Sosial (13-02-2014, 16:50)
“Kəmaləddin Heydərovla bağlı böyük ədalətsizliyə yol veriblər”
"Təzadlar”ın təəssübkeşlərindən biri və sevimlisi, xalq artisti, Prezident təqaüdçüsü Ramiz Məlik səhhətindəki bəzi problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alandan sonra evə buraxılmışdı. Necə deyərlər, “həm ziyarət, həm də ticarət” fəlsəfəsinə könül verib istəkli sənətkar, çoxsaylı şedevr rolların ifaçısı Ramiz Məliklə elə evində görüşdük... Və səmimi görüşdən, səhhətinin artıq yaxşı olması sevincini bölüşdükdən sonra “Təzadlar”ın məşhur “Vaxt itirməyə vaxtımız yoxdur!” prinsipini rəhbər tutub birbaşa mətləbə keçdik:
-Ramiz müəllim, bugünkü teatrımız əvvəlki illərdə olduğu səviyyədən olduqca uzaqdır. Artıq korifeylərimiz yoxdur, sizin kimi xalq artistləri-nəhəng sənətkarlar isə kölgədə qalırlar, nəyə görə? Bu sizi bir sənətkar kimi ağrıtmırmı?
-Əlbəttə, bəzi nüanslar və problemlər var. Əvvəlki sənətlə indiki sənəti müzakirə etmək, əslində, düzgün deyil. O vaxtkı sənətkarlarla da indiki sənətkarları müqayisə etmək olmur. O səntkarlar həyatda yoxdur. Bizim nəsil xoşbəxt nəsildir ki, o korifeylərlə çalışıb bu səviyyəyə çatmışıq, Azərbaycan xalqının rəğbətini qazanmışıq. Mənimlə yaşıd olan Rəfael Dadaşov, Səidə Quliyeva, Sənubər xanıma olan münasibəti görürəm tamaşaçılar tərəfindən... Sevindiricidir... Kinoya, teatra dövlət qayğısı lazımdır. Dövlətdən qayğı olur, amma qayğı o dərəcədə öz funksiyasını yerinə yetirə bilmir. Əvvəl sovet hökuməti vaxtında yarım milyon rubla o cür “Yeddi oğul istərəm” kimi film çəkilirdi, başqa filmlər də həmçinin. Mənim çəkildiyim “O qızı tapın” filmi 700 min manata çəkilmişdi. İndi 7 milyona çəkilənlərə bir baxın, adam utanır... Və yaxud başqa filmlər. O vaxtkı mövzularla indiki mövzular arasında, o vaxtkı rejissorlarla indiki rejissorlar arasında böyük fərq var. O vaxt onlar Moskvanın Ali rejissorluq məktəbini bitirən rejissorlar idilər. İndikilər bizim institutu qurtaran rejissorlardır. Demirəm ki, bizim institutlar pis öyrədir... Sadəcə, bizdə pis öyrənirlər... Əvvəlki kino xadimlərinə dərs deyən müəllimlərlə indikilərdə çox böyük fərq var axı...
-Bəlkə də bu işlərlə məşğul olan şəxslər o istedadları axtarıb tapa bilmirlər, bəlkə də lazımı vəsait yoxdur?
-Ola bilər. Bəlkə başları çox qarışıqdır, bəlkə istəmirlər, bu da var. Amma zaman diqtə edir ki, hər şey vaxtında olmalıdır. O dediyiniz korifey və indi sağ olan sənətkarlar bu gün var, bəlkə üç-beş, on ildən yoxdular, onların gücündən və istedadından vaxtında istifadə etmək lazımdır. Sonra gec olacaq...
-Dövlət tərəfindən müəyən qədər vəsait ayrılır. Prezident ötən il milli seriallar çəkilişləri üçün sərəncam verdi, külli miqdarda pul ayrıldı... Hamı başladı kino çəkməyə və bu gün o filmlərə kimsə baxmır. Bunlar nəyə lazımdır?
-Şəxsən mən bir sənət adamı kimi, 50 il mən bu sənətlə məşğul olan kimi deyirəm, o filmlərin, o serialların birinə də baxmamışam. Anonsuna baxıb hiss edirəm ki, içində nə var... Axı buna verilən pulları cəmləşdirib bir film kimi, Azərbaycan xalqından, qəhrəmanlardan, Qarabağımızdan, vətənpərvərlik haqqında eləsini çəkmək olar ki, sənət əsəri olar...
