Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə "SOCAR Turkey Energy"nin baş direktoru təyin edilib.
Mediatv.az xəbər verir ki, Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən "Petkim Holding" və "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) olan və tutduğu postdan istefa verən Kənan Yavuzu əvəz edib.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olan Z.Qəhrəmanov "The University of Chicago Booth Scool of Business"də MBA dərəcəsini tamamlayıb. Fəaliyyətinə KPMG şirkətində vergi mütəxəssisi olaraq başlayan Z.Qəhrəmanov "Ernst&Young" reytinq agentliyində baş nəzarətçi, "Statoil" şirkətində bir müddət hüquq və vergi məsləhətçisi, maliyyə analitiki vəzifələrində çalışıb.
2008-cı ildən etibarən "SOCAR Trading S.A" baş maliyyə qrupuna qatılan Z.Qəhrəmanov 2013-cü ildən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, eyni zamanda "SOCAR Energy Switzerland", Trans-Adriatik Boru Kəməri (TAP) və "Neftçi" Futbol Klubu İdarə Heyətinin üzvüdür.("Report")