Mediatv.az xəbər verir ki, informasiya agentlikləri xilas edilənlərin sayı barədə hələ də ziddiyyətli xəbərlər yaymaqda davam edir. Belə ki, APA agentliyi xilas edilənlərin sayının 15-ə çatdığını bildirir. "Trend" isə artıq 20 nəfərin xilas olunması haqda məlumat yayıb. SOCAR-ın özünün rəsmi açıqlamasında isə 19 nəfərin xilas edildiyi haqda informasiya verilib.
Şirkətdən bildirilib ki, "Günəşli" yatağındakı 10 saylı platformadan təxliyyə edilməyən yalnız 5 nəfər qalıb. Digər dənizçilər isə artıq təxliyyə edilib.
"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib" - bu barədə “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Məlumata görə, xilasetmə əməliyyatlarına SOCAR və FHN-in əməkdaşları cəlb edilib. Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Hadisə baş verən vaxt "28 may" Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Halbuki bundan bundan əvvəl işçilərin sayı barədə də fərqli rəqəmlər açıqlanmışdı. Platformada 42, 84 və hətta 100 neftçinin olduğu bildirilirdi. Rəsmi qurumlar isə nə platdormada neçə neftçinin olması, nə də xilas edilənlərin sayı barədə hələ də konkret rəqəm açıqlamayıb.
Özülün rəisi Allahverdi Məmmədovdur.
* * *13:44
SOCAR-ın Xəzərdəki “Günəşli” yatağının yanan platformasında həyəcanlı və dramatik vəziyyət davam edir.
Virtualaz.org saytı xəbər verir ki, platformada yanğın zamanı nə qədər neftçinin olduğuna dair ziddiyətli mlumatlar var.
SOCAR-dan yayılan rəsmi məlumata əsasən hadisə zamanı platformada cəmi 42 neftçi olub. Onlardan neçə nəfərinin xilas edildiyi haqda hələ də dəqiq məlumatlar yoxdur.
Report.az saytı yanğınla bağlı yaradılmış fövqəladə qərargaha istinadən indiyədək cəmi 2 neftçinin xilas edildiyini və gəmiyə mindirildiyini xəbər verir.
APA agentliyi xilas edilənlərin sayının 7 nəfər olduğunu xəbər verir.
“Trend” agentliyinin məlumatında isə 5 nəfərin xilas edilməsi haqda danışılır. 10-cu platformadakı qalan neftçilərin taleyi barədə isə heç bir məlumat yoxdur.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook səhifəsində bildirib ki, onun aldığı məlumata görə, qəza zamanı 10-cu blokda 84 nəfər olub: “3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərlik xilasetmə qayığı cırılıb. Oradan yalnız 4 nəfəri xilas edə biliblər. 32 nəfər isə itkin düşüb. İkinci qayıqda 46 nəfər var. Qayıq hələ də sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb”.
Xilasetmə əməliyyatında iştirak edənlərdən birinin yaxını isə virtualaz.org saytına bildirib ki, yanğın zamanı platformada cəmi 2 rezin qayıq olub. Onların hərəsi maksimum 10 nəfər götürə bilir.
Lakin xilas olmağa çalışan neftçilər qayıqlara miniblər və bu zaman içində 36 nəfər olan qayıqlardan biri ağırlığa dözməyərək partlayıb. Həmin qayıqdan cəmi 4 nəfəri xilas etmək mümkün olub. Qalanların taleyi barədə məlumat yoxdur. Onlar itkin düşmüş hesab edilir.
Mənbə onu da bildirib ki, yaralananlar və xilas edilənlər gəmilərlə Zığ limanına gətirilir. Platformada yanğın hələ də şiddətlə davam etdiyi üçün gəmilər ora yaxınlaşa bilmir, habelə dənizdə küləyin hələ də güclü olması üzündən vertolyotlardan istifadə çətindir.
Qərargahdan isə virtualaz.org saytına deyiblər ki, mətbuata yalnız Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat verə bilər, qərargahın mətbuata açıqlama verməsinə qadağa qoyulub.