Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-01-2022, 15:19)
ASALA-nın təhdidini gözardı etmək olmaz: - Bakı və Ankara hərəkətə keçməlidir

 Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına doğru addım atılan kimi, erməni diasporu və ona bağlı olan qüvvələr, terrorçular aktivləşməyə başladılar. Söhbət yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndələri Ruben Rubinyan və Türkiyənin diplomatı Sərdar Qılıcın ilk görüşündən sonra münasibətlərin normallaşması əleyhinə ermənilər tərəfindən verilən bəyanatlardan gedir. Belə ki, erməni lobbisinə bağlı olan Ermənistanın Daşnaksütyun Partiyasının təmsilçisi Qiro Manoyan bəyan edib ki, Türkiyə Ermənistanın iqtisadi ekspansiyasını planlaşdırır.

Onun fikrincə, Türkiyə hakimiyyəti müstəqil Ermənistanı qonşu kimi görməyə hazır deyil: "Türkiyə və Azərbaycan Ermənistanı diz çökdürmək üçün bütün imkanlardan istifadə edəcək. Bundan əvvəl də eyni məqsədlə blokada həyata keçirilib. İndi onlar aktiv şəkildə Ermənistana ucuz mal idxal etməyə başlayacaqlar və bu, daha da pis iqtisadi vəziyyətə, güclü asılılığın yaranmasına gətirib çıxaracaq".

Böyük Kilikiya Evinin katolikosu Birinci Aram öz narazılığını bildirib. O, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra erməni diasporunun solğunlaşmağa başladığını bəyan edib: “Xüsusilə son illərdə diaspor özünə biganə yanaşmağa, Ermənistan tərəfdən məyus olmağa başlayıb. Gənclər kollektiv həyatımızdan, qurumlarımızdan uzaqlaşmağa başlayıblar. Erməni həyatında əcnəbinin olması hiss olunurdu".

Təhlükə vəd edən bəyanat isə ermənilərin beynəlxalq terror şəbəkəsindən - "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu"nun (ASALA) terror təşkilatından gəldi. Görünür, ASALA-nın yaradılmasının 47-ci ildönümünə həsr olunmuş bəyanatı Ermənistanın ictimai rəyinə ciddi təzyiq göstərmək məqsədi daşıyan “ağır artilleriya” kimi seçilib. Birinci Aramın müraciətindən fərqli olaraq, ASALA-nın bəyanatında Ermənistan hakimiyyəti ilə Türkiyə arasında başlayan dialoqla bağlı narahatlığa daha sərt reaksiya var.

“Millətin və dövlətin hazırkı çətin vəziyyətinə məhəl qoymayan Ermənistanın indiki hakimiyyəti Qarabağın mövcudluğuna və təhlükəsizliyinə təhlükə yaradan çağırışlardan əllərini təmizləyərək, Azərbaycan rəhbərliyinin demək olar ki, gündəlik təhdidlərini və mövcudluğuna qəsdlərini səssizcə udmaqda davam edir. Ermənistan və Qarabağ tərəfi şübhəli və tələsik münasibətlərin normallaşdırılması zərurətini əsas gətirərək Türkiyə ilə dialoqa başlayır”, - deyə ASALA-nın bəyanatında deyilir.

Eyni zamanda, ASALA-nın bəyanatının mətnində Türkiyənin “süqutunun qaçılmazlığına” və “işğal olunmuş Ermənistan torpaqlarının azad edilməsinə” inam ifadə olunub.

Məlumdur ki, ASALA terrorçuları dünyanın müxtəlif ölkələrində, müxtəlif zamanlarda türklərə qarşı terror hücumları həyata keçiriblər, onlarla türk diplomatını qətlə yetiriblər. İndi bu terrorçu təşkilatın yenidən aktivləşməsi Azərbaycan və Türkiyə rəsmilərinə qarşı yeni terror əməllərini törədə biləcəyi təhlükəsini artırır. Eyni zamanda, Ermənistan cəmiyyətinə revanşla bağlı təbliğat xarakterli çağırışlar edirlər. Belə olan halda Azərbaycan və Türkiyə hansı önləyici tədbirlər görməlidir? DİA.AZ-ın məlumatına görə, AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, təhlükəli məqam ASALA-nın yenidən aktivləşməsi yox, onların bəyanatına rəsmi İrəvanda müsbət yanaşılmasıdır:

