Cəmiyyət / Slayd (19-03-2016, 22:13)
"Aqrolizinq" ASC milyonları sovurub - Araşdırma
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə 15.7 milyon manat məbləğində kredit verilib. Ayrılmış kreditlərin 5 milyon manatı dövlət büdcəsindən, 10.7 milyon manatı isə əvvəlki illərdə verilmiş kreditlərin qaytarılan hissəsi ilə bərpa edilib.
Mediatv.az xəbər verir ki, Dövlət büdcəsi ilə yanaşı, sözügedən xidmətə bir sıra beynəlxalq maliyyə qurumları da kredit ayırıb. Belə ki, Dünya Bankı, İFAD və İslam İnkişaf Bankı 4 layihə çərçivəsində 6.3 milyon manat mikrokreditlər və fərdi kreditlər verib. Nazirlər Kabinetinin 2015-ci il fəaliyyətinə dair hesabatını incələdikdə məlum olur ki, həmin kreditlər kənd təsərrüfatı sektoruna deyil, bölgələrdə müxtəlif tikinti-təmir işlərinə yönəldilib. Məsələn, Dünya Bankının Dövlət Xidmətinə verdiyi krediti hesabına "İkinci Kənd İnvestisiya Layihəsi", "Kənd yerlərində icma infrastrukturu" adlı layihələr maliyyələşdirilib. Hesabata görə, layihənin əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Naxçıvan zonaları üzrə 15 icma layihəsi başa çatdırılıb. Bunlardan içməli su təminatı, tibb məntəqələrinin bərpası, uşaq bağçalarının və məktəblərin təmiri, icma ərazisinin abadlaşdırılması, elektrik sisteminin bərpası və yol mikrolayihələri olub. Təhsil müəssisələrinin təmir-tikinti işi icra hakimiyyətlərinin tabeliyinə aid bir məsələdir. Hər il dövlət büdcəsindən bu istiqamətdə xeyli investisiya xərcləri, habelə xaricdən kreditlər ayrılır. Belə aydın olur ki, icra hakimiyyətləri, Təhsil Nazirliyi ilə yanaşı, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəedilməsi üzrə Dövlət Xidməti də məktəb-bağça tikintisi ilə məşğul olur.
Kənd təsərrüfatı sektorunda əsas lokomativ qurumlarından olan "Aqrolizinq" ASC-nin fəaliyyətinə gəlincə, 2015-ci ildə gəlirin xərcini ancaq ödədiyini deyə bilərik. Qeyd edək ki, "Aqrolizinq"in əsas vəzifəsi kənd təsərrüfatı istehsalçılarını tələb olunan müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr, herbisidlər və cins damazlıq heyvanlarla təmin olunması istiqamətində fəaliyyət göstərməkdir.
Hökumətin hesabatına görə, ötən il ASC-yə ümumilikdə 70.5 milyon manat dövlət tərəfindən vəsait ayrılıb. Bunun 15 milyon manatı Prezidentin Ehtiyat Fondundan, 40 milyon manatı dövlət büdcəsindən, 15.5 milyon manatı isə Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında ayrılıb. Bundan əlavə, prezidentin 2014-cü il 20 noyabr tarixli sərəncamı ilə kənd təsərrüfatı texnikasına olan ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan Cəmiyyətə 8 milyon manat, ASC-nin fəaliyyətindən əldə edilmiş təkrar istifadə vəsaitinin 40 milyon manatı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Belə ki, mineral gübrələrin dəyərinə edilən güzəştlərin 50 faizdən 70 faizə və onun dəyərinin yuxarı həddinin 80 manata qaldırılması ilə əlaqədar 46.4 milyon manat məbləğinə 95.8 min ton gübrə alınıb və onun güzəştli satışı təmin edilib.
Ötən il 5 min baş iribuyzunlu damazlıq heyvanların idxalı üçün isə Prezidentin Ehtiyat Fondu tərəfindən 15 milyon manat və ASC-nin öz büdcəsindən isə 550 min manat ayrılıb. Belə çıxır ki, 1 iribuynuzlu cins damazlıq heyvanın alışı dövlətə 3 min manata başa gəlib. Bu isə kifayət qədər böyük bir rəqəmdir. Həmin mal-qara fermerlərə 50 faiz güzəştlə lizinq yolu ilə satılıb.
"Aqrolizinq"in lizinqlərdən yığdığı vəsaitlər hesabına cəmi 76.1 milyon manat gəliri olub. Hesabata görə, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsindən 30.6 milyon manat, texnoloji avandanlıqlardan 2.02 milyon manat, mineral gübrələrin və pestisidlərin satışından 28.6 milyon manat, cins damazlıq heyvanların satışından 12.3 milyon manat, servis xidmətlərindən 2.45 milyon manat vəsait Cəmiyyətin büdcəsinə daxil olub.
2005-2015-ci illər ərzində bütün bu işlərin həyata keçirilməsi üçün isə "Aqrolizinq" ASC 1 milyard manata yaxın vəsait yönəldib.
Qeyd edək ki, ötən il prezidentin sərəncamı ilə "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Hesabatdan məlum olur ki, "kənd təsərrüfatı ili"ndə əkin sahələrinin sahəsi xeyli dərəcədə azalıb. Xüsusilə, taxıl məhsulları, meyvə-tərəvəz, pambıq sahələrinin azalması müşahidə olunur. Maraqlıdır ki, əkin sahələrinin azalmasının məhsuldarlığa təsir göstərmədiyi qeyd olunur. Əksinə, əldə olunan məhsulun həcmi 2014-cü illə müqayisədə (pambıq istisna olmaqla) artım tendensiyası müşahidə olunur. Məhz əkin sahələri azalan məhsulların idxalında da əhəmiyyətli artım müşahidə olunur. Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına görə, meyvə-tərvəzin xaricdən idxalı iki dəfə artdığı halda, hökumətin hesabatında bu məhsulların istehsalında 7 faizlik artım göstərilir. İdxalın artması və əkin sahələrinin azalması istehsalın artması barədə statistikanı şübhə altına alır.
Yeri gəlmişkən, hesabat ilində fermerlərə subsidiyaların verilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin həyata keçirilməsi, yerli at cinslərinin damazlıq özəyinin qorunması və müasir kənd təsərrüfatı texnikalarının alınması və sair tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan, "Aqrolizinq" ASC-nin fəaliyyətindən əldə olunmuş təkrar istifadə vəsaitini də nəzərə almaqla 208 milyon manat yönəldilib.
Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sektorda çalışan 5 mindən çox sahibkarlar üçün 205 milyon manat güzəştli kredit verilib.
Hökumət hesabın görülən tədbirlər nəticəsində ötən il ölkənin kənd təsərrüfatı məhsullarından asılılığını azaldığını göstərsə də, Dövlət Gömrük Komitəsinin statistikası başqa bir nəticə çıxarmağa imkan verir. DGK-nin hesabatlarından məlum olur ki, aqrar sektor üzrə idxalın həcmində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Xüsusilə, taxıl və meyvə tərəvəz idxalı kəskin yüksəlib.
Hökumətin hesabatında, habelə, göstərilir ki, "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası məqsədilə ümumilikdə dövlət büdcəsindən 914 milyon manat vəsait ayrılıb. Sənədə görə, Dövlət Proqramında nəzərdə tutulan hədəflərin 5-i üzrə göstəricilər 102-118 faiz, 6-sı üzrə isə 75-98 faiz yerinə yetirilib.
bizimyol.info