Cəmiyyət / Slayd (8-08-2016, 13:17)
Qırmızı Körpüdə növbə rüsvayçılığı: insanlara zülm olunur - təfsilat
Gürcüstan-Azərbaycan sərhədində günlərdir uzun növbələr yaranıb
Mediatv.az bildirir ki, Politika.Az-ın əməkdaşının verdiyi xəbərə görə, Gürcüstandan ölkəmizə qayıdanlar saatlarla gözləməli olur.
Bu fəlakətli vəziyyətlə qarşılaşan daha çox avtomobili olanlardır. İstirahətdən qayıdan insanlar Gürcüstan sərhədini rahat keçsə də, Azərbaycanda ərazisində əsassız yerə saatlarla saxlanır. Qırmızı Körpü sərhəd-keçid məntəqəsində yaranmış vəziyyət ciddi etiraz doğurub.
Azərbaycanlı gömrükçülər vətəndaşların çantalarını tək-tək yoxlayır, ərzaq məhsulu keçirənlər incidilir, ölkə ərazisinə məhdud sayda qida keçirməyə icazə verilir.
Ən dəhşətlisi budur ki, ticarət məqsədi ilə Gürcüstandan qayıdanlara görə turistlər də zülm çəkir. Sərhəddə uzun bir tıxac var və minlərlə maşın nə zaman sərhədi keçəcəyini gözləyir.
Onların arasında yaşlı adamlar, körpəsi olan ailələr var. Amma Azərbaycan tərəfi heç bir fərq qoymadan hamını saatlarla gözlədir. Bu növbənin isə heç bir əsası və qanuni səbəbi yoxdur. Sadəcə, monopoliyaya görə “qurunun oduna yaş da yanır”.
Əməkdaşımız Politika.Az-a bildirib ki, günorta saatlarında gecə yarısına qədər gözləmək lazım gəlir. Azərbaycan sərhədini səhərə yaxın keçmək möcüzədir. Bu müddətd körpəsi olan ailələr hansı əziyyətə qatlaşır, bunu gözləri ilə görmək lazımdır.
Görünür, gömrük-keçid məntəqəsinin rəisini heç də həmin ailələrin çəkdiyi əziyyət narahat etmir. Çünki onun ailəsi istirahətə gedəndə və yaxud ölkə ərazisini tərk edəndə bu cür çətinliklə qarşılaşmır.
Müxbirimizin sözlərinə görə, Gürcüstan sərhədində hər hansı problem yaşanmır. Azərbaycan tərəfinin ucbatından növbələr yaranır. Minlərlə maşın karvanı sərhəddə dayanıb və rela vəziyyətin şahidi olmaq üçün media qrupu Qırmızı Körpüyə yollana bilər.
Burada saatlarla gözləyən turistlər bekarçılıqdan sərhəddə voleybol, nərd oynayır, çay dəmləyir, vaxt öldürməyə çalışır. İlk dəfədir ki belə biabırçı mənzərə müşahidə olunur.
Vətəndaşlar Politika.Az vasitəsi ilə Dövlət Gömrük Komitəsinə, Qırmızı Körpü keçid məntəqəsi rəhbərliyinə müraciət edərək təcili tədbir görülməsini xahiş edirlər: Ailəli vətəndaşlar sərhəddə uşaqlarla ac-susuz zülm çəkir.