Cəmiyyət (29-08-2015, 11:48)
Rusiyada bir azərbaycanlı öldürülüb, ikisi yaralanıb
Avqustun 27-də Sankt-Peterburqun "Apraskin dvor" adlı ticarət mərkəzinin ərazisində 32 yaşlı Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən dava baş verib.
Mediatv.az "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Məlumata görə, münaqişə iştirakçıları, 28 və 31 yaşlı daha iki azərbaycanlıya bıçaq xəsarətləri yetiriblər. Zərərçəkənlər Marinski xəstəxanasına yerləşdirilib. Onlardan birinin qarın nahiyəsində daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara aşkar edilib. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İkinci həmyerlimizin vəziyyəti kafidir. Onun kürək nahiyəsində kəsilmiş yara aşkar edilib.
Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.