Gündəm / Kriminal (20-04-2014, 14:55)
Ziya Məmmədovun media holdinq yaratması təsdiqləndi
Nəqliyyat naziri Ziya Məmmədovun media holdinq yaratması barədə xəbərlər təsdiqini tapır. Nazirin oğlu Anar Məmmədovun rəhbəri olduğu “Qarant Holdinq”in hüquqşünası Ruslan Məmmədov axar.az-a açıqlamasında bildirib ki, bir həftə ərzində media holdinq fəaliyyətə başlayacaq.
“Qarant Media Holdinq”ə neçə media quruluşunun daxil olacağına gəlincə, Ruslan Məmmədov bildirib: “Fəaliyyətə başlayandan sonra bura hansı media qurumlarının daxil olduğunu görəcəksiniz. Redaksiya heyətinin də kimlərdən ibarət olduğu barədə hələlik bir söz demək istəmirəm. Bir həftə səbr etsəniz, bütün suallarınıza cavab tapacaqsız”. O, holdinqə gun.az və “Yurd” TV-nin daxil olub-olmayacağından isə məlumatsız olduğunu deyib: “Bu barədə konkret heç bir məlumatım yoxdur”. Ruslan Məmmədov əlavə edib ki, holdinqin əsas fəaliyyət istiqaməti “National Geoqraphic”i Azərbaycana gətirməkdir: “Fəaliyyətimiz bunun üzərində qurulub. Bütün gücümüzü də buna sərf edirik. Bununla yanaşı, media fəaliyyətimizi də genişləndirməyi düşünürük. Bu, paralel bir işdir. Ancaq təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd ”National Geoqraphic"dir".
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media holdinq quruduğu xəbərini musavat.com yaymışdı. Portalın məlumatına görə, holdinqə news.az, mugamradio.az, marka.az, interpress.az, Auto-FM, bakupost.az həmçinin reklam saytları - turbo.az, boss.az və bina.az saytları daxildir. Həmçinin gun.az, eləcə də “Yurd” TV-nin də holdinqin tərkibində olduğu deyilir.