Mediatv.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 16-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsinin meydanında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sıra baxışında kütləvi informasiya vasitələrində verilmiş elana uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 870 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 112-si polisin və Daxili Qoşunların sıralarında xidmətə, 226 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Sonra namizədlər qarşısında çıxış edən nazir istər ümummilli liderimiz Heydər Əliyevin, istərsə də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını xatırladıb. O deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımlar atılır. Hazırkı tədbir də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti bariz nümunəsidir.
Daxili işlər naziri onu da qeyd edib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.
General-polkovnik Ramil Usubov gəncləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
Daha sonra daxili işlər naziri hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Novruz bayramı münasibətilə onlara Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdıran nazir hərbi qulluqçuların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb, bu istiqamətdə bəzi tapşırıq və tövsiyələrini verib, onlarla birlikdə nahar edib.