Cəmiyyət (6-12-2015, 20:15)
`Dalğa çox böyük olduğuna görə xilasedicilər köməyə gələ bilmirdi`- Platformanın rəisi
“Dalğa çox böyük olduğuna görə xilasedicilər köməyə gələ bilmirdi”.
Mediatv.az xəbər verir ki, bu sözləri Femida.az-ın xəstəxanada olan əməkdaşına qəza baş verən zaman platformanın rəisi Allahverdi Məmmədov deyib.
- Həmin gün çox küləkli idi. Bizim blokdakı cihaz küləyin sürətini təxminən 35 m/san göstərirdi. Özülün şimal hissəsində yerləşən kəmərlərdə qırılma oldu. Xətlər bir-birindən aralandı, alov püskürdü. Alov çox hündür olduğundan nə baş verdiyini anlamaq olmurdu. Nəfəs almaq mümkün deyildi. Külək Şimal-qərb istiqamətində olduğundan, tez bir zamanda platformanı alov bürüdü.
Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan A.Məmmədov daha sonra bildirib: “Hadisə günü özüldə 63 nəfər var idi. Biz insanları qayıqlara mindirərək platformanın aşağısına saldıq ki, tüstüdən xilas olsunlar. Daha sonra özüm də qayıqlardan birinə mindim. Mən olan qayıqda 27 nəfər idik. Oradakı insanların hamısı sağ-salamatdı. İşçiləri qayığa mindirəndən sonra rəhbərliyə məlumat verdik”.
Qeyd edək ki, dekabrın 4-də "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğından 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.