Sosial (1-03-2014, 09:33)
Gədəbəyin icra başçısına qarşı yarım milyon manatlıq şübhə - YEYİNTİ VAR
DİA.AZ: - Daha bir rayonun icra başçısı ilə bağlı qəti qərar verilib. Xatırladaq ki, bu günlərdə verilən məlumatlarda bildirilirdi ki, 12 rayonun icra başçısının vəzifəsindən alınması gözlənilir. İndi isə bu heyətin tərkibi daha da genişlənib.
Hökumət içindəki məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun vəzifəsindən alınması ilə bağlı qərar verilib.
Mənbənin söylədikləri: «Ramiz Yediyarovun «vurulması» onun keçən ilin yekunları ilə bağlı verdiyi hesabatından qaynaqlanır. Belə ki, bir il ərzində təkcə dəftərxana xərclərinə 20 min manatdan artıq vəsaiti xərcləyən bir icra başçısının hesabatındakı rəqəmlər maliyyə nazirliyinin ekspertlərinə də inandırıcı görünməyib».
Mənbə iddia edir ki, Ramiz Yediyarovun verdiyi maliyyə hesabatında 537 min manat dövlət vəsaitinin xərclənmə ünvanları ilə bağlı qeyri-müəyyənlik var: «Artıq neçənci icra başçısıdır ki, bu istiqamətdə yanlış buraxır. Doğrudur, digərlərinin hesabatları məqbul hesab olunub ki, bunun da bədəli ödənilib. Amma deyəsən, Ramiz Yediyarova eyni qaydada münasibət sərgilənməyəcək».