Gündəm / Slayd (10-08-2014, 21:43)
Ucar Rayon Maliyyə İdarəsində məmur özbaşınalığı
Heç şübhəsiz ki, ölkənin iqtisadi və aqrar durumunun yüksəldilməsi yükü bölgələrdə yaşayan və işləyən insanların üzərinə düşür. Bu baxımdan, regionlarda yaranan problemləri dərhal həll etmək hər bir struktur rəhbərinin vəzifə borcudur. Amma bu gün rayonlarımızdakı problemlər demək olar ki, bitmək bilmir. Bunu deməyimizin səbəbi isə az qala hər gün bölgələrdən gələn şikayətlərdir. Demək olar ki, bölgələrdəki əksər məmurlar onlara həvalə edilən işlərdən başqa, hər şeylə məşğul olurlar. Yəni rayondakı problemləri həll etmək əvəzinə, sakinləri incidir, süründürməçiliklə məşğul olurlar. Belə ki, Ucar rayonu Maliyyə İdarəsi barədə də heç xoş sözlər deyilmir.
Deyilənə görə, Ucar Rayon Maliyyə İdarəsinə rəhbərlik edən Yusif Bəkirov özünü sözün əsl mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hesab edir. Elə bunun nəticəsidir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" Qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Ucar rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə, təftiş edilmir. Elə bu səbəbdən də, maliyyə idarəsində yer almış özbaşnalıqlardan zərər çəkən müəssisə və təşkilat nümayəndələrinin qəzəbləri və narazılıqları getdikcə artır. Ucar rayonunda bəzi idarə və müəssisələr, habelə büdcə təşkilatları yerli Maliyyə İdarəsinin rəhbərinin əlindən boğaza yığılıblar. Bu vəzifəyə təyinat aldığı gündən Yusif Bəkirov işləri elə bir yerə çatdırıb ki, bir sıra büdcə təşkilatları yaşanan özbaşınalıqları artıq dilə gətirməyə başlayıblar. Verilən məlumatlarda deyilir ki, Ucar rayon Maliyyə İdarəsinin müdiri vəzifə başına keçəndən sonra tətbiq etdiyi ilk qayda rayondakı bəzi idarə və müəssisələrin onun icazəsi olmadan işə adam qəbul etməməsi olub. Yəni, Yusif müəllim bütün qurumların rəhbərlərinə bərk-bərk tapşırıb ki, əgər belə bir addım atarlarsa, onların hər birində yoxlama aparıb, bütün faktları üzə çıxaracaq. Etiraf edək ki, bu addımın atılmasında təbii ki, hansısa qaranlıq məqamlar var. Rayonun rəhbərliyində himayədarı olan bu məmurun yuxarı dairələrdə də adamının olduğu deyilir. Hətta bildirilir ki, idarənin rəhbərliyi adından bəzi müəssisələrdə yığım həyata keçirilir. Hazırda Ucarda büdcə vəsaitlərinin insafsızcasına talan olunduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, rayon ərazisində yerləşən tarixi-memarlıq abidələrinin, eləcə də təhsil müəssisələrinin və digər obyektlərin təmir-bərpa işləri zamanı külli miqdarda dövlət vəsaiti yeyintiyə məruz qalır. Ucar Rayon Maliyyə İdarəsinin bu kimi hallara biganə yanaşdığını qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, adıçəkilən qurum rayon məktəblərinə yeni inventarların alınması adı altında külli miqdarda vəsaitin təyinatdankənar xərclənməsinə göz yumur. Hətta qış aylarında rayon məktəblərinə çatması vacib olan dizel yanacağının alınması üçün ayrılan vəsait belə mənimsənilir. Ucar Rayon Maliyyə İdarəsinin rəhbərliyi sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurmuş olur. Görünür, Ucar Rayon Maliyyə İdarəsinin rəhbərliyi kimlərəsə arxayın olduğundan, bu cür ciddi problemlərdən heç bir halda narahat olmur. Amma hər bir məmurun borcudur ki, öz vəzifəsini, ona həvalə edilən işi dəqiq və dürüst yerinə yetirsin. Gözdən pərdə asmaq üçün xırda-para işlər görüb, milyonları mənimsəməsin.
gundelik-baku