərirlər. Baxandan sonra gördüm burada təriflənəsi heç nə yoxdur.
Bundan başqa bir "Xoca" filmi çəkdilər. Özləri baxıb, özləri də tərifləyirlər. O filmdə də heç nə yoxdur.
Nə ictimai qınaq var, nə də təbliğat. Bu, mənfi tendensiya Azərbaycanı təhlükəyə aparır.
Filmdə deyir ki, "mən onu qandon kimi ataram". Bu sözü ssenariyə niyə salırsan? De ki, mən onu zibil kimi ataram. İndi gəl, bunu ailənə başa sal. Səhnədə "ancaq" yerinə "lakin", "fəqət" sözünü işlədirlər.
Bilirsiniz, baş rejissorsuz teatr olmaz. Olsa da özəl teatrlar olar. Onu da yaşada bilsən. 30 ildir ki, teatrda baş rejissor yoxdur. Niyə? Ona görə ki, rejissor axarışda olacaq. Heç kimin aktyorları görməyə gözü yoxdur.
- Buna səbəb nədir?
- Çoxları istedadlı adamlardan qorxur. Onlara sözəbaxan aktyorlar lazımdır. Ağzı söz tutmayan uşaqlar teatrdadır, istedadlı aktyorlar isə kənarda qalıb.
- Sizin istedadlı aktyorlarınız olduğu halda istedadsız və başqa teatrların əməkdaşları səhnənizdə obrazdan obraza girirlər...
- Bu adamlar istəyirlər ki, Akademik Milli Dram teatrının aktyorları çıxıb getsinlər.
- Bəs, niyə səsinizi çıxarmırsınız?
- Səhnə böyük bir tribunadır. Amma danışmayandan sonra bunun heç bir əhəmiyyəti qalmır. Aktyor asılı sənətdir.
- Bu cür düşündüyünüz üçün azadlığınızı itirmisiniz...
- Tapançamız olsa, bəlkə də bizdən qorxarlar. Ya da yuxarıdan göstəriş olsa, bir az çəkinərlər. Amma aktyordan heç kim qorxmur. Biz neyləyə bilərik? Asılı sənətik, kimlərinsə hüzurundayıq. Biri fəxri ad, biri maaş, biri mükafat, digəri də ev istəyir. Ona görə də düz yol tuta bilmirik. Satqınlıq buradan əmələ gəlir. 37-ci ildə də belə olub. Ad-sandan ötrü dostlarını satanlar olub. İndi həmin dövrdəyik. Bunlar adamı həbs etdirər.
Mənə milli ruhda olan bir tamaşa göstərin. Deyin ki, bu tamaşa Azərbaycanın milli ruhuna köklənib. O boyda Mərahim Fərzəlibəyov indi heç kəsə lazım deyil. Hələ Rövşən Almuradlını demirəm. Niyələr var, amma heç kim bunun cavabını tapa bilmir.
Elə biri mən. Xəstələnəndə heç kəs maraqlanmadı ki, bu aktyor ölüb, yoxsa sağdır? Rafael Dadaşov gördü ki, öləcəm, Mədəniyyət və Turizm Nazirliyinə zəng vurdu. Dedi ki, xəbəriniz var, bir aktyor xəstəxanada ölür. Ondan sonra dedilər ki, baxarıq. Vəssalam. Bundan başqa heç nə görmədim.
- Toylara gedirsiniz?
- Əlbəttə. Məclislər bu xalqın övladlarına məxsusdur. Yaxşı, mən getməyim, o, getməsin, bəs məclisləri kim idarə etsin? Əgər kimsə məni sayıb dəvət edirsə, ona necə "yox" deyə bilərəm? Məclislər bizlərin sayəsində təmtəraqlı olur. Başqalarından fərqli olaraq, mən şit-şit söhbətlər etmirəm. Azərbaycan klassiklərindən, məsələn, Nizamidən, Füzulidən, Nəsimidən, Aşıq Ələsgərdən, Bəxtiyar Vahabzadədən, Sə-məd Vurğundan şeirlər deyirəm. Qonaqlar da sevinirlər, bu, onların əhval-ruhiyyəsindən də hiss olunur.