-Nədənsə, milli rejissorlarımız məişət sahəsinə daha üstünlük verirlər. Bu nəyə görədir?
-Çünki məişət çox xırda, cılız ara söhbətləri olan bir məsələdir. Qiybətdən, mətbəxdən danışırlar, belə qeybəti də bir otaqda videoya çəkib pulu silirlər, vəssalam!
-Rəhmətlik Ceyhun Mirzəyev “Fəryad” filmi ilə nəsə demək istədi, çox təsəsüf ki, onun davamı gəlmədi...
-Onun davamı gələ bilməzdi. Çünki Ceyhun bütün qəlbini o filmə qoymuşdu. Ona görə də onun ürəyi o filmin çəkilişi vaxtı partladı. Hətta heç Ceyhun aktyorların səsləndirilməsində də iştirak edə bilmədi...
-Sizin yaradıcılığınız həmişə göz önündədir, sevilən aktyorlardansınız...
-Təşəkkür edirəm.
-Belə yaddaşlarda qalmaq üçün aktyor nə etməlidir?
-Aktyor birinci öz üzərində işləməlidir, öz sənətinin tarixinə, dərinliklərinə baş vurmalıdır, müəllimlərindən öyrəndikləri ilə... Bizə Mehdi Məmmədov kimi, Tofiq Kazımov kimi müəllimlər dərs deyib. Mirzə Təhmasib kimi aktyor, rejissor bizə dərs deyib. Müəllimlərin dediklərini sənətdə oturdanda tamam başqa olur. Teatra gələndə ətrafında olan aktyorlar, korifey aktyorlar olanda və Əliağa Ağayev, Şeyx Zamanov kimi aktyorlar, Hökumə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova kimi aktrisalarla tərəf müqabili olanda bu sənə bir məktəb olur, elə bil akademiya bitirmisən... Mən “Vaqif”də Əli bəyi 250 dəfə oynamışam, “Xanuma” əsərində Xote olmuşam, Hökumə Qurbanova Xanumanı oynayıb tərəf müqabilim olub, onların sənətindən öyrənə-öyrənə öz sənətimizi inkişaf etdirmişik.
-Bu qədər qadın aktrisaların olduğu halda, kişi aktyorların qadın paltarı geyinib, səhnədə hoppanıb-düşməsinə necə baxırsınız?
-Bu çox biabırçı vəziyyətdir...
-Bununla sənət yaratmaq olarmı?
-Yox... O gün “Space” kanalında Rəfael və Coşğunun “Xına yaxdı” adlı konsertinə baxıram, camaat da gülür, nəyə güldüklərini anlamırlar...
-Belə çıxır ki, sənət, sənətkarlıq öldükcə, tamaşaçı da ölür?
-Əlbəttə ki! Rəfael və Coşğun istedadlı aktyorlardırlar. Amma o rolları məni qane etmir. İkisinə də böyük hörmətim var...
-Bugünkü cəmiyyətdəki abu-hava sizi qane edirmi? Öz rollarınızda ürəyinizi dağıdan sözləri deyə bilirsinizmi?
-Əlbəttə. Mən oynadığım tamaşalardakı rollarla həmişə çalışmışam ki, Azərbaycan xalqını düşündürən ən dərin guşələrdə olan hissləri ki var, onları teatra baxmaqla oyada bilim... O hisslər böyük sənətin rol aldığı və oynanıldığı səhnədə baş qaldıra bilər. Hüseyn Cavidin bir çox əsərlərində oynamışam. Xəyyamı, Knyazı, Arifi oynamışam. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərində, çox böyük bir əsər idi, düşündürücü, camaatı düşündürmək olar ki, sən kimsən, hansı mühitdə yaşayırsan... Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərindən də oynamışam. Türklərin özünə təsdiq etdik ki, siz hardan gəlmisiz, biz hardan gəlmişik, bir yerdən gəlmişik. Amma birimiz Azərbaycanda, birimiz Qırğızıstanda kök salmışıq, Özbəkistanda, Türkmənistanda, Qafqazda, indiki Türkiyədə.
