Deputat Rafail Cəbrayılova məxsus tikinti şirkətinin Bakıda daha bir vətəndaşa qarşı dələduzluq əməli üzə çıxıb.
Bakıdakı lombardlardan birinin sahibi olan Məlahət Qurbanov redaksiyamıza müraciət edərək deputatın qardaşı Elşən Cəbrayılovun “Miqom” MMC adlı tikinti şirkətinin onun etibarından sui istifadə edərək 300 min manata yaxın pulunu mənimsədiyini bildirir.
Şikayətçinin dediyinə görə hər şey ondan qaynaqlanıb ki, əvvəllər prokurorluq sistemində işləmiş, indiki tikinti biznesi ilə məşğul olan Mirəhməd Abbasov adlı şəxs onun işlətdiyi lombarda tez-tez baş çəkməyə başlayıb. Həmin şəxsin bildirdiyinə görə, onun biznesini deputat Rafail Cəbrayılov himayə edirdi, çünki Əhmədovun partnyoru deputatın qardaşının rəhbərlik etdiyi “Miqom” ASC idi. M.Qurbanov deyir ki, tikinti biznesi ilə məşğul olan həmin şəxs lombarddan vaxtaşırı olaraq pul götürürdü və vaxtında geri qaytarırdı. Nəticədə onun etibarını qazanmışdı.
Lakin daha sonra M.Əhmədov qadının etibarından sui-istifadə etməyə başlayıb və ayrı-ayrı vaxtlarda ondan 165 min manat götürərək geri qaytarmayıb. Borcun ödəniləcəyinə dair təminat olaraq o, 300 min manat dəyərində olan qeyri-yaşayış sahəsinin satın alınmasına dair müqaviləni lombard sahibinə təqdim edib. Habelə həmin məbləğin ödənildiyini təsdiq edən qəbz, Apşeron rayon icra hakimiyyətinin obyektin tikintisinə dair icazə sənədi, tikintinin layihəsi də təqdim olunub. M.Qurbanova bu sənədlərə inanaraq və tikinti şirkətinin rəhbərinin deputatın qardaşı olmasından arxayınlaşaraq zəruri məbləği (üst-üstə 300 min manata yaxın) verməyə razılaşıb. Məbləğ hissə-hissə verilib və şikayətçi deyir ki, hətta bir dəfə pul dalınca deputatın Vüqar adlı sürücüsü də gəlmişdi.
Ancaq bir müddət sonra qadın aldadıldığını başa düşüb. Şirkət onun pulunu qaytarmaqdan imtina edib, Mirəhməd Əhmədov və Elşən Cəbrayılov yoxa çıxıb. M.Qurbanova pulunu geri ala bilmədiyini görərək prokurorluq orqanlarına şikayət edib. Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi qadının şikayətini araşdırmağa başlayanda deputatın qardaşı və həmin M.Abbasov xeyli narahat olublar. M.Qurbanovdan ərizəsini geri götürməyi xahiş ediblər, pulu qaytaracaqlarına vəd veriblər. Ancaq daha sonra məlum olub ki, deputat öz əlaqələrindən istifadə edərək həmin şikayət üzrə işin bağlanmasına nail olub.
M.Qurbanova təkrar şikayət edəndə isə Baş prokurluqdan qəribə cavab alıb. Orada deyilirdi ki, bütün bu işləri törədən deputatın sürücüsü Vüqar olub. Deputatın qardaşının və digərlərinin bu işdə əli olmayıb. Üstəlik deputat və ortaqları Nəsimi rayon polis idarəsinə şikayət verdikləri üçün prokurorluq bu işə baxa bilməz. İndi M.Qurbanova prokurorlara sübut edə bilmir ki, “Miqom” şirkəti ilə bağlanmış müqavilnin, 300 min manat pulun ödənilməsinin və digər sənədlərin hansısa sürücü ilə əlaqəsi yoxdur. Üstəlik necə olur ki, deputat öz sürücüsündən hüquq-mühafizə orqanlarına şikayət etdiyi halda hələ də onun xidmətindən istifadə edir?
Xatırladaq ki, bundan əvvəl “Miqom” şirkətindən zərər çəkən lombard işçisi Osman Hacıyev də redaksiyamıza müraciət edərək deputatın qardaşının ona 52 min manatı necə “atması” haqda danışmışdı.
virtualaz.org