Cəmiyyət (8-05-2016, 18:24)
Ermənilərin başına 5 milyon qoyduğu hərbçimiz
Tank komandiri olan Albert qarşı tərəfin çox sayda hərbi texnikasını məhv etmişdi.
Mediatv.az xəbər verir ki, Şuşanın işğal edilməməsi üçün ömrünün son dəqiqəsinə qədər vuruşan və snayper gülləsi ilə şəhid olan Albert Aqarunovun bu gün ölüm günüdür. Ans press-in məlumatına görə, ermənilərin qorxulu kabusuna çevrilən Aqarunovun başına ermənilər 5 milyon rubl “pul qoymuşdular”. Tank komandiri olan Albert qarşı tərəfin çox sayda hərbi texnikasını məhv etmişdi.
Ölümündən əvvəl ANS-ə açıqlama verən Aqarunov demişdi: “Mən bu torpaqda doğulmuşam və burada yaşayıram. Vətəndaş borcumu isə torpağı qorumaqda görürəm. Müharibənin sonuna qədər burada qalacağam”.
Aqarunov: “Müharibənin sonuna qədər cəbhədə qalacağam”
Aqarunov yaşının az olmasına baxmayaraq müharibədə bir tankçı əfsanəsi yaradıb. Müharibə yoldaşları deyir ki, o dövrdə tankçılar öz tanklarını onun şərəfinə Albert adlandırırdılar.
Ömrü kimi döyüş yolunun da qısa olmasına baxmayaraq Albert cəbhədə çox böyük uğurlar qazanıb. Təhsilini Bakıda- Suraxanı rayonundakı 154 saylı məktəbdə aldıqdan sonra hərbi xidmətə Gürcüstana yollanıb və tank komandiri kimi Bakıya qayıdıb. Müdafiə meydanına çevrilən Qarabağın müdafiəyə ehtiyac duyduğu bir vaxtda, içindəki döyüş ruhu onu rahat buraxmır və Albert isti evini Qarabağda səngərə dəyişir.
Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində tank komandiri kimi qarşı tərəfin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.
O, 8 may 1992-ci ildə tankın qarşısından döyüş yoldaşlarının meyitlərini çəkmək istəyərkən alnından snayper gülləsi ilə vurulub. Bu tək güllə onun 23 yaşında həyatına son qoyub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilir.