Rövnəq Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.
O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
* * * 20:54
APA-nın məlumatına görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlər davam edir.
Yanğın baş verən zaman platformada 42 nəfər olub. Hündür dalğalar yanğınsöndürmə işlərinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla təxliyə olunur. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur
* * * 20:50
“Günəşli” yatağının 10-cu platformasındakı yanğın güclü partlayışlarla müşayiət olunur.
Son məlumata görə, platformadakı neftçilərin təxliyə olunmasına başlanılıb. Neftçilər hər biri 10 nəfər tutumu olan rezin qayıqlara mindirilisə də onların platformadan aralanması mümkün deyil.
Qeyd edək ki, “28 may” Neft-Qaz Çıxarma İdarəsinə aid olan bu platforma SOCAR-a məxsusdur. Amma yatağın işlənməsi ilə BP şirkəti məşğul olur.
SOCAR da yanğınla bağlı məlumat yayıb. Şirkət bildirib ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Buna baxmayaraq hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005.
Yanğını əks etdirən fotoları təqdim edirik.
* * *19:55
“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.
SOCAR-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.
Əldə etdiyimiz son məlumata görə, platformada 84 (digər məlumata görə isə 100, başqa bir məlumatda da 63 nəfər olduğu deyilir) neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.
Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
* * *19:44
Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.
Məlumata görə, yanğın yatağın 10-cu platformasında başlayıb.
SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.
Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.