Cəmiyyət (27-04-2016, 11:46)
Laçın Maliyyə İdarəsində nə baş verir?
Və ya Ramiz İsayev topdağıtmaz sərvətə necə sahib olub?
Mediatv.az xəbər verir ki, Azərbaycanda maliyyə sahəsində yaranmış xaos vəziyyəti artıq ölkəyə ciddi zərər vurmağa başlayıb. Neft pullarından bəhrələnən bəzi qurumlar büdcə vəsaitlərini talan etməklə məşğuldurlar. Onlardan biri də Laçın Maliyyə İdarəsidir.
Politika.Az xəbər verir ki, idarənin rəisi Ramiz İsayev sözün həqiqi mənasında özbaşınalıqla məşğuldur. Belə ki, o, hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozur. Bu xüsusda təqdim edilən açıqlamalarda qeyd olunur ki, Laçın rayon Maliyyə şöbəsinin rəisi Ramiz İsayevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.
Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə qurumlarının bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər.
Həmçinin açıqlamalarda vurğulanır ki, qeyri-qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət sayəsində Laçının maliyyə şefi daha yuxarı instansiyalarda yerləşmiş bəzi korrupsioner məmurlar arasında özünə himayədarlar tapa bilmişdir. Məhz elə bu himayədarların sayəsində də şöbə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilib. Bu yaxınlarda aldığımız məlumatlarda da təsdiq olunur ki, Maliyyə Nazirliyi tərəfindən Ramiz İsayevin törətdiyi müxtəlif qanun pozuntulatına hələ də göz yumulur. Bu məmurun yarıtmaz fəaliyyəti isə rayonun bir çox qurum və müəssisələrinin işinə neqativ təsirsiz ötüşmür. Belə ki, mənbələrin iddialarına görə Laçının istisnasız olaraq bütün idarə və təşkilatları onlar üçün ayrılmış dövlət vəsaitlərini yalnız maliyyə idarəsinin rəisi tərəfindən təyin olunmuş məbləğdə rüşvət ödəndikdən sonra almaq imkanı əldə edirlər.
Politika.Az-a daxil olan məlumatlarda vurğulanır ki, 10 ildən çoxdur ki, rayon Maliyyə şöbəsinə rəhbərlik edən Ramiz İsayev rayona ayrılan maliyyə vəsaitlərini amansızcasına talayır. Büdcə təşkilatlarına ayrılan əmək haqlarının hər ay faizi çatmasa, heç bir təşkilat vaxtında əmək haqqı ala bilməz. «50-dən çox ərazi icra nümayəndələri hər ay əmək haqlarının yarısını Ağcabədinin yollarında, yarısını isə Ramiz İsayevin yığımcıl maliyyə şöbəsində qoymalı olurlar. Əks təqdirdə süründürməçiliklə bir neçə gün rayonda onun-bunun qapısında qalmaqla daha artıq pul xərcləməli olurlar. Ona görə də Ramiz İsayevi bəri başdan “görməklə” işlərini asanlaşdırırlar. Laçın rayonuna hər ay yarım milyona qədər vəsait ayrılır. Bu vəsaitin ən azı bircə faizi Ramiz İsayevin dədə-malı kimi şəxsi büdcəsinə gedir. Özünün dediyinə görə, bu pullar onun əziyyətinin bəhrəsidir. Ramiz İsayev hətta Maliyyə nazirinin və icra başçısının da bu məbləğdən xəbərdar olmalarını deməkdən belə çəkinmir”.
Aydındır ki, maliyyə idarəsində mənimsənilən külli-miqdarda dövlət vəsaitləri təkcə Ramiz İsayevin cibinə girmir. Onun bu postda davamlı fəaliyyəti də mənimsənilən pullarla bölüşmək qabiliyyəti ilə təmin olunur.
Onu da qeyd edək ki, Ramiz İsayevin maliyyə maxinasiyaları bununla bitmir. Onun çeşidli pulsilmə əməliyyatları var ki, bu barədə növbəti yazılarımızda geniş bilgi verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.