Karusel (2-10-2014, 21:39)
Neft sektorunda yeni ixtisar dalğası
Şirkətin ilin sonunadək bəzi işçilərlə vidalaşacağı gözlənilir
Dövlət Neft Şirkətinin idarə və müəssisələrində yeni ixtisarlar başlayıb. Artıq Bakı Neft Emalı Zavodunda çalışan 300 işçiyə artıq bildiriş də verilib. Belə ki, işçilərə ilin sonunadək işdən çıxarılacaqları ilə bağlı bildirişlər təqdim olunub. İxtisara düşən zavod əməkdaşları arasında qadınların sayı üstünlük təşkil edir. Bir ay ərzində öz xahişi ilə işdən çıxanlara əməkhaqqının 5 misli qədər kompensasiya veriləcək. İşdən çıxmaq istəməyənlər isə ixtisara düşəcəklər və kompensasiya almayacaqlar.
Bu fikirləri «Həftə içi»nə açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, işçilərə bildiriş verilsə də, başqa iş təklif olunmayıb. Halbuki işdən çıxarılanlara digər qurumlarda iş təklif edilməlidir: “Neft Emalı Zavodu ilə yanaşı, Neft Kəmərləri İdarəsində də ixtisarların olacağı gğzlənilir. Bizdə bununla bağlı da məlumat var. Amma konkret neçə nəfərə bildiriş verildiyini deyə bilmərəm. Bu məsələdə bizi narahat edən ən böyük problem ixtisar aparılması ilə yanaşı, həm də yeni işçilərin qəbul edilməsidir. Yəni, bir yandan ixtisarlar gedir, digər yandan kənardan işçi götürülür. Doğrudur, işə götürənlərin sayı azdır, amma tanışlıqla işə düzəldilənlər var. Müraciət edənlər banklara kredit borcu olduğunu bildirir və daha çox bu borcu ödəyə bilməyəcəklərindən narahatdılar».
Mirvari Qəhrəmanlı Azərbaycan Respublikası Neft Şirkətində (ARDNŞ) ixtisarların davam edəcəyini də vurğulayıb. Onun sözlərinə görə, ARDNŞ-də kütləvi ixtisarlara bu ilin əvvəlindən başlanılıb və həmin ərəfədə şirkətin rəsmiləri bildirmişdilər ki, şirkətdə ixtisarlar davam edəcək: “Bu, onunla əsaslandırılmışdı ki, şirkət işini müasir standartlarla həyata keçirir. Yəni, qurumt müəssisələrini bu standartlara uyun olaraq qurduqca, müəyyən işçilərin ixtisara düşməsi baş verir. Biz həm ilin sonunadək, həm də növbəti ildə bu sahədə ixtisarların şahidi olacağıq».
Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da “Həftə içi”nə açıqlamasında bu sahədə ixtisarların davam edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələnin həm iqtisadi, həm də sosial tərəfləri var: «Məsələnin iqtisadi tərəfi eyni zamanda bu ixtisarların səbəbidir. Əvvəlla, iqtisadi baxımdan nə qədər təəccüblü görünsə də, şirkətdə ixtisarlara ehtiyac var və ARDNŞ bütün hallarda işçilərin sayını azaltmalıdır. Bunun izahatı sadədir: 66 min 200 işçiyə malik olan Dövlət Neft Şirkəti ildə 8.3 milyon ton xam neft və 6.9 milyard kub metr mavi qaz hasil edir. 3 min işçiyə malik olan BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan digər üzvlər ilə birlikdə ildə 35.1 milyon ton xam neft və 20.0 milyard kub metr mavi qaz çıxarır. Deməli, işçilərin sayı 20 dəfə az olan xarici şirkət ARDNŞ-ə nisbətən 4.2 dəfə çox neft, 2.9 dəfə çox mavi qaz hasil edir. Bu isə o deməkdir ki, ABƏŞ-də çalışan hər nəfər orta hesabla ildə 8.8 min ton neft, 5 milyon kub metr isə qaz istehsal edir. Adambaşına hesablanan bu göstəricilər ARDNŞ-də tamamilə fərqlidir: bizim şirkətdə hər bir nəfər orta hesabla 125 ton neft, 104.2 min kub metr mavi qaz istehsal edir. Göründüyü kimi, söhbət heç də faiz fərqlərdən deyil, dəfələrlə ifadə edilən nisbətdən gedir. Onu da nəzərə alsaq ki, ABƏŞ-də çalışanların 85.0 faizi yerli işçilərdir, deməli, xaricilər heç də “kənar qüvvələr” deyil, “daxili potensialımız” hesabına bunu edir. Yəni, ARDNŞ bu ixtisarları aparmaq məcburiyyətindədir».
Xatırladaq ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev məsələ ilə bağlı mətbuata açıqlamasında sözügedən şirkətin SSRİ dövründən qalan bir quruluş olduğunu bildirib: «Müəssisədə mənzil istismar idarəsindən tutmuş mədəniyyət evinə qədər bir çox idarələr olub. Amma istehsalat şirkətinin bu cür sahələrə sahib olmasını hətta beynəlxalq auditor təşkilatları qəbul etmir. Odur ki, tabeliyimizdə olan müəssisələr üzrə təhlil aparılır. Bu işə başlamışıq və bu, davam edəcək. Şirkətin mükəmməl beynəlxalq standartlarla işləməsi üçün müəyyən ixtisarlar aparılacaq».
İxtisar olunan işçilərə gəlincə şirkət prezidenti əlavə edib ki, həmin işçilərlə bağlı Dövlət Neft Şirkətində böyük proqram həyata keçirilir: «Bu proqrama əsasən, ixtisara düşmüş işçilər bir il müddətində yeni peşə hazırlığı keçirlər. Proqram onların yeni işə imtahan verib, yeni peşə seçərək Dövlət Neft Şirkətinə yenidən qayıtmasını nəzərdə tutur. Bir sözlə, bu proqram sayəsində onların imkanları böyüyür».