Cəmiyyət (9-04-2016, 20:14)
DSMF-nin bəzi şöbələrində ölən şəxslərin adlarına pul ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də artıq ödəmələrə yol verdiyi müəyyən olunub
Mediatv.az-ın məlumatına görə, keçən il Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirilən nəzarət tədbirlərinin nəticələri ilə bağlı audit həyata keçirilib.
“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Sənədə əsasən, şöbələrdə pensiyaların təyin edilməsi zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarına yol verilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, hüququ olmadan pensiyaların təyin olunması, pensiya təyinatında tələb olunan sığorta stajının və qanunvericiliklə sığorta stajına daxil olan dövrlərin, dövlət qulluqçularının dövlət məvacibinin və pensiya almaq hüququ olan ailə üzvlərinin tərkibinin, pensiya təyinatı müddətinin və məbləğinin, işləməyən əmək pensiyaçılarının baza hissəsinin üzərinə əmək qabiliyyəti olmayan ailə üzvlərinə görə əlavələrin düzgün hesablanmaması, pensiyaçıların vəfatından sonra da həmin şəxslərin adına olan hesabatlara vəsait köçürülməsi səbəblərindən artıq vəsait ödənilib.
Şöbələrin audit zamanı əmək pensiyaları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərindən (ƏƏSMM) sosial müavinət alanların adlı siyahısının üzləşdirilməsi nəticəsində ƏSMM-lər tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına artıq ödəmələrə yol verildiyi də müəyyən olunub. Belə ki, üzləşdirilmə nəticəsində əmək pensiyası hüququnun olmasına baxmayaraq, əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən vətəndaşlara sosial müavinət ödənilməsi halları aşkar olunub. Artıq ödəmənin kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində sosial müavinətlər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət üzrə müəyyən edilib.
Aparılan audit tədbirləri nəticəsində daxili nəzarət sisteminin səmərəli fəaliyyət göstərmədiyi aşkar olunub. Belə ki, auditin əhatə etdiyi dövr ərzində şöbələrdə aparılan inventarizasiyalar nəticəsində aşkar edilən artıq ödəmənin məbləği Hesablama Palatası tərəfindən aparılmış auditlər nəticəsində aşkar olunan artıq ödəmənin cəmi 3,5-ni təşkil edib. “Qeyd edilənlər nöqsanların təkrarlanma riskinin yüksək olduğunu göstərir”, Palatanın hesabat sənədində bildirilib.
Funksional fəaliyyətdə müəyyən olunan nöqsanlarla yanaşı, nəzarət tədbirləri zamanı aparatın saxlanması ilə bağlı xərclərin icrasında bəzi nöqsanlara yol verildiyi aşkarlanıb. Bir sıra hallarda qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməməsi səbəbindən nəqliyyat vasitələrinin saxlanması, əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsində artıq vəsait ödənişinə yol verilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.