Cəmiyyət / Slayd (21-12-2016, 18:14)
«Xəzər inşaat» MMC-nin fəhlələri etiraz aksiyası keçirdi
Heydər Əliyev prospektində yeni tikilən sağlamlıq mərkəzinin fəhlələri dekabrın 21-i etiraz aksiyası keçiriblər.
Mediatv.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri Səbuhi Bəşirov məlumat verib. O deyib ki, aylardır maşlarını ala bilmədiklərindən tikdikləri binanın üstünə çıxmaqla etirazlarını bildiriblər:
««Xəzər inşaat» MMC-də çalışırıq. Mən 6 aydır maaşımı ala bilmirəm. Elə fəhlə var ki, 8 aydır maaşını ala bilmir. 100-dən çox fəhləyik, hara şikayət edəcəyimizi bilmirik. Mən kirayədə yaşayıram, vəziyyətim ağırdır. 5 aydır qaldığım evin kirayə haqqını verə bilmirəm. Evdə nə işıq var, nə qaz. Şam yandırıram. XXI əsrdə şam yandırarlar? Özüm rayondanam. Maaşımı ala bilmədiyimdən 5 aydır rayona gedə bilmirəm. 3 uşağım var, onlara həsrət qalmışam».
Səbuhi Bəşirov qeyd edib ki, məsələ ilə bağlı prezidentə müraciət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Ancaq şikayətləri müsbət həll olunmur:
«Şirkətdən deyiblər ki, biz də dövlətdən pul gözləyirik, alan kimi sizin də pulunuzu verəcəyik. Binanın üstünə çıxıb, diqqət çəkmək istəyirdik. Polislər, şirkətin təmsilçiləri gəldilər. Bizə dedilər ki, saat 1-ə kimi pulunuzu alacaqsınız. İndi saat 2-dən keçib, cəmi 30 min pul gətiriblər».
Səbuhi Bəşirov deyib ki, həmin pulu 100-ə yaxın fəhlə arasında bölsələr hərəyə 300 manat pul düşür: «Bu pul bizim haramıza çatar? İndi də deyirlər ki, ayın axırına kimi pulunuzu alacaqsınız. Biz çox pis gündəyik».
Bu deyilənlərə, hələlik, «Xəzər inşaat» MMC-dən münasibət almaq mümkün olmayıb.