- Erməni saytlarında bəyanat yayımlanır, bu bəyanata qahmar çıxanlar fikirlər səsləndirirlər. Belə anlaşılır ki, erməni cəmiyyəti, rəsmilər, siyasi elita terrora üstünlük verirlər. İrəvan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür ki, guya İkinci Qarabağ müharibəsində "Ermənistana qarşı beynəlxalq terrorçular savaşıb". Əsassız iddialarla çıxış edən Ermənistan özü ASALA terrorçularına dəstək nümayiş etdirir.

Əlbəttə, 47 il əvvəl peyda olan, türk diplomatları qətlə yetirən, Qarabağda misli görünməmiş qətliamlar törədən bir terrorçi təşkilatın yenidən aktivləşməsi xəbərdarlıqdır. Azərbaycan və Türkiyə bu məsələyə diqqəti artırmalıdır. Mənə elə gəlir ki, ASALA-nın son bəyanatını, təhdidlərini beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Deməliyik ki, "görün, sizin dəstək verdiyiniz ermənilər, dəstək verdiyiniz Ermənistan terrorun reklamı ilə məşğuldur". Türkiyə də oxşar bəyanatla çıxış etməlidir. Düzdür, hazırda Türkiyə Ermənistanla dialoq aparmağa başlayıb. Amma belə çıxır ki, Ermənistandakı bəzi siyasi qruplar ASALA-nın yenidən peyda olmasını, Türkiyəyə qarşı terror hücumuna hazırlaşmasını dəstəkləyir. Bəyanatı diqqətlə oxumaq lazımdır. Orada yazılıb: "Yenidən Türkiyəyə və türklərə qarşı, Azərbaycan və azərbaycanlılara qarşı qətliamlar, terror aksiyaları başlaya bilər". Əlbəttə, iddialarının çoxu nağıldır, çünki o qədər gücləri yoxdur. Amma hər halda bunu gözardı etmək olmaz. Bu, Azərbaycana, Türkiyəyə, beynəlxalq aləmə mesajdır. Hesab edirəm ki, önləyici tədbirlər üçün Türkiyə və Azərbaycan fəallığını artırmalıdır.

- Hər halda rəsmi Ankara İrəvanla danışıqlarda bu məsələni sərt şəkildə qaldıra bilər...

- Əslində bu, Türkiyə-Ermənistan dialoquna, başlanan prosesə zərbə vurur. 1970-ci illərdə fəaliyyətə başlayan ASALA 1990-cı illərə qədər türk diplomatlarını qətlə yetirməklə terror aksiyaları həyata keçirdilər. Yəqin sonradan onları kimsə başa saldı ki, bu terror aktları ermənilərə nifrət artırır, ermənilərin əleyhinədir. Ona görə də ASALA 1990-cı illərdən sonra türk diplomatlarına qarşı terror hücumlarına ara verdi. Təbii ki, həmin vaxt diqqətlərini Qarabağa yönəltdilər, nümayəndələrini, terrorçular bizim ərazilərə göndərildi. İndi yenidən, uzun fasilədən sonra terror fəaliyyətinə başlayacaqlarının anonsunu verirlər. ASALA-nın bəyanatında diqqət çəkən məqamlardan biri də odur ki, ermənilərin ən ağır dövrünü yaşadığını, aşağılandıqlarını, İkinci Qarabağ müharibəsində məğlub olduqlarını deyirlər. Bildirirlər ki, Türkiyə ilə Ermənistanın danışıqlara başlaması da ermənilərin əleyhinədir. Guya ASALA erməniləri və Ermənistanı xilas etmək üçün təşəbbüs göstərəcəklər. Ona görə də, yenə deyirəm, biz beynəlxalq təşkilatlara terrorçuların təhdidləri barədə müraciətlər etməliyik. Məsələn, Fransanın özünə müraciət edilməlidir ki, bu, aparılan danışıqlara qarşı pozuculuq əməlidir. Paris də münasibət bildirsin, çünki ASALA bir sıra terror aktlarını məhz Fransada həyata keçirib.

