Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə edənlər həbs oluna bilər. Artıq bununla bağlı Cinayət Məcəlləsinin 156-cı, yəni “Şəxsi həyatın toxunulmazlığını pozma” maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Mediatv.az xəbər verir ki, Azərbaycan Prezidenti tərəfindən Parlamentə təqdim olunan layihənin növbəti iclasda müzakirəyə çıxarılacağı gözlənilir.
Layihəni zəruri edən səbəblər, məsələnin niyə indi aktuallaşması maraq doğurduğundan araşdırma apardıq. Millət Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, bizdə kiçik vertolyotlar var ki, onları məsafədən havaya qaldırmaq mümkündür. Onlara kiçik kamera da qoşulsa, kiminsə hasarının üzərinə qalxa və çəkilişlər edə bilər. Bununla da, ailə həyatının sirri ilə bağlı məlumatlar götürülə bilər. Bu yolla məlumatlar əldə olunursa, artıq cinayət sayılacaq. Zərurətə gəlincə isə, millət vəkili hesab edir ki, əvvəllər belə texnologiya yox idi və belə bir qanuna da zərurət yox idi:
“Artıq belə cihazlar mülki dövriyyədə var və bunun da qarşısını almaq üçün məsuliyyət müəyyən edən normanın qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur. Pilotsuz uçan aparat dedikdə, ölçüsü kiçik və ya böyük ola bilər. Onları internetdən də almaq mümkündür. Növbəti qanun da ondan ibarətdir ki, onların əldə edilməsi xüsusi icazə əsasında olsun. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olması xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında qanun var. Bura məsafədən idarə olunan pilotsuz aparatları da əlavə edəcəyik. Bu cür pilotsuz uçan aparatı idarə etmək üçün xüsusi icazə olmalıdır. Bu aparatı hər kəs uçura bilər. Qanun bu aparatların kiminsə həyatına aid sirr olan materialların əldə olunmasını və satılmasını qadağan edəcək”, - deyə millət vəkili bildirib.
Belə cihazların satışına, ölkəyə gətirilərək istifadə olunmasına xüsusi icazə əsasında yol verilməli olduğunu deyən V.Hüseynovun sözlərinə görə, texnologiyaların həyatımıza daxil olması belə qanunu zəruriləşdirib. Deputat əlində statistikanın olmadığını bildirsə də, indiyə kimi kiminsə şəxsi həyatına müdaxilə üçün istifadə edilməsi ilə bağlı faktların olmasını da istisna etmədi:
“Hər bir dəyişiklik zərurətdən doğur. Olmasa belə, qanun qəbul edilməlidir, çünki belə bir təhlükə var”, - deyə V.Hüseynov bildirib.
Daxili İşlər Nazirliyindən də təxminən eyni cavabı aldıq:
“İndiyə qədər belə bir halın baş verməsi ilə rastlaşmamışıq. Milli Məclis istənilən layihənin müzakirəsində sərbəstdir, bəlkə də, əvvəlcədən bu kimi halların qarşısının alınması üçün müzakirə olunur. Layihə şəklində olduğuna görə hər hansı şərh verə bilmərik, qanun qəbul olunandan, qüvvəyə minəndən sonra bu barədə danışmaq olar”.
İnternetdə apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, əvvəllər ölkəyə belə aparatlar gətirilsə də, hazırda normal qanuni fəaliyyətlə məşğul olan şirkətlər belə cihazların satışını təşkil etmirlər. Belə desək, qeyri-rəsmi də olsa, bu cür cihazların ölkəyə gətirilməsi qadağandır.
Təhlükəsizlik kameralarının satışı və quraşdırılması ilə məşğul olan şirkət əməkdaşlarının sözlərinə görə, hazırda bu cihazlar ölkəyə lisenziya ilə gətirilir:
“Hazırda belə cihazların ölkəyə gətirilməsinə qadağa var. Hər kəs gətirə bilməz. 3-4 ildir ki, pilotsuz uçan aparatlar ölkəyə lisenziya əsasında gətirilir. Amma istəsəniz, Sədərəkdən tapa bilərsiniz”.
Digər bir təhlükəsizlik kameralarının satışı və quraşdırlması ilə məğul olan şirkət əməkdaşı Toğrul Kərimli isə belə kameraların sifariş əsasında xarici ölkələrdən gətirməyin mümkün olduğunu dedi. Devalvasiyadan sonra bu cihazların da qiymətlərinin qalxdığını deyən şirkət əməkdaşı bildirdi ki, “e-Bay”dan sifariş olunan bu cihazrların qiyməti sadə və ya peşəkar olmasından asılı olaraq dəyişir. Belə ki, sadə cihazın qiyməti 2000-2500 manata başa gəlirsə, professionalları 70 min manata qədər gedib çıxır.