-Dediyiniz söhbətdən də görünür ki, bir ola bilməməyimiz bizim bəlamız olur.
-Bəli...
-Ramiz müəllim, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərindən danışdınız. O vaxt aldığımız məlumata görə rəhmətlik Bəxtiyar Vahabzadə sağlığında gördü, hiss etdi bu şöhrəti. Yəni əsər doğrudan da Türkiyədə böyük resonans doğurdu. Məlumata görə türklər Azərbaycan aktyorlarının oyununa heyran qalmışdılar. Türk rejissorı, aktyorları deyiblər ki, biz bunu belə oynaya bilməzdik. Türk aktyorları ilə bizim aktyorların əsərə yanaşmasında nədir bizim üstünlüyümüz?
-Bilirsiz, onlar daha çox Avropaya meyilli olan sənətkarlardır. Avropanın istər kino, teatr aləmi barədə informasiyaları onlarda daha çoxdu bizə nisbətən... Onlar daha çox səthi olaraq daha çox yanaşırlar qlobal məsələlərə, amma biz isə başqa cür... Sovetin 70 illik dövründən sonra 140 yaşı olan teatrımız var bizim... O vaxt biz sərhəddi aşıb Türkiyə torpağına yol aşdıq. O vaxt bizim korifey aktyorlarımız var idi, tamaşalar var idi, hansı ki, “Otello” idi, “Vaqif” idi. Rus konsulunun səfiri var idi, gəlib tamaşalarımıza baxırdı. İlyas Əfəndiyevin “Büllur saraya” baxıb heyran qalmışdılar. Türklər bizə deyirdilər ki, siz öz dilinizi qorumusuz, amma biz yox. “Özümüzü kəsən qılınc” rezonans oldu, elə bir bölgə olmadı oynamayaq.
-Neçə illərdir türklərin “Kurtlar vadisi” pusu deyirlər, gedir. Bu yaxınlarda mətbuatda getdi ki, onlar serialın 213-cü və 214-cü bölümündə Azərbaycanda Kəmaləddin aldı şəxslə əlaqədə olurlar və filmin həmin serialında onu öldürürlər... Məncə bu təkcə aktyorların işi deyil ki, Azərbaycan dövlətinin bir nüfuzlu nazirinə qarşı belə iddiada bulunublar... Bu barədə sizin fikrinizi bilmək istərdik.
-Bilirsiz, mən 3-4 gün bundan əvvəl əməliyyat keçirdim... Sonra həmin filmin o hissəsini götürdüm. Onda hələ Mərkəzi Neftçilər Xəstəxanasında idim. Orda əlimə bir qəzet düşdü, “Azadlıq” qəzeti, orda oxudum ki, “Kurtlar vadisi Azərbaycan” filminin 213-214-cü seriallarında Azərbaycan haqqında söhbət gedir. Şəklə baxdım, mənim 35 illik dostum Kəmaləddin Heydərov, bir tərəfdən də Ələmdar yemək stolu arxasındadırlar. Oxudum, məni dəhşət bürüdü. Mən “Kurtlar vadisi” filminə baxmışam. Ancaq “Kurtlar vadisi”nin İrak, Fələstin hissəsi mənim xoşuma gəlib. Ümumi seriallara qısa-qısa baxmışam. Oxuyanda ki, dostum ortaya qoyulub, lazım olmayan fərziyyələr və mülahizələr, uydurmalar... Hansı ki, mən Kəmaləddin Heydərovla ailəvi dostam... Hələ onu 80-cı illərdə, heç kim onu tanımayanda mən onun atası Fəttah müəllimlə yaxından tanış və dost idim... O vaxt Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri idi. Biz o vaxt komsomolda bir yerdə işləmişik... Və Hüseyn Cavidin 100 illiyi ilə əlaqədar bizim Ulu öndər Heydər Əliyev sərəncam vermişdi ki, Hüseyn Cavidin 100 illiyi təntənəli qeyd olunsun, əsərləri səhnələşdirilsin, tamaşaları oynanılsın. Dostum olduğu üçün mən ayda 3-4 dəfə Naxçavan-Bakı qatarı ilə Naxçıvana gedirdim... Teatrlaşdırılacaq əsərlə bağlı danışırdım, Fəttah müəllimlə görüşürdüm, evlərində də olmuşam, çay da içmişəm, ailəsi ilə dostluq etmişəm. Fəttah müəllim o vaxt məndən xahiş etdi ki, Hüseyn Cavidə muzey tikirik, Hüseyn Cavid guşəsi açılır, tamaşalarından olan səslər və ya video yazı varsa təşkil edə bilərsən. Mən də dedim ki, edərəm. Mən də gəldim Bakıda Xəyyamın, Knyazın, “Dəli yığıncağı”nın lent yazısını və “İblis”in videosunu əldə edib verdim Fəttah müəllimə. Həmin guşədə indi də Naxçıvanda qalır o nümunələr. Mən onu hədiyyə etdim onlara. Mən o vaxtdan tanıyıram bu ailəni... Kəmaləddin çox sadə bir insan idi. Onun sahibkar kimi ilk addımları bizim teatr xadimlərinin balaca bir otağından başlayıb... Sonra “Gilan-Holdinq” Cəmiyyəti yarandı və sair.. Biz çox yaxın olmuşuq...
“Kurtlar Vadisi”ndəkiləri görəndə və bu barədə oxuyanda dəhşətə gəldim, necə olur ki, sən onu mafiya başçısı hesab edib, onu ruslara bağlayırsan? Bu nə rejissor uydurması və yalanıdır?
-Yəni burda dərin bir qərəz görünür...
-Nəinki qərəz görünür, bir sifarişli çəkilişdir... Hətta belə məqamda adamın yadına “erməni barmağı” gəlir...
-Bizim aldığımız məlumata görə Kamələddin Heydərovun Azərbaycandakı nüfuzu Türkiyədə bəzi adamları ciddi narahat edir. Və o cümlədən deyilənə görə, türk kəşfiyyatı Kəmaləddin Heydərovu belə bir formada hədəfə götürüb. Bu artıq dövlətin işinə qarışmaq deməkdir bizcə...
-Mən bayaq da dedim, indi də qəzetdə var, o, necə ola bilər ki, Ələmdar rolunu oynayan Qəbələdə Kəmaləddinin qonağı olur, duz-çörək kəsirlər bir yerdə və necə olur ki, həmin o aktyor icazə verir ki, belə bir rol oynanılsın? Deməli, bunun çörəyi dizinin üstündədir. Mən baxmayaraq ki, əməliyyat olunmuşdum, dedim bu məsələni belə qoymayacam. Bir sənətkar kimi, onu tanıyan dost kimi, dedim ki, mən bu məsələni mətbuata çıxardacağam... Mətbuat vasitəsilə Türkiyə mətbuat qurumuna məsləhət də görərəm ki, çəksinlər “Kurtlar vadisi”ni Xocalı qırğını-intiqamı üstündə! Gəlsinlər mən onlara faktlarla mövzu verim, çəksinlər... Xocalını törədənlər, o cümlədən Sərkisyan, Köçəryan... indi sağdırlar, onlar törədiblər bunu. Sən mənim türk qardaşım, siz senaris, rejissor, sən bunu bilə-bilə mənim dostumu, xalqımın nüfuzlu insanını-nazirini elə hallandırırsan? Ulu öndər Heydər Əliyev Kəmaləddin Heydərovu 33 yaşında Gömrük Komitəsinin sədri təyin etdi... Kəmaləddin Heydərov qısa vaxtda analoqu olmayan elə bir gömrük sistemi yaratdı ki, hamı heyran oldu, bu böyük bir iş idi. Sonra yeni yaranmış Fövqəladə Hallar Nazirliyinə rəhbər oldu... Sıfırdan başlayıb tez bir zamanda, aparıcı bir nazirliyə çevrildi, qonşu dövlətlərə nümunə olasıdır...
-Bunu da yəqin gözü götürməyənlər var...
-Əlbəttə, elə bilirsiz xaricdəndir, öz içimizdən də olan sapı özümüzdən olan baltalar var. Bəlkə də heç sapı da bizdən deyil... Onsuz da bilirik ki, nə qədər aramızda başqa millətdən yaşayanlar var... Dünyəvi dövlətik, müxtəlif xalqlar yaşayır burda. Mənə elə gəlir ki, bu iş sifarişdir...
