Cəmiyyət / Karusel (12-04-2014, 20:29)
Sabiq deputatın oğlu tutuldu
Ədliyyə Nazirliyinin Xətai Rayon Məhkəməsinin keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilib və Ş.Hüseyn Bakı İstintaq Təcridxanasına salınıb.
"Mediatv.az" xəbər verir ki, bu barədə musavat.com-a məlumat verən mənbə dedi ki, Ş.Hüseyn dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib. Şaiq Hüseyn keçmiş deputat Şadman Hüseynovun oğludur.
Bir müddət öncə Ş.Hüseynin hansı əməli törətməsi haqda mətbuatda məlumat dərc edilib.
Lent.az-ın məlumatına görə, Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib.
Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirliyin bütün şikayətləri qəbul edib qeydiyyata sala biləcək “qaynar xətt”i mövcuddur: “Ümumiyyətlə, hər hansı icraçının məhkəmə qərarına təsir etmək səlahiyyəti yoxdur. Əgər belə hal baş veribsə, istənilən şəxs nazirliyin “qaynar xətt”inə müraciət edə bilər. Həmin müraciətlər dərhal qeydiyyata alınır və müvafiq araşdırmalar başlanılır”.
Şaiq Hüseyn daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsəməkdə ittiham edilib və buna dair də ona qarşı iddia var. Bu haqda ilk olaraq “Yeni Müsavat” hələ 2010-cu ildə yazmışdı.
Ş.Hüseyn təxminən 1 il əvvəl işdən çıxıb.