Cəmiyyət / Slayd (30-09-2016, 15:29)
Azərbaycan XİN səfir Abbasəli Həsənovdan izahat tələb edib? - İDDİA
Son günlər ölkə mətbuatında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı İsaq Həsənzadə və onun 19 may 2015-ci ildə baş vermiş bina yanğını ilə bağlı istintaqa cəlb olunan, amma dindirmədən sonra “qeybə çəkilən” oğlu Anar Həsənov barəsində müzakirələr səngimək bilmir.
Mediatv.az: Xatırladaq ki, bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən sahibkar Aydın Bağırov tanınmış səfirin qardaşı İsaq Həsənzadə tərəfindən aldadıldığını bildirmişdi. A.Bağırovun sözlərinə görə, İ.Həsənzadə ondan aldığı kartofun müqabilində borclu qaldığı 20400 dollar pulu mənimsəyib və qaytarmaq istəmir. Agentliyin Qafqaznews.az və Kavkaznews.az saytlarında da bu haqda yazılar dərc olunub. İsaq Həsənzadə Aydın Bağırova borclu qaldığını və hətta vaxtilə deputat seçkilərində Gədəbəydən millət vəkili seçilmək üçün yüzminlərlə manat xərclədiyini Qafqaznews.az-a etiraf edib, lakin məbləğ məsələsində tərəflərin fikri düz gəlmir. Eyni zamanda, İsaq Həsənzadə əməkdaşımızla söhbətində Aydın Bağırova 10 min manat verəcəyini və bununla da borcunun bitəcəyini bildirib. Lakin şikayətçinin sözlərinə görə, İsaq Həsənzadə ona 20400 ABŞ dolları (32 min manatdan çox) pul verməlidir.
Bu, məsələnin başqa tərəfidir. Biz İsaq Həsənzadənin yüzlərlə TIR-a, müxtəlif mağazalara və mebel salonlarına sahib olması barədə iddiaları dərc etmişdik. Lakin onun iki dəfə deputatlığa namizəd olduğu, 2005-ci ildə seçkilərə az qalmış qəfildən namizədliyini geri çəkməsi barədə məlumatlar da əldə etmişdik. İsaq Həsənzadənin deputat seçkiləri vaxtı təşviqat kampaniyasına külli miqdarda (beş yüz min manata yaxın) vəsait xərclədiyi və ziyana düşdüyü barədə Aydın Bağırova etiraf etməsi, özünün də əməkdaşımızla söhbətində bunu təsdiqləməsini artıq yazmışıq. Belə olduğu halda, İsaq Həsənzadə niyə seçkilərdən geri çəkilib, onu bu dərəcədə “ziyana salan” səbəb nə olub? Bu mövzuda Kavkaznews.az saytına danışan sabiq deputat Nazim Məmmədov (Bəydəmirli) bildirib ki, “İsaq Həsənzadənin Fərhad Əliyevin siyahısında olması barədə məlumatlar yayıldıqdan sonra, o, öz namizədliyini geri çəkmişdi”.
Sentyabrın 16-da Qafqaz Xəbər Agentliyinin redaksiyasına bir sıra məlumatlar daxil oldu. Belə ki, bu məqalələrin dərcindən sonra Aydın Bağırova borcunu sentyabrın ilk günlərində ödəyəcəyini söz verən və Qafqaznews.az-ın əməkdaşına da təkrarlayan İsaq Həsənzadə nədənsə arxayınlaşıb və hələ də nə Aydın Bağırovun zənglərinə cavab verir, nə də özü onunla görüşmək üçün təşəbbüs göstərir. Bunla belə, əldə etdiyimiz məlumata görə, İsaq Həsənzadə yaxın günlərdə Qobu-Hökməli ərazisində 10 hektar torpaq sahəsi alıb. Həmin ərazidə torpağın 1 “sot”unun ən az 10-15 min manat arası olduğunu nəzərə alsaq və əgər bu məlumat doğrudursa, İsaq Həsənzadənin yüz minlərlə manat “xərcə” düşməsi şübhə doğurmur. O zaman sual yaranır ki, sahibkarın pulunu verməkdən boyun qaçıran Hacı İsaq hansı imkanlarla bu torpaq sahəsini əldə edir. Həmçinin, redaksiyamıza məlumat verən mənbə bildirib ki, İsaq Həsənzadənin “Komfort” mebel mağazalarını idarə edən bacısıuşaqları ondan təcili borcunu qaytarmasını xahiş ediblər.
“Bacısıuşaqları ona deyiblər ki, biabır olduq, bir tərəfdən də adımız Fərhad Əliyevlə hallanır. İsaq Həsənzadə isə onlara deyib ki, pulum yoxdur, sizdə varsa, verin qaytarım”, – deyə mənbə bildirir. Biz bu və digər məlumatlara aydınlıq gətirmək üçün İsaq Həsənzadə ilə əlaqə saxladıq, lakin İ.Həsənzadə zənglərimizə cavab vermədi. Redaksiyamıza daxil olan başqa bir məlumat isə ondan ibarətdir ki, mətbuatda yayılan məlumatlar XİN rəhbərliyinin diqqətini çəkib və məsələyə aydınlıq gətirməyə qərar verilib.
“Bu məqsədlə də, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov mətbuatdan xəbərsiz Bakıya çağırılıb və XİN-də ondan izahat tələb olunub. O isə bu məsələnin tezliklə həllini tapacağına söz verib və kimlərinsə “sifarişlə ona və ailəsinə böhtan atdığını” bildirib”, – deyə mənbə qeyd edir. Biz məsələ ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə əlaqə saxladıq. Hikmət Hacıyev Qafqaz Xəbər Agentliyinin saytlarında XİN əməkdaşları isə bağlı təxribat xarakterli məlumatlar yayıldığını bildirdi. “Mən bu mövzuda danışmaq istəmirəm, mənə bu məsələ ilə bağlı sual verməyin. Ermənistanla bağlı, Dağlıq Qarabaq münaqişəsi ilə bağlı sualınız varsa, açıqlama verməyə hazıram”, – deyə H.Hacıyev vurğulayıb.
Sözardı: Qafqaz Xəbər Agentliyi bir daha Azərbaycan dövlətçiliyinə sədaqətli olduğunu xatırladır və ölkəmizin imicini təmsil edən Xarici İşlər Nazirliyinə qarşı hər hansı qərəzli informasiya siyasəti aparmır. Lakin bir daha xatırladırıq ki, XİN də öz əməkdaşlarının məhz Azərbaycanın imicini necə təmsil etdikləri barədə düşünsə və lazımi tədbirlər görsə, heç də pis olmaz.