-Bunu həm də Azərbaycanın daxili işinə qarışmaq kimi qəbul etmək olar?
-Bəli, çünki Kəmallədin Heydərov böyük bir nazirliyin rəhbəridir və onun adının və fəaliyyətinin belə hallandırılması dövlətə qarşı təsir vasitəsidir...
-Tövsiyə edərdim ki, sizin sənətkar dostlarınız da, mətbuat da bu işdə öz sözünü desin...
-Burda bir məsələ də var, sən tanımadığın adam barədə nə gəldi danışa bilərsən. Qıraqdan baxan sənə deyə bilər ki, sən bu adamı tanımırsan axı, ailəsinə bələd deyilsən, sən bununla duz-çörək kəsməmisən, söhbət ondan gedir. Mən tanıyaram Kəmaləddini, indi də həmin qərarımdayam... Axırıncı dəfə məndə ürəkdə əməliyyat olundu, məni evə yazanda zəng gəldi, katibi dedi ki, Kəmaləddin müəllim sizinlə danışmaq istəyir. Danışdıq, məndən soruşdu ki, nə olub sənə, dedim, bilmirsən, dedi təzəlikcə eşitmişəm... Sonra ərkyana bildirdi ki, maşın göndərim, dur gəl... Bildirdim ki, bu dəqiqə maşından düşmüşəm, sarıqlıyam, 15 gündü yatmışam, ürəyimdən 4 damar çıxarılıb, necə gəlim? Getmədim, gedə də bilməzdim... Bilmirdim ki, nəyə görə dəvət edir... Bu onun diqqəti idi dostuna qarşı... O, bilirəm ki, həm də bütün millətə qarşı eyni münasibətdədir... Bunu nəyə görə deyirəm. İstəyirəm bəzi nazirlər, məmurlar bilsinlər ki, vəzifəyə gedəndən sonra ən yaxın dostlarını belə unudurlar... Dostunu unudan millətinin sıravi üzvünün də qədrini bilməz. Bu aksiomadır! Halbuki mənim heç nəyə də ehtiyacım yoxdur, özü bilir... Bir sənətkar kimi dövlətin bütün qayğıları ilə əhatəliyəm...
-Azərbaycanda çox reaksiyalar var bu kinoya qarşı. Yəqin ki, bu filmi çəkənlər bir nəticə çıxaracaqlar. Siz də fikrinizi bildirdiniz, çox sağ olun...
-Kəmaləddin Heydərov öz xalqını sevən bir şəxsiyyətdir... Ruh adamıdır, o həm də bəstəkardır, mahnıları var, musiqi duyumu var, mahnını ürəkdən bəstələyir...
-Sizin tövsiyyələriniz örnəkdir. Nə arzulayırsız bəzi aktyorlara?
-Onlar ilk növbədə öz üzərlərində işləməlidirlər. Biz də teatra gələndə çətinliklər olub. Özlərindən yaşlı aktyorlarla ünsiyyətdə olmalıdırlar. Gənclər məsuliyyəti hiss etməlidirlər. Fikirləşsinlər ki, nəyi oynayır, necə oynayır, səsləri üzərində işləsinlər. Otururam 3-4-cü sırada, eşitmirəm aktyorların səsini, camaat da deyir eşidilmir... “İblis”də mənim bir səhnəm var idi, pıçıltı ilə deyirdim. Birindən xahiş etdim ki, 2-ci sırada otur gör səsim eşidilirmi, dedi, elə bil yanımda danışırsan... Mən bunu özündən lovğalıq kimi demirəm, sənətə hörmət olmalıdır. Aktyor monoloqu deyəndə özündə olmur. “İblis”i oynayanda mənim dırnağım qırıldı, hələ mənim səhnəm var idi, kleyi tökdüm barmağıma çıxdım səhnəyə, gördüm ki, heç ağrı yoxdu... Çünki fikrim səhnədə idi. Tamaşa qurtarandan sonra aparırlar məni xəstəxanaya... Mən demirəm ki, kiminsə başına belə iş gəlsin və sair... Yəni bu sənətdir. Öz üzərində işləmək lazımdır.
-Çox sağ olun. Maraqlı və dəyərli müsahibəyə görə təşəkkür edirik...