Cəmiyyət (3-07-2016, 11:51)
İstadadlı gənc yazarların Sumqayıtda görüşü
2 iyul 2016-cı il tarixində Sumqayıt şəhər 28 May Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və 28 May Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilmişdir.
Mediatv.az: Sumqayıtlı yazarların da qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, həmçinin gənc yazar Zamiq Mehdisoyun yaradıcılıqları üzərindən ümumiyyətlə ölkənin gənc yazarlarının yaradıcılığına baxış sərgiləndi. Tədbiri giriş sözü ilə 28 May Mədəniyyət evinin bədii rəhbəri Ulduz xanım açaraq görüşü aparmaq üçün sözü Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslıya verdi. İ.İlyaslı ölkə rəhbərliyi tərəfindən milli ədəbiyyatımıza olan diqqət və qayğıdan söz açaraq, Sumqayıtın ədəbi mühiti haqqında, Poziya klubunun həyata keçirdiyi tədbirlər haqda görüş iştirakçılarına ətraflı məlumat verdi və gənc yazarları görüş iştirakçılarına təqdim etdi. Əvvəlcə, 28 May Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Xalq Teatrının üzvləri – bədii qiraətçilər gənc şairlərin şeirlərini söylədilər. Sonra söz gənc yazarlara verildi. Onlar ədəbi gəncliyin bu günü haqda fikirlərini dilə gətirdilər və öz şeirlərindən nümunələr oxudular. Tədbirdə iştirak edən tanınmış sumqayıtlı ədiblərdən Sabir Yusifoğlu, Almaz Sahilə, Xatirə Fərəcli, Qafqaz Əvəzoğlu, eləcə də Bakıdan tədbirə qatılmış tanınmış şair Faiq Balabəyli söz alaraq gənclərin yaradıcılığına öz münasibətlərini bildirdilər və onlara uğurlar dilədilər. Görüşdə, eyni zamanda tədbirdə iştirak edən sumqayıtlı gənc yazarlar öz şeirlərini söylədilər. İstedadlı gənc şairlərin şeirləri ilə süslənmiş görüşdə 28 May Mədəniyyət Evinin direktoru Vüsal Yaqublu yekun sözü söylədi və bu cür tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.
Cəmilə Çiçək