- Erməni diasporuna bağlı olan qüvvələrin - Daşnaksütyun nümayəndəsinin, katalikos Aramın, ASALA terrorçularının eyni məzmunlu bəyanatlarından görünür ki, lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülhündə maraqlı deyil. Diaspora Ermənistanda revanşizm meyllərini daha da gücləndirə, bunu praktikada həyata keçirə bilərmi?

-Bu, Nikol Paşinyan hökumətinin atacağı addımlardan asılıdır. Paşinyana qarşı bir neçə lobbi birləşib - erməni diasporu, erməni kilsəsi, Ermənistan daxilindəki radikallar, "Qarabağ klanı" və Qarabağdakı separatçılar. Bütün bu qüvvələrin üzərinə də ASALA terrorçularını gələk. Bunlar rəsmi İrəvanın Ankara ilə dialoqunun əleyhinədir. Çünki qorxurlar ki, dialoq sərhədlərin açılmasına, diplomatik münasibətlərin bərpasına və gələcəkdə Ermənistanın Türkiyədən asılılığına səbəb ola bilər. Eyni zamanda, onlar Azərbaycanla sülhün əleyhinədirlər və revanşizm meyillərini gücləndirməkdədirlər. Məsələn, Ermənistan Parlamentində müxalif blokun rəhbərlərindən biri - keçmiş müdafiə naziri Seyran Ohanyan bu gün bəyanat verib ki, Azərbaycanla sərhədləri müəyyənləşdirmək olmaz, Türkiyə ilə diplomatik əlaqələri qurmaq olmaz və s. Guya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Yəni revanşist əhval həm separatçılarda, həm də Ermənistanın daxilindəki radikal müxaliflərdə çoxalır. Belə olan halda, hər şey Paşinyandan asılıdır. Nikol qətiyyətli addım atmalıdır, Azərbaycanla problemləri həll etməli, Türkiyə ilə diplomatik əlaqələri bərpa etməlidir. Əslində erməni cəmiyyətinin böyük çoxluğu Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasını qəbul edir. Qəbul etməyənlər daxildəki kiçik kəsim, bir də erməni diasporudur. Bunu Paşinyan zərərsizləşdirməlidir. Rəsmi İrəvan bilməlidir ki, diaspora Ermənistanın problemlərini həll etmir, problemlər daxildə həll olunmalıdır. Xaricdə kef-damaqda yaşayan erməni lobbisi nə deyir - "acınızdan ölün, amma ideyalara sadiq qalın, Azərbaycan və Türkiyə ilə sülhə razı olmayın". Ermənistan cəmiyyətinin böyük hissəsi isə fərqli düşünür. Hesab edirlər ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik onları uçuruma aparır. Düzdür, onlar susqun çoxluqdur, amma danışdırmaq lazımdır. Bunu da Paşinyan etməlidir. Nikol cəmiyyətin böyük kəsiminin fikrindən istifadə etməklə revanşizmin qarşısını ala bilər ki, növbəti fəlakət yaşamasınlar.

-Yeri gəlmişkən, Paşinyan hökumətin iclasında bildirdi ki, Ermənistanın diplomatik korpusları fərdi şəxslərin qəpik-quruşu ilə fəaliyyət göstərib. Nikol deyir, bu durumdan imtina edilməlidir. Ola bilərmi ki, Paşinyan diasporadan imtina edir...

-Bu bəyanatın özü də Ermənistan üçün biabırçılıqdır. Paşinyanın sözündən bu çıxır ki, ölkə erməni diasporasının pulu hesabına dolanıb. Bu, Ermənistanın nə dərəcədə asılı dövlət olduğunun göstəricisidir. Sərhədlərini Rusiya qoruyur - Rusiyadan bir asılılıq. Yardımlar diaspordan gəlir - diaspordan asılıdır. Azərbaycana biabırçı şəkildə məğlub olub. Paşinyan cəmiyyətə mesaj verməlidir: "revanşı nə ilə edəcəyik?!". Görünür, Paşinyan hökuməti bu bəyanatla diasporadan da, separatçılardan da, radikallardan da can qurtarmaq üçün addım atır, cəmiyyətə nələrsə deyir. Qalıb bunu praktikada həyata keçirmələri.шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024